Salyanın su-kanalizasiya sistemi yenilənəcək

Salyanın su-kanalizasiya sistemi yenilənəcək

Salyan rayonunda genişmiqyaslı abadlıq quruculuq işlərinə start verilib. SİA-nın Aran bürosuna Salyan rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Teyyub Huseynovun verdiyi məlumata görə, quruculuq işləri ilə bağlı tədbirlər planı və layihələr hazırlanıb: "Hal-hazırda proqramın icrasına başlanıb. Şəhərin Xəlil Rza Ulutürk, Yusif Qasımov və Təbriz Xəlilbəyli küçələrində yerləşən yaşayış binalarının, mağazaların, həyət evlərinin hasarlarının fasad hissəsində təmir işlərinə başlanılaraq tarixi memarlıq üslubunda üzlük daşlarla bəzədiləcəkdir. Mərkəzi küçələrdə səliqəsiz və qurumuş vəziyyətdə olan ağaclar kəsilərək budanılır.

Eyni zamanda bayraq meydanında abadlıq işlərinə başlanılıb. Mərkəzi küçələrdə və məhəllələrdə yeni, müasir isıqlandırma sisteminin qurulması nəzərdə tutulub. Daxili yolların asfaltlaşması, yol kənarında səkilərin çəkilməsi quruculuq işlərinin sırasında olan məsələlərdəndir".

"Salyan üçün həlli vacib olan Kürün şəhərin mərkəzi hissəsində məcrasını dəyişmək və yeni su-kanalizasiya sisteminin qurulması gündəmdə olan problemlərdən biridir. Rayonun sosial-iqtisadi inkişafı istiqamətində qəbul olunan proqramların icrasına yaxın vaxtlarda başlanılacağı nəzərdə tutulub. Hazırda tikinti və quruculuq işlərinin həyata keçirilməsində 100 nəfər Salyan sakini işlə təmin edilib", T. Huseynov sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə