AXCP və Müsavat – patoloji nifrət reallığı ANALITIK

AXCP və Müsavat – patoloji nifrət reallığı ANALITIK

Yaxud, “hakimiyyətə biz gələcəyik” sindromundan doğan xəstə təfəkkür

Müxalifətdə olduqları gündən hazırkı dövrə qədər barışmaz düşmənlərə çevrilmiş AXCP və Müsavat təmsilçilərinin bir-birlərinə qarşı amansız savaşları bu gün də davam etməkdədir. Hətta həmin savaş ilbəil daha da artır və nəticədə tərəflərin xəstə təfəkkürləri özünü daha çox büruzə verməyə başlayır. Maraqlısı da ondadır ki, sözügedən savaş yalnız seçkilər ərəfəsində baş vermir, eyni zamanda, seçki prosesi olmayan zamanlarda da həmin hallar davamlı şəkildə müşahidə olunur.

Bu arada, onu da qeyd etmək olar ki, sosial şəbəkələrdə cəbhəçilərlə müsavatçılar arasında aparılan polemikalar anidən söz müharibəsinə çevrilir, ittihamlar, iddialar söyüş və təhqirlərlə əvəzlənir. Onlardan biri də bu günlərdə yaşanıb.

Müsavatçı funksionerdən Əli Kərimliyə eyham: “Yaxşı lider yalnız özünü yox, rəhbərlik etdiyi təşkilatın üzvlərini də qorumağı bacarmalıdır”

Belə ki, mövzu yenə də “hakimiyyətə biz gələcəyik” iddiası üzərində qurulub. Müsavat partiyasının Səbail rayon təşkilatının sədri Zakir İsmayıl qeyd edilən iddiasını status kimi yazıb və cəbhəçilərdən biri dərhal ona xatırladıb ki, son bir neçə həftədə 6 cəbhəçi sutkalıq həbs cəzası alıblar. AXCP tərəfinin həmin iddiasının ardınca isə, müsavatçı cavab yazaraq bildirib ki, hər hansı müxalifət partiyasının gücü onun həbsdə olan üzvlərinin sayı ilə müəyyən edilməz. Z.İsmayıl AXCP sədri Əli Kərimliyə eyham vuraraq, daha kəskin cavab yazaraq, “Yaxşı lider yalnız özünü yox, rəhbərlik etdiyi təşkilatın üzvlərini də qorumağı bacarmalıdır” ifadəsi ilə sanki odun üzərinə yağ tökmüş olub. Məhz bu statuslardan sonra həm müsavatçılar, həm də cəbhəçilər ən ağır ifadələrlə hücumlara start veriblər. Ə.Kərimlinin adamları AXCP-nin, Arif Hacılının adamları isə Müsavatın “hakimiyyətə gələcəyini” var gücləri ilə “sübuta” yetirməyə çalışıblar.

Amma görünən budur ki, nə az, nə çox – düz 26 ildir ki, eyni iddiaları ilə bir-birlərinin qulaqlarını döyənək edən tərəflər hələ də nəyə görə ötən illər ərzində uğur qazana bilməmələrinin, xalqın onları niyə rədd etməsi səbəblərini aydınlaşdıra bilməyiblər. Əgər cəbhəçilərlə müsavatçılar bir-birlərinə qarşı patoloji nifrət bəsləyirlərsə, demək ki, xalq onların hər birinə daha çox nifrət hissi bəsləyir və bu da başqa mövzudur.

AXCP funksioneri: “Bu nə cılızlıq, bu nə dözümsüzlük”

Beləliklə, Müsavat funksionerinin bir statusu aləmi bir-birinə vurub və onlardan bir neçəsini diqqətə çatdırmaq istərdik. Məsələn, AXCP-nin ali məclisinin üzvü Nicat Abdullazadə Z.İsmayılın yazının əvvəlində qeyd etdiyimiz statusunu “cılızlıq” adlandırıb. “Bu nə cılızlıq, bu nə dözümsüzlük. Ümumi birliyə ziyandan başqa bir şey deyil bu status”, deyə o qeyd edib. Digər cəbhəçi Əli Rzalı da müsavatçı funksionerin AXCP-yə qarşı qəsdən qıcıqlandırıcı status yazdığını iddia edib və onun status yazmağın normal olduğu iddiasını belə cavablayıb: “Harada siz normal yanaşdınız? AXC-nin 30 illiyi ilə bağlı Yadigar Sadıqovun Əli bəyə təbrikini böyük bir suç işləmiş kimi qiymətləndirdiniz. Siz, sadəcə, Xalq Cəbhəsinə və sədrinə potensial nifrət edənlərdənsiniz, bu statusunuz da ondan irəli gəlir”.

Müsavat tərəfdarı: “Müsavat hakimiyyətə gələcək deyəndə hansısa təşkilatın ya partiyanın başına niyə daş düşür, bilmirəm”

Müsavatçı Vüsal Həsənov isə AXCP-nin sosial şəbəkə fəallarını “zombi” adlandırıb: “Demək zombilər başladı. Müsavat hakimiyyətə gələcək deyəndə hansısa təşkilatın ya partiyanın başına niyə daş düşür, bilmirəm”.

Müsavatın Suraxanı rayon təşkilatının üzvü Arzulla Buludlu da cəbhəçiləri hədəfə alaraq yazıb: “Hər gün cəbhəçilər AXCP- Əli Kərimli təbliğ edirlər, əcəb edirlər, heç vaxt da müsavatçılar buna qıcıq vermirlər. Təsadüfən bir müsavatçı təmsil etdiyi Müsavat partiyasını təbliğ edən kimi hansısa cəbhəçi qıcıqlanmağa başlayır. Yaxşı olardı ki, cəbhəçilər də belə məsələlərdə müsavatçılar kimi təmkinli olsunlar”.

Beləliklə, qarşılıqlı ittihamlar, təhqirlər, hətta daha izafi fikirlər tərəflərin bundan sonrakı talelərini indidən müəyyən edir. Daha dəqiq desək, “hakimiyyətə biz gələcəyik” iddiaları həm AXCP-nin, həm də Müsavatın qısa müddətdə ümumilikdə siyasi səhnədən silinəcəyi proqnozlarını daha çox ehtiva edir. Çünki mövcud patoloji nifrət və ortada olan sübutlar da bu cür qənaətə gəlməyə kifayət qədər zəmin yaratmış olur.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə