Qəddafi geri addım atır?

Liviya hökuməti üsyançılarla dialoqa hazır olduğunu bəyan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, belə bir təkliflə Afrika Birliyinin ötən gün Efiopiyanın paytaxtı Ədis-Əbəbə şəhərində keçirilən iclasında Müəmmər Qəddafinin rəhbərlik etdiyi Liviya hökuməti çıxış edib. İclasa qatılan Liviya heyətinin üzvü, keçmiş baş nazir Abdulati Əl-Übeydi Qəddafi hökumətinin böhranın həlli üçün Afrika Birliyinin təklif etdiyi yol xəritəsini həyata keçirməyə hazır olduğunu ifadə edib.

 

Bəzi xarici ekspertlərin bildirdiyinə görə, Qəddafinin geri addım atması koalisiya qüvvələrinin hakimiyyət tərəfində olan ordunu sıxışdırmasından irəli gəlir.

 

Qeyd edək ki, martın 17-də BMT Təhlükəsizlik Şurası Qəddafi qüvvələrinə qarşı xarici hərbi əməliyyatın aparılmasını nəzərdə tutan qətnamə qəbul edib. Əməliyyatlara martın 19-da başlanıb. Liviyaya dəqiq aviazərbələrin endirilməsində ABŞ, Böyük Britaniya, Fransa və digər ölkələr iştirak edirlər. Liviya hakimiyyətinin məlumatına görə, koalisiya qüvvələri tərəfindən ölkə ərazisinə zərbələr endirilməsi nəticəsində artıq 60-dan çox insan həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə