Əli Kərimli və Cəmil Həsənli yenə harada gizlənmişdilər?
Bəlli olduğu kimi, ölkədə siyasi-ictimai sabitliyi pozmaq üçün, eləcə də müxtəlif anti-Azərbaycan xarakterli xarici dairələrdən aldıqları sifarişlərini reallaşdırmaq məqsədi ilə “mitinqlər” keçirmək istəyən “Milli Şura”-AXCP cütlüyünün “sərbəst toplaşmaq tələbi” adı altındakı piketlərinə BŞİH tərəfindən rəsmi icazə verilmişdi. Daha dəqiq desək, hələ bu ilin yanvar ayının 19-da mitinq adı altında, 20-də isə ümumxalq hüzn günündə ölkədə çaxnaşmalar salmaq istəyən radikal müxalifət düşərgəsinin həmin cəhdlərinin qarşısı alındı və bir müddət aksiyaların keçirilməsinə icazə verilmədi.
Məqsəd isə bəlli idi –şəhərinin mərkəzində ictimai sabitliyi pozmaq və digər qanunsuzluq əməlləri...
Uzun müddət çək-çevirdən sonra piket keçirmək qərarını verən “Milli Şura”-AXCP cütlüyü bu dəfə də təxribatçılıq meyllərindən kənarda qalmayaraq, ara-sıra buna cəhdlər də göstərdilər. Halbuki, piketin keçirilməsi üçün dəqiq say da müəyyən olunub və qaydalara görə, piket aksiyalarında yalnız 50 nəfər iştirak edə bilərdi. Ancaq əvvəlcədən öz ağalarından aldıqları tapşırıqlarına görə, onların müəyyən adamları hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı təxribatçılıq törətməyə çalışdılar. Lakin onların bu cəhdlərinin də qarşısı alındı. Məqsəd isə bəlli idi – Bakı şəhərinin mərkəzində, insanların get-gəlləri gur olan yerdə ictimai sabitliyi pozmaq və digər qanunsuzluq əməlləri...
Piketi qəddar, sadist və ailəsində azadlıq hüquqlarını pozan Fuad Qəhrəmanlı rəhbərlik edib (?!)
Digər məqam isə, piketin AXCP sədrinin istefa vermiş müavini Fuad Qəhrəmanlı tərəfindən idarə olunmasıydı ki, bu amilin özü də bəzi sualları meydana çıxardı. Yəni bir şəxs ki, öz ailəsində qəddarlıq, sadizm əməlləri törədirsə, övladlarının, həyat yoldaşının azadlıq hüquqlarını pozursa, onun “sərbəst toplaşmaq hüququ” adı altındakı piketi idarə etməsi hansı reallığa uya bilərdi?
Başqa tərəfdən, əgər bu gün onun piket idarəçiliyinə dəstə göstərən insanlar hələ də “Milli Şura”-AXCP cütlüyünün onlardan sui-istifadə etdiklərini anlamırlarsa, bu cütlüyün heç bir humanizm, qanun prinsiplərini qəbul etmədiklərini dərk etmirlərsə, onda belə bir nəticə çıxarmaq olar ki, istər piketdə iştirak edənlər, istərsə də piketə dəstək verənlərin hər biri siyasi kəmsavad, aqressiya, sadizm və qəddarlıq tərəfdarlarıdırlar. Çünki fakt budur ki, onlar F.Qəhrəmanlının dirijor çubuğu altında “otur-dur” komandasına riayət edirdilər.
“Milli Şura”-AXCP cütlüyü bu dəfə özləri-özlərini paketləyib, yola saldılar
Yeri gəlmişkən, sosial şəbəkələrdə çıxdıqları canlı yayımlarda ictimaiyyəti 8 oktyabr piketinə çağıran “Milli Şura”nın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli ortalıqda görünmədilər. Bu isə hətta bəzi piket iştirakçılarının da təəccüblərinə səbəb oldu. Misal üçün, onlar haqlı olaraq sual edirdilər ki, nəyə görə mitinqlərdə bar-bar bağıran “liderlər” piket aksiyasına qatılmadılar? Məgər onlar üçün say maraqlıdır, yoxsa “siyasi tələb”?
Söz yox ki, özlərini “lider” adlandıranlar yalnız ətraflarındakı beş-üç nəfərlik baş nökərlərini piketə yollamaqla və pərdə arxasında gizlənməklə bir daha sübut etdilər ki, hər zaman ictimaiyyətdən, daha dəqiqi isə tərəfdarlarından təcrid olunma siyasətini aparıblar. Bu isə piketdə səs-küy salanların narazılıqlarına səbəb olub.
Beləliklə, bu piketi həm də paketlənmiş piket adlandırmaq olar. Daha doğrusu, “Milli Şura”-AXCP cütlüyü bu dəfə özləri-özlərini paketləyib, yola saldılar. Bəlkə də onlar sosial şəbəkələrə çıxıb hətta 50 nəfərlik piketi belə, “yüzlərlə insanın səsi” kimi təqdim edə bilərlər və həyasızcasına edəcəklər də, amma fakt budur ki, paketlənmiş dağıdıcı müxalifətin ucuz piketi artıq özü-özlüyündə onların bütün çılpaqlıqlarını, məntiqsizliklərini, boşboğazlıqlarını, xüsusilə isə, ayrıca tiplərə məxsus ürəkbulandırıcı ünsürlüklərini ortaya qoymuş oldu.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB