Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, darmaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 yanvar 2019-cu ildə “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Sənəddə deyilir ki, Cəlil əmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi, dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi, dolğun ifadəsini tapmışdır. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına rəngarəng obrazlar qalereyası yaratmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir.
Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı, məhz Mirzə Cəlil dühasının məhsuludur. Ölkə başçısının bu Sərəncamına əsasən, Azərbaycan Milli Kitabxanası, ənənəvi olaraq, “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından çap etdirdiyi növbəti “Cəlil Məmmədquluzadə”biblioqrafiyasını, məhz dramaturqun anadan olmasının 150 illik yubileyinə həsr etmişdir. Azərbaycan Milli Kitabxanasının ədibin yubileyi münasibətilə hazırladığı daha mükəmməl bu biblioqrafiya onun yaradıcılığının və haqqında yazılmış materialların 1902-2019-cu illərini əhatə edir. Biblooqrafiyada Cəlil Məmmədquluzadənin kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, ayrı-ayrı şəxslərə yazdığı məktubları, şeirləri, elmi-tənqidi və publisistik məqalələri, tərcümələri öz əksini tapmışdır. “Cəlil Məmmədquluzadə haqqında” bölməsində əvvəlcə kitablar verilmiş, sonra isə dövri mətbuatda və məcmuələrdə dərc edilən materiallar – “Ümumi xarakterli materiallar”, “ Dram və səhnəyə qoyulmuş əsəsrləri haqqında”, “Nəsr yaradıcılığı haqqında”, “Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı”, “Cəlil Məmmədquluzadə haqqında xatirələr” başlıqları altında qruplaşdırılmışdır. Azərbaycan, rus və başqa dillərdə materialların öz əksini tapdığı biblioqrafik göstəricidə ədəbiyyat bölmələr daxilində xronoloji prinsip əsasında, əlifba sırası ilə verilmişdir. Biblioqrafiyada, ilk dəfə olaraq, “Cəlil Məmmədquluzadə dünya kitabxanalarında” bölməsi də yaradılmışdır. Ölməz ədibin dünya kitabxanalarında saxlanılan zəngin ədəbi irsi barədə geniş informasiyaları bu bölmədən əldə etmək mümkündür. Vəsaitin “Əlavələr” bölməsində “Cəlil Məmmədquluzadənin şəxsi arxivində saxlanılan materiallar” və “Cəlil Məmmədquluzadənin mətbuatda işlətdiyi imzalar” yarımbölmələri də verilmişdir. Biblioqrafiyanı tərtib edənlər Milli Kitabxananın əməkdaşları Mədinə Vəliyeva, Lalə Şirinova və Həliməxatun Manafova, elmi redaktoru professor, Əməkdar incəsənət xadimi Kərim Tahirov, “Ön söz”ün müəllifi İsa Həbibbəyli, redaktoru Mehriban Cəfərovadır. Nəzərə çatdıraq ki biblioqrafiyanın tərtibçiləri vəsaiti hazırlayarkən AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitunun, N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun arxivlərindən, AMEA-nın Elmi Kitabxanasından, C. Məmmədquluzadənin şəxsi arxivində saxlanılan materiallardan, Milli Kitabxananın fondundan və digər mənbələrdən istifadə etmişlər. Onlar, həmin illər ərzində, ədiblə bağlı bütün materialların biblioqrafiyada öz əksini tapmasına böyük diqqət və zəhmətlə yanaşmış və buna nail olmuşlar. Noyabrın 18-19-da Milli Kitabxanada Cəlil Məmmədquluzadənin yubileyinə həsr olunmuş elmi-praktik konfrans və “Cəlil Məmmədquluzadə” biblioqrafiyasının təqdimat mərasimi keçirilmişdir. Konfransda türkdilli ölkələrdən gəlmiş qonaqlar, yazıçı, dramaturq Anar başda olmaqla, bir sıra yazıçı-şairlər, digər respublika ziyalıları, ədibin yaradıcılığını sevənlər, o cümlədən, akademik İ. Həbibbəylinin dəvəti ilə ölkəmizə səfər edərək, yubiley tədbirlərinə qoşulmuş Cəlil Məmmədquluzadənin Polşada yaşayan nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri də iştirak etmişlər.Tədbiri giriş sözü ilə açan professor, Əməkdar incəsənət xadimi, Milli Kitabxananın direktoru Kərim Tahirov böyük ədib, satirik yazıçı Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatı tarixində tutduğu yeri və rolu haqqında qonaqlara ətraflı məlumat verdi. Vurğuladı ki, ədibin “Molla Nəsrəddin” jurnalı bütün Şərqin zəng səsi idi. Bu jurnal bütün dövrlərin satirik jurnalıdır. K. Tahirov nəzərə çatdırdı ki, Milli Kitabxananın hazırlayaraq çap etdiyi “Cəlil Məmmədquluzadə” biblioqrafiyası dahi ədibin yubileyinə ən böyük töhfədir. Sonra çıxış edən akademik İ. Həbibbbəyli, yazıçı Anar, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri, Özbəkistan Milli Universitetinin professoru, filologiya elmləri doktoru Hamidulla Baltabayev, Bolqarıstan EA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı, fəlsəfə doktoru İvan Xristov, Türkiyə Respublikası Ankara Hacı Bayram Vəli Universitetinin Edebiyat fakültəsi Çağdaş Türk Ləhcələri və Edebiyatları Bölümünün dosenti Aysun Demirez Günelin, N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Tehran Əlişanoğlu və başqaları Cəlil Məmmədquluzadə şəxsiyyətinə və irsinə işıq saldılar. TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı TÜRKSOY beynəlxalq təşkilatı adından Cəlil Məmmədquluzadə xatirə plaketlərini mədəniyyət nazirinin birinci müavini cənab Vaqif Əliyevə, ədibin nəticəsi Martin Cavanşiriyə və akademik İsa Həbibbəyliyə təqdim etdi. Mingəçevir ASAN könüllülərinin ifasında qonaqlara Cəlil Məmmədquluzadənin “Anamın kitabı”əsərindən səhnəcik təqdim edildi. Konfrans böyük ədib Cəlil Məmmədquluzadənin ruhuna dualar oxunmaqla sona çatdı.
Ədilə Qocayeva,
AJB-nin üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB