"2019-cu ildə Azərbaycan uğurla inkişaf edib" ŞƏRH - ÖZƏL

"2019-cu ildə Azərbaycan uğurla inkişaf edib" ŞƏRH - ÖZƏL

“Prezident İlham Əliyevin yerli media nümayəndələrinə müsahibəsində söylədiyi kimi 2019-cu ildə Azərbaycan çevik və düşünülmüş xarici siyasəti ölkəyə böyük uğurlar gətirib” .Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib.

O bildirib ki, ölkə başçısının da qeyd etdiyi kimi cari ildə Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi nailiyyət əldə olunmasa da, amma bu bizdən asılı olmayan məqamdır: “Çünki Ermənistan bu il də qeyri-konstruktiv siyasətini davam etdirərək, müxtəlif ziddiyətli bəyanatlarla il ərzində çıxışlarla yadda qalıb. Eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrləri də bu il ərzində işğalçı ölkəyə nə təzyiq, nə təsir göstərmədilər ki, bunun özü də Ermənistanı özünü “həyasız” şəkildə aparmağa şərait yaratdı”.

Politoloq söyləyib ki, bu il Azərbaycanın qonşu ölkələrlə əlaqələri qarşılıqlı anlaşma, hörmət, maraqlar və bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulub: “Bu inkişaf gələn il də davam edəcək. Çünki, biz regionda təhlükəsizlik məsələlərinə və dövlətlərlə çoxtərəfli münasibətlərə önəm veririk. Azərbaycan Qərb, Avropa və digər ölkələrlə müsbət münasibətə malik olmaqla yanaşı, müxtəlif layihələr reallaşdırır”.

F.Sadıqov qeyd edib ki, bu il əldə edilən başlıca uğurlardan biri Azərbaycanın donor ölkəyə çevrilməsidir: “Artıq Azərbaycan özü digər ölkələrə borc verir: “Bu il ölkəmizin Rusiya ilə münasibətlərində də mühüm irəliləyişlərin olduğunu deyən politoloq söyləyib ki, həm Prezident İlham Əliyevin, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiyaya səfərləri və orada keçirilən görüşlər iki ölkə arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu bir daha sübut edir: “Azərbaycan tam əminliklə sülhməramlı siyasət yürütdüyünü deyə bilər. Ölkəmizin Dünya Birliyində yer və rolu möhkəmlənir, ölkəmizlə müxtəlif məsələlərdə hesablaşılır, bir sıra qarşılıqlı səfərlər həyata keçirilir. Yüksək səviyyəli beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin xarici siyasət uğurlarından xəbər verir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə