Ermənistanda növbəti etiraz aksiyası

Ermənistan hökumətinin binası qarşısında dünən etiraz aksiyası keçirilib və ölən əsgər anaları binanın girişini bağlayıblar. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan hökuməti binasının qarşısında gərgin vəziyyət yaranıb və burada ölən hərbçilərin anaları və ailə üzvləri toplanıb etiraz aksiyası keçiriblər.

Məlumatda qeyd olunur ki, polis etirazçıların hökumət binasına daxil olmasına mane olub. Belə vəziyyətdə, yəni hökumətdən heç kimin etirazçıları dinləmək üçün gəlmədiyini, binaya polis tərəfindən buraxılmadıqlarını görən, “Zinvor” ictimai təşkilatının koordinasiya şurasının sədri, ölən əsgərin anası Margarita Xachatryan baş nazirlə görüşmək üçün binanın girişində oturaraq keçidi bağlayıb, heç kimə binaya daxil olmağa imkan verməyib.

Ölən hərbçilərin anaları onlara 1 mart 2008-ci il hadisələri nəticəsində ölənlərin ailələrinə hökumət tərəfindən ayrılmış kompensasiyanın verilməsini tələb ediblər. “Zinvor” ictimai təşkilatının koordinasiya şurasının sədri, ölən əsgərin anası Margarita Xachatryan deyib ki, əgər hökümət küçə döyüşlərində xəsarət alanlara 30 milyon dram verirsə, o halda xidməti hərbi fəaliyyət zamanı vəzifə borcunu yerinə yetirərkən ölən hərbçilərin ailə üzvlərinə də 30 milyon dram verməlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə