"Seçki prosesi demokratik və şəffaf şəkildə həyata keçirilir” - Məntəqə sədri - VİDEO

"Seçki prosesi demokratik və şəffaf şəkildə həyata keçirilir” - Məntəqə sədri - VİDEO

29 saylı Səbail rayonu Seçki Dairəsinin 132-134 saylı məktəblərdə yerləşən 4 və 5 saylı seçki məntəqələrində seçki prosesi seçici fəallığı ilə müşahidə olunur. SİA xəbər verir ki, bu məntəqələrdə də yerli və xarici müşahidəçilər prosesi izləyiblər.

MDB-nin parlament assambleyasının baş katibi Dmitri Kaibitski və qurumun digər müşahidəçiləri - Sadiq Soqoyev, Koziak Yuiken seçki məntəqəsinə gələrək, seçicilərin səsverməsini izləməklə yanaşı, məntəqədə yaradılmış şəraitlə maraqlanıblar. Onlar veb kameraların quraşdırılmasını, eləcə də barmaqlara xüsusi mürəkkəbin vurulmasını prosesin şəffaf keçirilməsi ilə əlaqələndirərək deyiblər ki, bu seçkilər digər ölkələrdə keçirilən seçkilərə örnək sayıla bilər. Xarici müşahidəçilər parlament seçkilərinin uğurla başa çatacağına əminliklərini ifadə ediblər.

4 saylı məntəqənin sədri Sara Xanlarova bildirib ki, seçicilər səhər saat 8:00-dan etibarən rayon ərazisində fəaliyyət göstərən məntəqələrə gələrək, azad və şəffaf şəkildə səsvermədə iştirak edirlər. Eləcə də, yerli və xarici müşahidəçilər üçün seçki prosesini izləməyə bütün şərait yaradılıb. “MSK tərəfindən seçicilər üçün bütün şəraitin yaradılması, seçkilərin Seçki Məcəlləsinə uyğun həyata keçirilməsi də sübut edir ki, bu proses demokratik və şəffafdır”, deyə məntəqə sədri bildirib.

Rəfiqə Kamalqızı

Rövşən Rəsulov

Bütün xəbərlər Facebook səhifəmizdə