Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

Qanlı 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi bəyanat yayıb. SİA-nın verdiyi məlumata görə, bəyanatı İctimai Birliyin sədr müavini, professor Elçin Əhmədov şərh edərək bildirib ki, 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan ermənilərin Dağlıq Qarabağa dair əsassız ərazi iddiaları, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki tarixi torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

Heç şübhəsiz ki, 1990-cı il yanvarın 20-də Bakıdakı qanlı faciə Qarabağdakı erməni təcavüzü ilə eyni vaxtda baş vermiş və bu hadisələr bir-biri ilə sıx bağlı idi. XX əsrin 80-ci illərinin sonunda ermənilər "böyük Ermənistan" ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər.

Qeyd etmək lazımdır ki, hələ sovet dövründə erməni ideoloqları və onların himayədarları Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar. Eyni zamanda, 1988-ci il fevralın 18-də M.Qorbaçovun SSRİ-də milli münasibətlər məsələsinə yenidən baxılmasının vacibliyini bildirməsi vəziyyəti daha da gərginləşdirdi. Bu çıxışdan istifadə edən ermənilər fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyasında "DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri qarşısında vəsatət qaldırmaq barəsində" qanuna zidd qərar qəbul etdilər. Bu dövrdə Ermənistandan qovulan azərbaycanlıların bir qismi Sumqayıta üz tutmuş, burada məskunlaşmışdı. O zamanadək Ermənistanın 20 rayonundan təkcə Sumqayıta 18 min 330 nəfər qaçqın və ya 3030 ailə gəlmişdi. Sıralarında 4 rus ailəsinin olduğu qaçqınların çoxu küçələrdə evsiz-eşiksiz qalmışdı. Yaranmış gərgin şəraitdə, ermənilər tərəfindən qabaqcadan hazırlanmış plan əsasında və onların bilavasitə iştirakı ilə fevralın 28-29-da Sumqayıtda kütləvi iğtişaşlar törədildi. Sonradan istintaqla müəyyən edilmişdir ki, iğtişaşların təşkilatçılarından biri milliyyətcə erməni Eduard Qriqoryan və onun rəhbərlik etdiyi qrup iğtişaşlar zamanı daha çox qəddarlıq edərək 6 ermənini qətlə yetirmişdir.

1988-ci il sentyabrın 18-də DQMV-də xüsusi vəziyyət elan edildi və qadağan saatı qoyuldu. Lakin xüsusi vəziyyətin tətbiq olunması da DQMV-də və Ermənistanda zorakılığın qarşısını ala bilmədi. Mərkəzi ittifaq orqanlarının hadisələrə birtərəfli yanaşması nəticəsində Dağlıq Qarabağ və Ermənistanda yaşayan azərbaycanlılar, etnik təmizləmə və təcavüzə məruz qalmaqla yanaşı, kütləvi şəkildə öz doğma yurdlarından məcburən köçkün düşdülər.

Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, 1990-cı ilin yanvar ayında Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı il yanvarın 20-də qanlı faciəyə gətirib çıxardı.

1990-cı il yanvarın 19-da SSRİ Ali Sovetinin sədri M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin "Alfa" qrupu tərəfindən yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı və xalqımız baş verən hadisələrdən xəbərsiz qalması üçün informasiya blokadasına salındı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Belə ki, artıq yanvarın 20-də 131 insan öldürülmüş (onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar olmaqla), 744 adam ağır xəsarət almış, 4 nəfər itkin düşmüş. 400 nəfər isə həbs edilmişdir. Beləliklə, sovet qoşunlarının Bakıya və Azərbaycanın digər rayonlarına hərbi müdaxiləsi nəticəsində öldürülən insanların sayı rəsmi olaraq 147-ə çatmışdı.

Həmin qanlı hadisə ilə əlaqədar beynəlxalq hüquq-müdafiə təşkilatı olan "Şit" ekspertlərinin hesabatında deyilirdi ki, adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur; xəstəxanalar, "təcili yardım" maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür; adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var idi. "Kalaşnikov" avtomatının ağırlıq mərkəzi dəyişən, qadağan olunmuş 5,45 çaplı güllələrindən istifadə edilmişdir.

Bakıya hərbi müdaxilə zamanı 1948-ci ilin İnsan Hüquqları haqqında Bəyannaməsi, 1975-ci ilin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM – hazırda ATƏT) Helsinki Yekun Aktı, ATƏM-in 1989-cu il Vyana görüşünün son qərarı (fövqəladə vəziyyətdə və hərbi münaqişələr zamanı qadın və uşaq hüquqlarının müdafiəsi Bəyannaməsi), xüsusilə 1980-ci ilin döyüş zamanı yüngül fırlanan və yayılan güllələrin istifadə edilməməsinin Bəyannaməsi də daxil olmaqla qüvvədə olan bütün İnsan Hüquqlarına əsaslanan beynəlxalq müqavilələr kobudcasına pozulmuşdur.

Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıya hərbi müdaxiləsi zamanı yalnız ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmiş, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın əməliyyatını qətiyyətlə pisləmişdi. 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdıqdan sonra, 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi haqqında Fərman verdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

Qanlı 20 Yanvar hadisələrinin 30-cu ildönümündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən artıq azərbaycanlıları dünya birliyindən 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsini tələb edirik. Bununla yanaşı, Ermənistanın Azərbaycana təcavüzü qanlı 20 Yanvar faciəsinə aparan yolun tərkib hissəsi və başlanğıcı idi. XX əsrin sonunda başlayan Ermənistanın əsassız ərazi iddiaları və işğalçılıq siyasəti artıq 30 ildir dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir.

XX əsrin sonunda 1988-1992-ci illərdə Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Dağlıq Qarabağda azərbaycanlılar yaşayan 30-dan çox yaşayış məntəqəsinı işğal etmiş, 1992-ci il fevralın 26-da bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olmuşdur. Nəticədə, monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində 1992-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları zəbt edilib və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ermənistanın hərbi təcavüzü nəticəsində bu ərazilər etnik təmizləməyə məruz qalıb, Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlı əhali öz doğma torpağından məcburən köçkün düşüb. Bütün dövrlərdə olduğu kimi, 1988-1993-cü illərdə Ermənistanın həyata keçirdiyi bu işğalçılıq siyasəti nəticəsində 20 min azərbaycanlı həlak olub, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub.

Biz beynəlxalq ictimaiyyətdən tələb edirik ki, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və XX əsrin sonunda keçmiş sovet rəhbərliyinin törətdiyi və bütün İnsan Hüquqlarına əsaslanan beynəlxalq müqavilələri kobudcasına pozan bu qanlı cinayətin - 20 Yanvar hadisələrinin icraçıları cəzalandırılsın. Bununla yanaşı, pozulmuş hüquqlarımızın bərpa olunması üçün Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ və onun hüdudlarından kənarda yerləşən bölgələrdə törətdiyi cinayətkar əməllər beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə