TQDK artıq aprel sınaqlarına start verir

TQDK artıq aprel sınaqlarına start verir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 3-də və 10-da növbəti sınaq imtahanları keçirir. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, bu imtahanlarda yeni – 2 nömrəli test kitabçalarından istifadə olunacaq. O bildirib ki, sınaq imtahanında iştirak etmək istəyən abituriyentlər martın 15-dən saat 11:00-dan etibarən komissiyanın internet saytının müvafiq səhifəsinə (www.tqdk.gov.az/sinaq) daxil olmalı, TQDK-nın ödəmə kartının seriya nömrəsi və PİN kodundan istifadə etməklə sınaq imtahanına yazılmalıdırlar. Onun sözlərinə görə, həmin səhifədə imtahanların keçiriləcəyi yerlərin siyahısı göstəriləcək.

"Ödəmə kartlarını TQDK-nın "Abituriyent" satış köşkündən, TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində yerləşən regional bölmələrindən, həmçinin respublikanın bütün şəhər (rayon) poçt şöbələrindən əldə etmək olar. Abituriyentlər ödəmə kartlarını formada da əldə edə bilərlər. Belə ki, "Visa/Visa Electron" və ya "Mastercard/Maestro" plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala bilər", - deyə o əlavə edib.

E.Nağızadə qeyd edib ki, sınaq imtahanlarına abituriyentlər yalnız özlərinin şəxsiyyət vəsiqəsi ilə yazılmalıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə