Parlament seçkiləri YAP-ın xalq arasında nüfuzunu bir daha göstərdi
2020-ci il YAP-ın tükənmiş müxalifət üzərində növbəti möhtəşəm qələbəsi
9 fevral parlament seçkiləri yüksək səviyyədə başa çatdı. Seçkilərin belə yüksək səviyyədə keçməsi üçün Azərbaycan dövləti mümkün olan hər bir şeyi etmişdir. Çünki hər bir demokratik ölkənin ictimai-siyasi həyatındakı ən mühüm hadisələrdən biri seçkilərdir və seçkilərin ədalətli, şəffaf, azad şəraitdə keçirilməsi həmin ölkədə cəmiyyətin demokratik mühitinin yüksək olmasını təsdiqləyir. Bu da, bir real faktordur ki, bu gün Azərbaycanda vətəndaşların seçki hüquqları yüksək səviyyədə təmin olunur. Ümumiyyətlə, hər dəfə seçki keçirilərkən, Azərbaycan dövləti və xalqı sanki bir hesabat verir. Yəni ötən illərdə qazanılmış uğurlar, nailiyyətlər yenidən yada salınır və qiymətləndirilir. Təbii ki, seçkilərdə namizəd qismində iştirak edən insanlar da öz seçki platformalarını irəli sürməklə vətəndaşların mənafeyini, maraqlarını ifadə edən məsələləri əks etdirmək və onların həlli yollarını göstərmək üzərində düşünürlər. Bunun nəticəsidir ki, 1993-cü ildən bəri ölkədə keçirilən bütün seçkilərdə iştirak edən və qalib gələn YAP Azərbaycan xalqının ümid yerinə çevrilib və onun etimadını doğruldub. Xalq növbəti dəfə də layiqli və güclülərə - Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verdi. Bu qələbəni təmin edəcək əsas amil isə Prezident İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti və xalqın iqtidara olan sarsılmaz etimadıdır. Çünki ötən dövrdə dövlət başçısının gərgin və şərəfli fəaliyyəti nəticəsində, Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib və ölkəmiz regionun lider dövlətinə çevrilib. Həyata keçirilmiş məqsədyönlü siyasət, uğurla davam etdirilən sosial-iqtisadi islahatlar, möhkəm ictimai-siyasi sabitlik sürətləndirilib, dinamik iqtisadi inkişaf həm gənclərimizin, həm də bütün xalqımızın xoşbəxt gələcəyə inamını daha da artırıb.
Möhkəm dayaqlara söykənən xalq-iqtidar birliyi
Bütün uğurlar, məhz möhkəm dayaqlara söykənən xalq-iqtidar birliyindən irəli gəlir. Azərbaycanda xalqla iqtidarın elə bir birliyi var ki, heç kim, heç bir qüvvə bu sabitliyi pozmaq, bu birliyi sarsıtmaq gücündə və qüdrətində deyil! Xalqımız da yaxşı bilir ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun alternativi yoxdur! Azərbaycanda ictimai-siyasi durum sabit olduğu qədər də fəaldır və ölkədə davamlı hal olan sosial-iqtisadi inkişafa adekvat olaraq, demokratik dəyərlərin də ən müasir prinsipləri əsasında möhkəmlənir və güclənir. Bütün bunlar, bir daha təsdiq edir ki, YAP-ın daim uğur qazanmağa həm mənəvi haqqı, həm böyük xalq etimadı, həm də əsaslı siyasi imkanları var.
Unudulmuş və uduzmuş radikal müxalifət
Bütün seçkilərdə unudulan və uduzan dağıdıcı müxalifət 9 fevral parlament seçkiləri bitməmiş, artıq düşərgədə ziddiyyətli proseslər getdikcə kəskinləşməyə başlayıb. Bir tərəfdən radikal "lider"lər bəyan edirlər ki, bəs seçki qurtarsa da, biz qalib gələcəyik, digər tərəfdən isə, əsassız ittihamlar və böhtan deməkdən usanmırlar. Ən gülünc hal isə odur ki, bu bədbəxtlər, həmişə o qədər xam xəyallarla yaşayıblar ki, indi də adət etdikləri vərdişdən əl çəkə bilmirlər. Lakin baş verən proseslər onu göstərir ki, dağıdıcı müxalifətdən başqa şey də ummaq olmaz. Çünki bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də radikal müxalif partiya namizədləri ölkədə yaradılmış demokratik şəraitdən yararlanmaq və seçicilərin etimadını qazanmağa çalışmaq əvəzinə, məğlubiyyətlərinə həmişə əvvəldən bəhanə axtarmaqla məşğul olublar. Elə buna görə də, böyük məğlubiyyətlə üzləşən radikal müxalifət düşərgəsinin təmsilçiləri, adətləri üzrə, yenə də uğursuz şəkildə seçkilərin nəticələrinə kölgə salmağa çalışırlar. Ancaq bilmək lazımdır ki, demokratiya seçkilərin ədalətli və şəffaf keçirilməsi ilə bir şəxsin istənilən dairədən lazım olan uğuru qazanmaması ilə ölçülmür. Əgər imzatoplama kampaniyasının gedişində uğursuzluğa düçar olduğunuz halda, utanmadan yenidən seçkiyə qatılmağınız həyasızlıq deyilmi? Belələrindən soruşmaq lazımdır ki, bir siyasi-ictimai qurumun rəhbəri kimi siz nə etmisiniz ki, indi də havalı-havalı danışırsınız?
Düşərgənin uğursuzluğunun suçu siyasi arenanı tərk etmək istəməyən ənənəvi müxalifət liderlərinin özündədir. Artıq bu həqiqət düşrgənin öz daxilində dərk edilir və ara-sıra dilə gətirilir. Maraqlıdır ki, dağıdıcı müxalifət liderlərinin tənqidi elə düşərgənin öz içindən, liderlərə yaxın şəxslər tərəfindən səslənir. Əsas problem ondadır ki, özlərini müxalifət adlandıran siyasi partiyaların sosial dayaqları tükənib və bu gündən - sabaha güman da qalmayıb. Çünki unudulmuş və uduzmuş radikal müxalifət 9 fevral seçkilərində xalq tərəfindən birdəfəlik arxivə atılıb.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB