Azərbaycanda mülki şəxslər şəxsi təyyarə ala biləcəklər

Azərbaycanda mülki şəxslər şəxsi təyyarə ala biləcəklər

Azərbaycanda mülki şəxslərə hava nəqliyyatı vasitələrinin idarə olunmasına icazə verilməsi hazırda mövcud olan "Aviasiya haqqında" qanunda nəzərdə tutulmayıb, amma hazırda buna tələbat olduğundan xarici dövlətlərin bu sahədəki təcrübəsi öyrənilir və yaxın vaxtlarda bununla da məşğul olunacaq. SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) direktoru Arif Məmmədov bildirib.

 

Onun sözlərinə görə, hazırda Nazirlər Kabinetində "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı" hazırlanır və bu yaxında təsdiq olunması gözlənilir: " Hüquqi məsləhətçi olan ABŞ-ın "Bigs Group" şirkəti ilə mülki aviasiya təhlükəsizliyinə aid bütün sənədlər beynəlxalq standartlara uyğun hazırlanır. İşlər bu ilin sonuna qədər başa çatdırılacaq. Eyni zamanda təyyarə və ya vertolyotu almaq üçün hava limanlarının imkanlarına baxılacaq. Hava limanının onu saxlamaq, dayanacaq vermək, yanacaqla təmin etmək imkanı nəzərdən keçiriləcək. Misal üçün çəkisi 600 kiloqramdan ağır olan uçuş cihazları üçün şərtlər daha sərt olacaq. Özəl pilot məktəblərinin Azərbaycanda açılması ilə bağlı təkliflər irəli sürülür, lakin əvvəlcə ümumi aviasiyanın istifadə qaydaları təyin olunmalıdır".

 

"Azərbaycan Hava Yolları"nın öz parkını yenilədiyini deyən administrasiya rəhbəri hazırda AZAL-ın bütün təyyarələrinin müasir olduğunu vurğulayıb: "Son vaxtlar "Airbus" markalı 4 təyyarə alınıb, 2 "Boing 767" təyyarəsinin gətirilməsi gözlənilir. Bu təyyarələr bütün standartlara uyğundur".

Bütün xəbərlər Facebook səhifəmizdə