“Əli Kərimli və Arif Hacılı saxta vəsiqələri 2500-3000 avroya satıblar” RƏY-ÖZƏL

"Leyla Yunus kimi satqın siyasiləşmiş QHT rəhbərləri necə “siyasi məhbus” alveri edirdilər, Əli Kərimli kimi partiya sədrləri də eləcə “siyasi mühacir” alveri ediblər". Bunu SİA-ya açıqlamasında ADİİM-nin sədri, “Avrasiya” İA-nın baş redaktoru Cavid Şahverdiyev deyib.

Onun sözlərinə görə, bu bazar 25 ildir açılıb, yaxşı da qazanc əldə olunub: "Radikallar Avropadakı təmsilçiləri ilə birgə bu bazarı idarə ediblər. Təmsilçilər də elə öz aramızdan Avropaya “ixrac” olunanlardı. AXCP, Müsavat adlanan siyasi partiyalar Azərbaycanın siyasi səhnəsində ancaq “siyasi mühacir” alverində, icazəsiz mitinqlər keçirməklə qarşıdurma yaratmağa cəhd göstərməkdə ad çıxarıblar. Avropaya “siyasi mühacir” ixrac edənlər də elə AXCP, Müsavatın şinelindən çıxmışlar idi. Son günlərdə Almaniyanın hüquq-mühafizə orqanlarının Müsavat partiyasının keçmiş üzvlərini saxlaması, hətta cinayətkar şəbəkəyə daxil olan yeddi nəfəri həbs etməsi, Müsavatın nəyə və hara xidmət etməsini üzə çıxarıb. Müsavatın sənədləri ilə Avropada “siyasi mühacir” adını alan soydaşlarımız orada heç də rahat, cah-cəlal içində yaşamayıblar. Düzdür, Müsavat onlara belə vəd verərək yola salmışdı. Azərbaycandan “siyasi mühacir” adı ilə Avropada sığınacaq tapanların əksəriyyəti oranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirmək məcburiyyətində qalırlar. Ona görə də azadlıqları, sərbəstlikləri əllərindən alınan “siyasi mühacir”lərimiz vətənə deportasiya olunmalarına sevinirlər, amma bu sevinci üzə bildirmirlər. İkinci bir məqam isə odur ki, Avropaya “ixrac” olunan soydaşlarımızın əksəriyyəti ora çatar-çatmaz Azərbaycan hakimiyyətini hədəf götürürlər. Təhqir, böhtan, söyüş, aşağılayıcı fikirlər.... Heç görmüsüz ki, hansısa “siyasi mühacir”imiz Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycan hakimiyyətinin mövqeyindən çıxış etsin, bu mövqeyi dəstəkləsin, Avropada təbliğat aparsın... Müsavat və AXCP-nin Avropaya “ixrac” etdiyi “siyasi mühacir”lərin demək olar ki, hamısı bu istiqamətdə fəaliyyət göstəriblər. Amma bu qorxaqlıq əlamətidir, mübarizəni kişi kimi, demokratik şəraitdə aparmaq lazımdır. Əlində tutarlı, məntiqli faktın, izahın varsa tədbirlər keçirt, konfranslar təşkil et, medianı başına topla, fikirlərini, tənqid və iradlarını, hakimiyyətin hansı sahədə səhv mövqe, siyasət yürütdüyünü ictimailəşdir. Müsavat və AXCP-nin pulla satılan arayışını alıb Avropada köç salandan sonra bu tərəflərə ağız açmaq mübarizə, vətənə, millətə, xalqa xidmət demək deyil, sifariş yerinə yetirməkdir. Avropada köç salan “siyasi mühacir”lərimiz hakimiyyətlə yanaşı, dövlətdən inciyirlər, Bayrağımızdan küsürlər... Çünki buradan belə təlimat alıb oraya yollanıblar. Ona görə də, Əli Kərimli, Arif Hacılını özlərini sığortalamağa cəhdləri uğursuz olur. Ortada Müsavatın, AXCP-nin möhürlənmiş, imzalanmış sənədləri var. Faktlara istinadən demək olar ki, Əli Kərimli və Arif Hacılı saxta partiya vəsiqələrini 2500-3000 avroya satıblar. İldə azı 10 adamı xaricə göndərilərsə bu 30 min avro deməkdir. Bir, iki dəfə icazəsiz aksiyalarda iştirak edənlər, polisin qollarından tutub kənara çəkdikləri adamlar belə arayışlar alaraq Avropada “köç” salıblar. Belə partiyalar siyasətlə yox, “siyasi mühacir” biznesi ilə məşğul olduqlarından fəaliyyətləri araşdırılmalıdır, rəhbərləri məsuliyyətə cəlb olunmalıdır".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə