YAP Şəmkir rayon təşkilatında seminar-müşavirə keçirilib

YAP Şəmkir rayon təşkilatında seminar-müşavirə keçirilib

Bu gün ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla bağlı YAP Şəmkir rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrləri ilə seminar-müşavirə keçirilib. Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək cari ilin dekabr ayında ölkəmizdə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini deyərək partiyamızın bu siyasi kampaniyaya ciddi şəkildə hazırlaşdığını diqqətə çatdırıb. V.Vəliyev rayon təşkilatının inzibati binasında seçki qərargahının yaradıldığını və bu işlərdə ilk partiya təşkilatlarının səfərbər olunmasının vacibliyini bildirib. Seçki məntəqələrində məşvərətçi və müşahidəçilərin seçilməsi istiqamətində işlərə başlanıldığını qeyd edən rayon təşkilatınnı sədri onu da vurğulayıb ki, namizədlərin müəyyən olunmasında partiya sıralarında xüsusi fəallıq göstərən gənclərə və qadınlara üstünlük veriləcək.

F.Vəliyev çıxışında onu da söyləyib ki, bu ilin əvvəlindən Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə ölkəmizdə əmakhaqlarının, təqaüdlərin, sosial müavinətlərin və digər sosial ödənişləri əhəmiyyətli dərəcədə artırılmışdır və ölkəmizdə qayğıya ehtiyacı olan insanlara dövlətimiz lazımi diqqəti göstərir. Hər bir ailə bu artımlardan faydalanır: "Azərbaycan dövləti gücləndikcə, əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində növbəti addımlar atılacaqdır. Azərbaycanın bu uğurları qazanmasının əsasında dayanan amillərdən biri də sabitlikdir. Çünki sabitlik olmadan heç bir inkişafdan, əminamanlıqdan söhbət gedə bilməz. Ona görə də, hər bir dövlət və xalq üçün sabitlik ən mühüm şərtlərdən biridir".

Rayon təşkilatının sədri Azərbaycanın inkişafını və güclənməsini istəməyən qüvvələrin olduğunu deyərək sosial şəbəkələrdə ölkəmizə qarşı qarayaxma kampaniyası apardıqlarını qeyd edib: "Belə xəyanətkar kampaniya aparanlara qarşı mübarizə aparmalı, cəmiyyətimizdə onlar ifşa olunmalıdırlar. Ona görə də partiyamızın hər bir üzvü bu mübarizədə birlik nümayiş etdirməli, Azərbaycanın qazandığı nailiyyətləri insanlar arasında geniş təbliğ etmək işini fəal şəkildə davam etdirməlidirlər. O cümlədən ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələrin, dağıdıcı müxalifətin əsl niyyətləri ifşa olunmalıdır".

Sonda partiya həyatı ilə bağlı tədbir iştirakçılarına müvafiq tövsiyə və tapşırıqlar verildi.

Rəfiqə KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə