AXCP sədrinin xəyanətləri özünə geri dönür
Vaxtilə öz liderinə qarşı xəyanətkar mövqe tutaraq, AXCP-ni zəbt edən Əli Kərimlinin partiyadaxili vəziyyəti get-gedə daha da ağırlaşmaqdadır. Xüsusilə, son müddət ərzində rəhbərlik etdiyi partiyasında baş verən hadisələrin hər birinin arxasından ona qarşı istiqamət alan faktlar da belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq Ə.Kərimli amili özü-özlüyündə heç bir məna kəsb etməməkdədir. Yəni bir vaxtlar onun siyasi fikirlərini bölüşənlər var idisə, hazırkı məqamda onun fikirləri yalnız populistlik kimi qiymətləndirilir. Daha dəqiq desək, rədd edilir.
Bütün bunlar AXCP-də kəskin, qarşısıalınmaz böhranın yaşanmasından xəbər verməkdədir
Biz, elə də uzağa getməyərək AXCP sədrinə qarşı başlamış partiyadaxili kampaniyaları göstərə bilərik. Düzdür, belə kampaniyalar daha öncələr də baş verib. Misal üçün, son bir neçə illər ərzində partiyadan kifayət qədər insanlar kütləvi istefalara gediblər ki, onlar öz istefa səbəblərini Ə.Kərimlinin avtoritar idarəçiliyi, yalnız şəxsi maraq və dividentlərinə xismət etməsi, gəncləri zəhərli maraqlarına qurban verməsi, həbs etdirməsi, özünün yüksək səviyyəli həyat tərzi sürməsinə rəğmən, digərlərini əzməsi reallığıdır. Məhz bu baxımdan, Ə.Kərimli ifşa olunur, ifşa olunduqca, daha əvvəllər görünməyən kartları görünməyə başlayır. Bütün bunlar isə, AXCP-də kəskin, qarşısıalınmaz böhranın yaşanmasından xəbər verməkdədir.
Biz daha bir faktı göstərə bilərik. Məsələ ondadır ki, onun sabiq müavini Fuad Qəhrəmanlı olayı nə qədər gizlədilsə də, sonda bir sıra faktlar üzə çıxdı. Həmin faktlar barədə ictimai rəy kifayət qədər məlumatlıdır. Ancaq onlardan birinin üzərində dayanmaq olar. Ə.Kərimli özünə ən yaxın bildiyi şəxsin ailəsində törətdiyi qəddarlıqları bilə-bilə həmin olayın qarşısını almayıb və normal düşüncəli insanların kəskin hiddəti ilə qarşılaşıb. İkinci hadisəni isə birbaşa sensasiya adlandırmaq olar. Bu, F.Qəhrəmanlının gizli səs yazısının ictimailəşdirilməsidir. Həmin səs yazısında o iki cəbhəyə oynadığını açıq-aydın etiraf edir.
Daha bir məsələ isə, AXCP-nin sosial şəbəkələrdə fəaliyyət göstərən trol dəstələrinə rəhbərlik edən Rəşid Turabovun səs yazısıdır. Belə ki, Ə.Kərimlinin cəbhəçi gəncləri zorla trolluğa təhrik etməsi, onlara qarşı diskriminasiya mövqeyi tutması nəticədə AXCP ali məclisinin üzvü R.Turabovun AXCP sədri ilə danışdığı səs yazısının geniş kütləyə sızdırılması ilə sona çatdı. Biz, bunu trolların Ə.Kərimlinin avtoritar idarəçiliyinə qarşı başlatdıqları kiçik üsyan kimi də qiymətləndirə bilərik. Hətta yaxın vaxtlarda növbəti bənzər ifşaların da şahidləri olmaq imkanımız kifayət qədər yüksəkdir.
Qarşıda belə halların davamlı xarakter alacağına isə kimsənin şübhəsi yoxdur
Və nəticədə sonuncu hadisə - AXCP Nəzarət Təftiş Komissiyasının (NTK) sədri Aydın Əliyevin partiyanın sədrinə qarşı səsləndirdiyi iki sərt bəyanatları. O, AXCP sədrinin xaricdən gələn qrantlar hesabına ərəb şeyxləri kimi həyat tərzi sürdüyünü deyib. Yəni Ə.Kərimli partiya daxilində diktatura rejimi qurub. Fərqli düşünənləri, onun antidemokratik hərəkətinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib, böhtanlara məruz qoyub, şantaj edərək partiyadan uzaqlaşdırıb. Əbəs deyil ki, məhz həmin A.Əliyev “Əli Kərimli bir siyasi dələduz olaraq bizi aldadıb. Bu gün də gəncləri aldadaraq öz çirkli oyunlarına qurban vermək istəyir”, deyə daha böyük fəsadların baş verməməsi üçün cəmiyyətin gözünü açmağa çalışıb.
Beləliklə, ortaya nə çıxır? Nəticə olaraq belə bir məntiqi hasilata vara bilərik ki, AXCP-nin kifayət qədər fəal olan üç şəxsi Ə.Kərimliyə qarşı müxtəlif səpgilərdə addımlar atırlarsa, bu bilavasitə həm partiyanın, həm də Ə.Kərimlinin özünün iflası, böhranı və məhvi deməkdir. Qarşıda isə belə halların davamlı xarakter alacağına isə kimsənin şübhəsi yoxdur.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB