"Uşaq pulunun bərpası məsələsi mümkündür" ÖZƏL-MÜNASİBƏT

"Uşaq pulunun bərpası məsələsi mümkündür" ÖZƏL-MÜNASİBƏT

"Uşaqlar üçün verilən müavinətin bərpası məsələsi mətbuatda son günlər çox müzakirə olunur. Əgər ölkə başçısının imzası ilə belə bir qanun layihəsi Milli Məclisə daxil olarsa təbii ki, dəstəkləyəcəyəm". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, bu gün uşaqlar üçün verilən müavinətin bərpası üçün dövlətin kifayət qədər imkanları var: "İlin əvvəlindən başlayaraq ölkə başçısının sərəncamları ilə iki sosial paket icra olunur. Bu sosial paketlərin təsiri altına 4,2 milyon nəfər düşür və bu, dövlət büdcəsinə 3 milyard manat maliyyə yükü yaradır. Təbii ki, belə böyük sosial proqramların icrası iqtisadi imkanlarımızın genişlənməsi ilə və dövlət başçısının apardığı siyasətin təməlində vətəndaşın rifahının dayanması ilə əlaqədardır. Düşünürəm ki, bu məsələ də hökumət tərəfindən araşdırılır. Heç şübhəsiz ki, uşaq pulunun bərpası məsələsi mümkündür. Ölkəmizin iqtisadi gücü artdıqca sosial ehtiyacı olan cəmiyyətin hər bir üzvünün sosial rifahı təmin olunacaq. Milii Məclisin yaz ssesiyası tezə başlanır. Hələ ki Milli Məclisin payız sessiyasında gündəliyə təqdim olunacaq məsələlər haqqında məlumat verilməyib. Amma hər şey ola bilər".

Qeyd edək ki, 2006-cı il 1 iyun tarixindən etibarən Azərbaycanda uşaqlar üçün müavinət verilmir. Həmin dövrdə müavinətin ləğvi ünvanlı sosial yardımın tətbiqi, uşaqlar üçün verilən pulun məbləğinin çox aşağı olması ilə əsaslandırılmışdı.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə