“Azərbaycan Parlamentinin də yenilənməsinə ehtiyac var” AÇIQLAMA-ÖZƏL
“Ötən gün Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Milli Məclisin Prezidentə ünvanladığı müraciət son dövrlər ölkəmizdə aparılan islahatlar, kadr dəyişiklikləri, yeni düşüncəli, kreativ insanların vəzifəyə təyin olunması və ümumilikdə ölkədə gedən bütün inkişafın, quruculuq işlərinin fonunda gözlənilən idi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
O bildirib ki, atılan addımda qeyri-adi nəsə axtarmağa dəyməz: “Əslində ötəngünkü müraciət Azərbaycan Parlamentinin siyasi mədəniyyətini, hətta siyasi əxlaqını ortaya qoydu. Atılan addım bir çox dövlətlərə nümunə oldu”.
Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı tendensiyanın əslində bir çox ölkələrdə də mövcud olduğunu deyən J.Əliyeva vurğulayıb ki, lakin Parlamentin öz fəaliyyətini məhz ölkədə gedən böyük işlərə adekvat şəkildə qurmaq istəyi baxımından özü-özünü buraxaraq növbədənkənar seçkilərə getməsi, sağlam mövqe, dövlətin, dövlətçiliyin yanında olmaq deməkdir: “Bu, şəxsi maraqların deyil, ümummilli maraqları qorumaq deməkdir”.
Deputat Milli Məclis tərəfindən atılan addımın təqdirəlayiq olduğunu qeyd edərək, hər gün yenilənən, dəyişən, ölkənin bütün sahələrində olduğu kimi bu günə qədər xalqına, dövlətinə xidmət göstərən Azərbaycan parlamentinin də yenilənməsinə ehtiyac var: “Əks halda, cəmiyyət, ölkə inkişaf edə bilməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB