Prezident Ələt və Qobustan qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Sərəncam imzalayıb

Prezident Ələt və Qobustan qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Sərəncam imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. SİA-nın rəsmi mənbəyə istinadən verdiyi məlumata görə, dövlət başçısı Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:
1. Ələt və Qobustan qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı şəhərinin Qaradağ rayonu İcra Hakimiyyətinə 6,0 (altı) milyon manat, o cümlədən Ələt qəsəbəsində 32 saylı şəhər poliklinikasının yenidən qurulması üçün 1,0 (bir) milyon manat və 110 saylı ümumtəhsil məktəbi binasının əsaslı təmiri üçün 1,0 (bir) milyon manat; Qobustan qəsəbəsində 17 saylı birləşmiş şəhər xəstəxanasının yenidən qurulması üçün 2,0 (iki) milyon manat və 800 şagirdlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə