Ərdoğan və Putinin danışıqlarda mövqeyi necə olacaq? ÖZƏL - AÇIQLAMA
"Danışıqlar çox ciddi və mürəkkəb bir fonda aparılacaq. Hər iki ölkə masada öz maraqlarından çıxış edəcək". Bu sözləri SİA-ya açıqlamasında Qərb Universitetinin "Siyasi Elmlər" kafedrasının professoru, siyasi ekspert Fikrət Sadıqov Türkiyə və Rusiya Prezidentləri arasında aparılacaq danışıqların əsas məğzini şərh edərkən deyib.
O bildirib ki, həm Türkiyənin, həm də Rusiyanın bu bölgədə kifayət qədər maraqları var: "Rusiyanın əsas məqsədi Bəşər Əsəd rejimini orada saxlamaq və ona dəstək verməkdən ibarətdir. Çünki, Rusiyanın Suriya ərazisində hərbi donanma bazası var və Rusiya bu bazanı əldən verməməkdə qərarlıdır. Bu Rusiyanın əsas məqsədidir. Ona Suriyada loyal bir siyasi rejim lazımdır".
Politoloq vurğulayıb ki, Suriyanın ərazisində baş verən hadisələr Türkiyəyə birbaşa təhlükə yaradır və Türkiyə bu məsələ ilə mübarizə aparmağa çalışır: "Reallıq ondan ibarətdir ki, İdlib Türkiyə sərhədlərindən 25 kilometr məsafədə yerləşir. Orada qızğın döyüşlər gedir. Həmin ərazidə Azad Suriya Ordusu Bəşər Əsədə qarşı döyüşür. Hansı ki, Türkiyə də onları dəstəkləyir. Həmin qüvvələr Əsəd rejimi tərəfindən əziyyət çəkirdilər. Türkiyə təbii ki, öz maraqları çərçivəsində onlara dəstək verir. Mübarizənin aparıldığı strateji nöqtədə Türkiyə qoşunları olmasa idi bu Türkiyənin ərazi bütövlüyünə böyük bir təhlükə yarada bilərdi. İkinci məsələ isə qaçqın problemidir. Orada yaşayan yerli əhali artıq Türkiyə ərazisinə istiqamət götürüb. Bu da yeni bir problem yaradacaq. Bu nə Türkiyəyə, nə də Ərdoğana lazım deyil.
Aydın məsələdir ki, burada ortaq məxrəcə gəlmək üçün iki əsas oyunçu arasında bir razılıq əldə olunmalıdır: Tükiyə və Rusiya arasında. İki ölkə Prezidentinin çox ciddi və mürəkkəb danışıqları gedəcək".
Fikrət Sadıqov Dağlıq Qarabağ məsələsinin də bu görüşdə müzakirə olunma ehtimalına da öz fikrini bildirib:
"Mən belə düşünmürəm. Suriyadakı vəziyyət Dağlıq Qarabağ məsələsi ilə birbaşa bağlı deyil. Bu ayrıca bir məsələdir və bu haqda paralel şəkildə danışıqlar aparıla bilməz. Bu məsələ ayrıca, konkret və müstəqil şəkildə, bizim maraqlarımıza cavab verən şəkildə müzakirəyə çıxarılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB