Politoloq: “Azərbaycan tərəfi nəinki Minsk qrupunun həmsədrlərindən, bütövlükdə beynəlxalq ictimaiyyət qarşısında sərt tələblərlə çıxış etməlidir” - MÜSAHİBƏ

Politoloq: “Azərbaycan tərəfi nəinki Minsk qrupunun həmsədrlərindən, bütövlükdə beynəlxalq ictimaiyyət qarşısında sərt tələblərlə çıxış etməlidir” - MÜSAHİBƏ

- BMT Liviyaya qarşı 1973 saylı qətnamə qəbul etdi və icrasına başlanıldı. Lakin BMT Dağlıq Qarabağla bağlı 4 qətnamə qəbul etsə də hələ də icra olunmur buna səbəb nədir?

- Təbii ki, dəfələrlə Azərbaycan cəmiyyətində bu barədə fikirlər söylənilib, beynəlxalq ictimaiyyətin məsələ ilə bağlı qeyri-səmimi ikili standartlar nümayiş etdirilməsi dilə gətirilib, bəyanatlar verilib. Bir məqamı nəzərinə çatdırım ki, BMT-nin 1973 saylı qətnaməsində Liviya ərazilərinə koalisiya qüvvələrinin yeridilməsi nəzərdə tutulmur. Orada əsas diqqətə çatdırılır ki, dinc vasitələrlə insanların hüquqlarının, sağlamlıqlarının qorunması barəsində tədbirlər həyata keçirilməlidir. Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin 4 qətnaməsi var və bu qətnamələr Azərbaycan torpaqlarının açıq şəkildə işğal olunduğu, insanların kütləvi şəkildə soyqırıma məruz qaldığı bir halda və öz doğma yurd-yuvalarından məcburi şəkildə köçürüldükləri halda qəbul olunub. Həmin qətnamələrin bəndində konkret atılacaq addımlar göstərilirdi. Amma bu günə qədər o qətnamələrə biganə münasibət bəslənilir. Yəni Azərbaycanın o qətnaməyə uyğun olaraq haqlı mövqeləri müdafiə olunmalı, tapdanmış hüquqları bərpa olunmalı idi. Lakin bu gün biz bunu görmürük . Buradan belə bir məntiqi nəticə çıxır ki, ABŞ və Avropanın aparıcı dövlətləri maraqlarına uyğun gəldiyi təqdirdə istənilən addımı çox böyük sürətlə atmağa hazırdılar. Lakin onlar üçün maraq kəsb etməyən məqamlar da digər xalqların tapdanmış hüquqları, ərazilərinin işğal edilməsi onlar üçün maraqlı deyil və bunlar nümayiş etdirirlər ki, özlərinin ən nüfuzlu təşkilatlarının çıxardığı qərarlara maraqlarından asılı olaraq hörmətlə və ya hörmətsiz yanaşa bilərlər. Əgər bu gün Liviyada koalisya qüvvələrininin əməliyatlar aparması ABŞ və Avropa ölkələrinin maraqlarına cavab verirsə, ermənilərin Azərbaycan ərazilərindən çıxarılması və qaçqınların məcburi köçkünlərin öz yurd yuvalarına qaytarıılması, orada əhalinin təhlükəsizliyinin təmin olunması ABŞ üçün nəinki prioritet deyil, ümumiyyətlə maraq kəsb etmir. Bu da Azərbaycan cəmiyyətində həmin dövlətlərə, ümumiyyətlə, münaqişənin tənzimlənməsi ilə məşğul olan qurumlara inamı azaldır, onların səmimiliyini şübhə altına alır. Bu baxımdan mən belə fərq qoyulmasını qətiyyətlə pisləyirəm. BMT-nin qətnaməsi qəbul olunursa mütləq icra olunmalıdır.

 

- Erməni ekspertləri BMT tərəfindən qəbul olunan qətnamələrdə Dağlıq Qarabağın ərazisinin işğaldan azad olunması ilə bağlı tələbinin olduğunu təkzib edirlər. Onlar bildirirlər ki, həmin qətnamələrdə bununla bağlı heç bir tələb qoyulmur. Bu cür fikirilərin səslənməsinin arxasında nə dayanır, həqiqətənmi həmin qətnamələrdə bu cür tələblər yoxdur?

- Nəzərinzə çatdırım ki, erməni ekspertlərinin bu cür fikirlər səslənidirməsi mümkündür. Ona görə ki, BMT-nin məlum qətnaməsi o qədər "ustalıqla" tərtib olunub ki, orada işğalçının kimliyi göstərilməyib. Bütün qətnamələrdə sadəcə olaraq bu cür işğalçılıq siyasəti pislənilir, deyilir ki, işğal olunan ərazilər boşaldılmalıdır. Lakin qətnamələrdə torpaqların kim tərəfindən işğal olunması göstərilməyib. Təbii ki, Ermənistan burada məqsədli şəkildə məsələlərdən kənarda qoyulur. Belə olan halda, deməli, bu məsələrlə bağlı ermənilərin manevr etmək imkanları var. Bununla da Ermənistan "müqəddaratı uğrunda mübarizə aparan" subyekt kimi təqdim etmək imkanı qazanır. O qətnamələrin özü də tam ədalətli, obyektiv qətnamələr deyil. Onlar da qəti şəkildə göstərilməliydi ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri boşaldılmalıdır. Burada ermənilərə və qətnaməni qəbul edən ölkələr üçün manevr imkanı qoyulub. Lakin nəzərinizə çatdırım ki, 2008-ci ilin martında BMT Baş Assambleyasında Azərbaycanın işğal olunumuş ərazilərinə dair qətnamə qəbul olunmuşdu. Həmin o qətnamədə nəhayət ki, konkret şəkildə göstərilirdi ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri qeyd-şərtsiz boşaldılmalı və digər proseslər reallaşdırılmalıdır. Göründüyü kimi, bu cür bəyanatlar olduğu halda da Ermənistana qarşı heç bir addımlar atılmır. Bu onu göstərir ki, bu gün bizim vəziyyətimizə, ərazilərimizin işğal olunmasına, ölkəmizdə qaçqın və məcburi köçkün olmasına baxmayaraq məlum dövlətlər çox biganə mövqe nümayiş etdirirlər. Bu da ondan irəli gəlir ki, həmin dövlətlər bu prosesdən iqtisad baxımdan heç nə əldə etmirlərsə, bu məsələlərin gerçəkləşməsi istiqamətində hər hansı bir addım atmaqda maraqlı deyillər. ABŞ və Avropa dövlətləri sırf iqtisadi maraqlardan çıxış edərək bu və ya digər fəaliyyət gerçəkləşdirirlər.

 

- Ermənistanın Xocalı aeroportunu rekonstruksiya edərək qanunsuz uçuşlar həyata keçirmək istəməsini, üstəlik ilk sərnişinin Serj Sarkisyan olmasını necə şərh edə bilərsiniz?

- Hər şeydən öncə nəzərinzə çatdırım ki, beynəlxalq hava nəqliyyatı haqda qanunlar var və Ermənistan tərəfinin fəaliyyəti həmin o qanunun maddələri ilə ziddiyyət təşkil edir. Bu gün dünyanın aparıcı ölkələri , beynəlxalq ictimayyət bütövlükdə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edirlər və Azərbaycanın ərazi bütövlüyü təbii ki, Dağlıq Qarabağ da daxil olunmaqla nəzərdə tutulur. Hazırda Dağlıq Qarabağın Ermənistanın işğalı altında olmasına baxmayaraq, Azərbaycanın hüququ əraziləridir. Işğal olunmuş torpaqların hüquqi statusu var və o statusa görə Dağlıq Qarabağ Azərbaycanın əraziləridir. Belə olan təqdirdə Azərbaycan ərazilərində dövlətimizin icazəsi, nəzarəti olmadan hava məkanından hər hansı bir hərəkət qadağandır. Bu ölkəmizin birbaşa iştirakı və nəzarəti altında həyata keçirilməlidir. Təbii ki, Ermənistan prezidentinin atdığı addımlar həmişə olduğu kimi, bu dəfə də beynəlxalq hüquqla böyük ziddiyyət təşkil edir. Azərbaycan tərəfi ilk növbədə ATƏT-in Minsk qrupu həmsədrləri qarşısında qəti tələblə çıxış etməlidir. Özünüz bilirsiniz ki, onlar bu yaxınlarda yenidən regiona səfər edəcəklər. Dünya ictimaiyyətinə çatdırılmalıdır ki, bu kimi halların baş verməsi, bütövlükdə hər hansı bir nəticə əldə olunacağına bizi inandırdıqları danışıqlar prosesinə böyük zərbə vurur. Təbii ki, bu gün danışıqlar prosesinə inam əhəmiyyətli dərəcədə itib, bu gün Azərbaycan cəmiyyətində müharibə variantına üstünlük verilir. Belə məqamlar məsələnin sülh yolu ilə həllini çətinləşdirir. Bu baxımdan beynəlxalq ictimaiyyət regionda təhlükəsizlik istəyirlərsə, Ermənistana gecikmədən təsir göstərməlidirlər. Bu kimi halların qarşısını almağa çalışmalıdırlar. Regionda Avropanın, eyni zamanda ABŞ-ın enerji təhlükəsizlyi ilə bağlı maraqları var və onlar ən azından öz maraqlarına hər hansı bir xələlin gəlməməsi üçün Ermənistana təsir etməlidirlər. Xocalı aeroportunun ermənilər tərəfindən yenidən inşa edilməsi yolverilməzdir. Konkret olaraq buna qarşı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Mən hesab edirəm ki, Azərbaycan tərəfi bu gün əlindən gələni edir, buna qarşı diplomatik addımlar atır. Kifayət qədər təsir imkanlarına malik olan ölkələr, bu gün Liviyada hərbi əməliyyatlar aparan ölkələr bu istiqamətdədə əməli fəaliyyət göstərə bilərlər. ABŞ-ın Liviyada apardığı hərbi əməliyyatların xərci yarım miyardı keçməkdədir. Bəs ABŞ tərəfdən bu istiqamətdə niyə addımlar atılmır? Azərbaycan tərəfi nəinki ATƏT-in Minsk qrupunun həmsədrləri, bütövlükdə beynəlxalq ictimaiyyət qarşısında sərt tələblərlə çıxış etməlidir. Xüsusilə də Sarkisyanın Xankəndinə səfəri və orada tikilən aeroportla bağlı.

 

- Qeyd etdiyiniz kimi həmsədrlərin regiona səfəri gözlənilir. Bu səfəri sıradan bir səfər kimi adlandırmaq olarmı?

- Geosiyasi ab-hava onu göstərir ki, bu dəfəki səfər sıradan bir səfər kimi, keçiriləcək danışıqlar da sıradan bir danışıqlar kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun fəaliyyətindən pozitiv nəsə söyləmək çətindir.

 

- Son dövrlər ərəb ölkələrində və digər hadisələr Dağlıq Qarabağ məsələsini arxa planda qoyub. Bu prosesim bir qədər də uzanmasına gətirib çıxara bilərmi?

- Ümumiyyətlə, dünyanın geosiyasi vəziyyətində əhəmiyyətli dəyişikliklər müşahidə olunmalıdır. Biz arzu edirik ki, bu il münaqişənin tənzimlənməsinin sonuncu ili olsun. Nəhayət bu məsələlərə aydınlıq gətirilsin, Azərbaycanın ədalətli mövqeyi dəstəklənsin, ölkəmiz itirdiklərini geri qaytarsın. Amma bu gün müşahidə olunan məqamlar onu göstərir ki, məsələyə təsir imkanına malik olan qüvvələr prioritet məsələlərlə məşğuldurlar. Rusiyanın məsələlərdə fəallığının artması, hesab edirəm ki, hardasa müəyyən ümidlər yarada bilər. Çünki Rusiya hər zaman postsovet məkanında özünün maraqlarının daha dərindən təmin olunmasına çalışır və təbii ki, postsovet ölkələri ilə Rusiya arasında əvvəlki kimi sıx əlaqələrin yaranması isti münasibətlərin formalaşması, Rusiyanın həmin ölkələrlə bağlı atacağı addımlardan çox asılıdır. Bu gün Qafqazda ən ağır məsələ Ermənistanın Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir və regionun təhlükəsizliyi də birbaşa bu məsələlərdən asılıdır. Rusiya özünün cənub sərhədlərində təhlükəsizlik, stabil Cənubi Qafqaz görmək istəyirsə təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində təxirəsalınmaz addımlar atmalıdır. Bu baxımdan ümidlər var ki, Ermənistana ən böyük təsir təsir etmək imkanı olan ölkə - Rusiya nəhayət ki, hər hansı bir addım atacaq. Hesab edirəm ki, ərəb dünyasında gedən proseslər Rusiyanı yuxudan oyatmış olmalıdır. Çünki bu münaqişələrin mövcud olması Rusiyaın regionda maraqlarına ziddir. Eyni zamanda Ermənistanın da daim münaqişə vəziyyətində qalması Rusiyanın gec-tez Ermənistanın da əldən çıxmasına gətirib çıxaracaq. Çünki Ermənistanda sosial-iqtisadi vəziyyət acınacaqlı haldadır. Belə olan halda Rusiya Ermənistana təsir edəcəkdir. Ona görə ki, Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması istiqamətində Ermənistana real təsir etmək imkanına malik yeganə ölkə Rusiyadır, bu sirr deyil. Biz nə gözləyiriksə, Rusiya tərəfindən gözləməliyik.

Bütün xəbərlər Facebook səhifəmizdə