Ramiz Həsənov: "İnşa ediləcək dozimetrik laboratoriyaya dövlət səviyyəsində xüsusi dəstək var"

Ramiz Həsənov: "İnşa ediləcək dozimetrik laboratoriyaya dövlət səviyyəsində xüsusi dəstək var"

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) texniki əməkdaşlıq üzrə layihə rəhbəri Andrey Çupov ölkəmizə səfəri çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) olub. MAQATE rəsmisini Komitə sədri Ramiz Həsənov qəbul edib.


Komitədən SİA-ya verilən xəbərə görə, görüş zamanı MAQATE ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq əlaqələrindən danışılıb. Andrey Çupov ölkəmizə səfərinin texniki əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin mövcud vəziyyətinin müzakirəsi, 2011-2013-cü illərdə reallaşdırılacaq layihələrin icra planları və s. məqsədi daşıdığını bildirib. MAQATE-nin texniki dəstəyi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində inşa olunacaq dozimetrik laboratoriyanın mühüm əhəmiyyət kəsb etdiyini bildirən Andrey Çupov bununla bağlı rəy və təkliflərini söyləyib.


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov inşa ediləcək dozimetrik laboratoriyaya dövlət səviyyəsində xüsusi dəstəyin olduğunu qeyd edib. Görüşdə həmçinin dozimetrik laboratoriyanın inşa olunacağı yerin seçilməsi, layihənin təfərrüatları, laboratoriyada çalışacaq mütəxəssislərin hazırlanması və avadanlıqların Azərbaycana gətirilərək quraşdırılması məsələləri müzakirə edilərək hazırlanmış layihə təsdiq edilib.


Məlumat üçün bildirək ki, dozimetrik laboratoriyada ölkədə istifadə olunan dozimetrik avadanlıqların, rentgen cihazlarının və s. kalibrlənməsi həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə