Heydər Əliyev və xalq birliyinin sarsılmazlıq zəfəri TARİX

Heydər Əliyev və xalq birliyinin sarsılmazlıq zəfəri TARİX

Dövlətçilik missiyasının unudulmaz tarixi

1994-cü il... Müstəqilliyini yenicə bərpa etmiş respublikada həyat öz axarına düşürdü. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası, əlaqələrinin genişləndirilməsi həm xarici, həm də daxili düşmənlərimizi ciddi təşvişə salmışdı. Xalqın təkidi ilə ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyevin baş alıb gedən xaosa, anarxiyaya, özbaşınalığa son qoyması, qeyri-qanuni silahlı qruplaşmaları ləğv etməsi, ciddi nizam-intizam, qayda-qanun yaratması istiqamətində atdığı qətiyyətli addımlar anti-Azərbaycan qüvvələrdə narahatlıq yaratmışdı. Ona görə də minbir fitnə-fəsadla hakimiyyəti ələ keçirməyə çalışırdılar.

Ulu öndər çox yaxşı bilirdi ki, BVF, Dünya Bankı və digər qurumlar fəal hərbi əməliyyatlar gedən ölkələrə investisiya yatırmırlar. Bundan əlavə, iri şirkətlər də münaqişəli ölkələrə sərmayə qoymurlar. Ona görə də, ilk növbədə, Ermənistanla atəşkəs barədə saziş imzalandı. Cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırıldı. Bu da ölkəmizdə ordu quruculuğunda, beynəlxalq aləmə inteqrasiyada , xarici şirkətlərin sərmayə gətirməsində böyük rol oynadı. Məhz bundan sonra dünyanın iri şirkətlərinin Azərbaycana cəlb olunması istiqamətində qətiyyətli addımlar atıldı. “Əsrin müqaviləsi”nin imzalanması da bundan sonra reallaşdı.

Heydər Əliyevin strategiyası bir çox dairələri qorxuya salmışdı...

Müstəqil Azərbaycanın iqtisadiyyatının möhkəmləndirilməsində və beynəlxalq aləmdə əlaqələrinin genişləndirilməsində müstəsna rol oynamış “Əsrin müqaviləsi”nin imzalanmasından sonra antimilli qüvvələrin yuxusu sanki ərşə çəkilmişdi. Məhz həmin tarixi müqavilədən sonra dünya dövlətlərinin və xüsusən, qlobal şəbəkəyə malik olan neft şirkətlərinin ölkəmizə olan marağı gündən-günə artırdı. Heydər Əliyevin başladığı genişmiqyaslı neft strategiyası və digər tədbirlərin xalq tərəfindən rəğbətlə qarşılanması, onun ətrafında getdikcə sıx birləşməsi hakimiyyət hərislərini qorxuya salmışdı.

Azərbaycanda başlanmış uğurlu işlər xarici aləmdəki tərəfdarlarımızda inam və sevinc yaratdığı kimi, respublikamızın inkişafını istəməyən daxili və xarici qüvvələrdə qısqanclıq oyadırdı. Azərbaycan dövlətçiliyinə qarşı olan daxili və xarici qüvvələr, müxtəlif ambisiyalı siyasi və hərbi qruplaşmalar mövqeyin itirilməsi, dövlətdə və ölkədə nizam-intizam yaradılması ilə barışmaq istəmirdilər. Onlar müxtəlif xarici dövlətlərin təsiri və köməyi ilə qanuni hökuməti devirməyə, ölkədə hakimiyyətsizlik mühiti, vətəndaş qarşıdurması yaratmağa dəfələrlə cəhdlər göstərir, müxtəlif dövlət və hökumət rəhbərlərinə qarşı sui-qəsdlər təşkil edirdilər. Hakimiyyəti ələ keçirmək iddiasında olan o vaxtkı baş nazir Surət Hüseynov iqtidara qarşı “müxalifət”ə keçmişdi. Bunu xatırladan Ulu Öndər Heydər Əliyev də “Baş nazirə Prezidentə müxalif olmaq yaramaz” – demişdi. Ancaq hakimiyyəti ələ keçirmək hərisliyi antimilli qüvvələri rahat buraxmırdı.

Özünün dediyi kimi, həmişə çətin məqamlarda xalqa arxalanan Ulu Öndər Heydər Əliyev oktyabrın 4-də tarixi bəyanat səsləndirdi!

1994-cü ilin oktyabr hadisələri Afiyəddin Cəlilov və Şəmsi Rəhimovu qətlə yetirənlərin həbsindən sonra başlandı. O vaxt Xətai rayonunda prokuror işləyən Mahir Cavadov cinayətin üstünün açılmasından ehtiyat edərək, 1994-cü il oktyabrın 2-də bir dəstə silahlı adamla Baş Prokurorluğun binasını tutdu və baş prokuror Əli Ömərovdan tələb etdi ki, saxlanılanlar buraxılsın. Güc strukturlarının bölmələri bu dəstəni Baş Prokurorluğun binasında mühasirəyə aldılar. Məsələ siyasi böhran şəklini alır və vəziyyət getdikcə ağırlaşırdı. Bu məsələ ilə bağlı keçirilən dövlət müşavirəsində Baş Prokurorluğun binasını zəbt etmiş dəstəni mühasirədən buraxmaq barədə qərar qəbul olundu. Qeyri-qanuni silahlı dəstəyə rəhbərlik edən M.Cavadov həmin qruplaşmanı birbaşa OMON-un “8-ci kilometr”də yerləşən bazasına apardı. Bundan sonra məsələyə Rövşən Cavadov da qoşuldu. Sonra isə hakimiyyətə bir-birinin ardınca ultimatumlar göndərildi. Onlar Afiyəddin Cəlilov və Şəmsi Rəhimovu qətlə yetirənlərin dərhal azadlığa buraxılmasını tələb edirdilər.

Özünün dediyi kimi, həmişə çətin məqamlarda xalqa arxalanan Ulu Öndər Heydər Əliyev oktyabrın 4-də axşamdan xeyli keçmiş Azərbaycanın müstəqil dövlətçiliyini müdafiə etmək üçün radio və televiziya ilə xalqa birbaşa müraciət etdi. Gecədən xeyli keçməsinə baxmayaraq, ulu öndərin çağırışı bütün xalqı ayağa qaldırdı. Oktyabrın 4-dən 5-nə keçən gecə minlərlə insan Prezident Sarayı qarşısına toplaşdı. Bakı sakinləri ilə yanaşı, dövlətçiliyin müdafiəsinə rayonlardan da axın-axın insanlar gəlirdi. Bunu görən dövlət ­çevrilişi cəhdinin təşkilatçıları Prezident Sarayına hücuma cəsarət etmədilər. Ulu öndərin həyata keçirdiyi operativ tədbirlər xəyanətkarlara qüvvələrini birləşdirmək imkanı vermədi. Gəncədəki çevriliş cəhdi baş tutmadı. Vəziyyətin dəyişdiyini görən Cavadov qardaşları dövlət başçısını müdafiə etdiklərini bildirdilər və ümumxalq mitinqində Ulu Öndərin yanında dayandılar.

Azərbaycan dövləti özünün möhkəmliyini, etibarlılığını, qanunçuluğu və vətəndaşların təhlükəsizliyini hər şeydən yüksək tutduğunu bütün dünyaya nümayiş etdirdi!

Oktyabrın 5-də “Azadlıq” meydanında təxminən bir milyona yaxın insanın iştirakı ilə keçirilən izdihamlı mitinq xalqla Prezidentin həmrəyliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. Mitinq iştirakçıları dövlət çevrilişinə cəhdin qarşısını qətiyyətlə almış Prezident Heydər Əliyevə dəstək və etimadını bildirdi. Dövlət çevrilişi cəhdində günahkar sayılan S.Hüseynov vəzifədən azad edildi. Heydər Əliyev xalqa müraciətində dövlət çevrilişində baş nazir Surət Hüseynovun iştirak etdiyini, hətta təşkilatçılarından biri olduğunu dedi: “Budur, Surət Hüseynov dövlət çevrilişi edir. Mən onu tapa bilmirəm. Bilirsiniz ki, Gəncədə Surət Hüseynova məxsus silahlı dəstələr var. Bizdə olan məlumatlara görə o, Gəncədədir və Bakıya silahlı yürüşə başlayıb”.

Sonradan Rusiyaya qaçan S.Hüseynov cəzadan yaxasını qurtara bilmədi, tutularaq respublikaya gətirildi və məhkum edildi. Onlar Heydər Əliyevin dühası, müdrikliyi qarşısında çox davam gətirə bilmədilər. Beləliklə, ulu öndər Heydər Əliyevin qətiyyəti, müdrik daxili və xarici siyasəti, “Heydər – xalq” sarsılmaz birliyi, Azərbaycanda silah gücünə dövlət çevrilişi etmək cəhdlərini puça çıxardı.
Ulu öndərin müdrikliyi, müstəqil Azərbaycan dövlətinin qüdrəti, gücü dövlət çevrilişinə cəhdin qarşısını aldı. Bütün bunlar xalqımızın müstəqil dövlətçiliyinə inamını, müstəqillik uğrunda mübarizə əzmini və qətiyyətini bir az da möhkəmləndirdi. Azərbaycan dövləti özünün möhkəmliyini, etibarlılığını, qanunçuluğu və vətəndaşların təhlükəsizliyini hər şeydən yüksək tutduğunu bütün dünyaya nümayiş etdirdi.

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə