"Azərbaycanın 40 illik tarixi Ümummilli liderin adı ilə bağlıdır" RƏY-ÖZƏL

“Bu gün müstəqil Azərbaycanın tarixi taleyində Ümummilli liderin dəsti-xətti açıq-aydın görünür”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, tarixçi Fəzail İbrahimli deyib.

O bildirib ki, zaman XX əsrin əvvəllərində və sonunda Azərbaycan xalqının ağır sınağa çəkdi: “Əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin liderləri Azərbaycan xalqını xilas etsələr də bu, 23 ay çəkdi. Əsrin sonunda Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşanda yenə də tarix xalqımızı sınağa çəkdi. Bu dəfə cümhuriyyət liderlərinin gördüyü işi xalqın təkid və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər gördü”.

Tarixçi söyləyib ki, Ümummilli lider hakimiyyətə qayıdışı, ilk atdığı addımı ilə Azərbaycanda ayrı-ayrı, hərbi qrupların, qarşıdurmaların qarşısını aldı: “Vətəndaş müharibəsinə son qoyularaq, ölkədə sabitliyin yaradılmasına doğru addımlar atıldı. Hərbi qüvvələri səfərbər etmək, hərbi qüdrətimizi artırmaq üçün atəşkəs rejimi bağlandı”.

Ümummilli liderin Azərbaycanın strateji kursunu müəyyən etdiyini deyən deputat qeyd edib ki, Ulu öndər “Əsrin müqaviləsi”ni imzalamaqla ölkəmizin iqtisadi qüdrətinə təkan verdi, dünyaya yeni libasla təqdim olunan Azərbaycan məhz həmin müqavilədən əldə olunan vəsaitlər hesabına inkişaf edərək dünya dövlətlərinin diqqətini cəlb etdi: “Bu gün Azərbaycan əsası Ulu Öndər Heydər Əliyevin təməli qoyduğu syasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dünyada iqtisadi, hərbi cəhətdən güclü dövlət kimi qəbul edilir”.

O əlavə edib ki, ölkəmizin dünyada səsi BMT-nin qeyri daimi üzvü kimi, regionun qüdrətli dövləti kimi gəlir: “ Ən böyük uğurumuz isə təməli Ulu Öndər tərəfindən qoyulan siyasətin bu gün yüksək səviyyədə davam etdirilməsi nəticəsində əldə etdiyimiz sabitlikdir. Dünyada baş verənlər fonunda ölkəmiz sabitlik, stabilliyinə görə dünyada seçilən ölkələrdəndir. Azərbaycanın 40 illik tarixi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bugünkü müstəqil, inkişaf etmiş Azərbaycan Ulu Öndərin şah əsəridir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə