Azərbaycan səfiri öz etimadnaməsini Malta Prezidentinə təqdim edib

Azərbaycan səfiri öz etimadnaməsini Malta Prezidentinə təqdim edib

Fevralın 17-də Azərbaycanın İtaliyada və eyni zamanda, Maltadakı səfiri Vaqif Sadıqov etimadnaməsini Maltanın Prezidenti Corc Abelaya təqdim edib. Səfirlikdən SİA-ya verilən xəbərə görə, diplomat dövlətimizin başçısı İlham Əliyevin səmimi salamlarını və Azərbaycana səfər etmək dəvətini Malta Prezidentinə çatdırıb.

Səfir, həmçinin ölkəmizin xarici siyasəti, sosial-iqtisadi tərəqqisi, regionda rolu haqqında geniş məlumat verib. V.Sadıqov Azərbaycan-Malta əlaqələrindən danışarkən ölkələrimiz arasında sabit əməkdaşlıǧın mövcud olduğunu qeyd etmiş, bununla belə, ikitərəfli əlaqələrin bütün sahələr üzrə, xüsusən də siyasi, iqtisadi, habelə turizm və mədəniyyət sahələrində genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirib. Diplomat Maltanın Baş nazirinin müavini, xarici işlər naziri Tonio Borqun Azərbaycana səfərinin gözlənildiyini və bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyini vurǧulayıb.

Sonra V.Sadıqov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və danışıqlar prosesinin hazırkı vəziyyəti ilə bağlı ətraflı məlumat vermiş, danışıqların indiyədək heç bir nəticə vermədiyini və torpaqlarımızın Ermənistanın işğalı altında qalmaqda davam etdiyini təəssüf hissi ilə bildirib. Prezident C.Abela Azərbaycana dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmiş, həmçinin Maltanın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.

Daha sonra ölkələrimiz arasında əməkdaşlıq üçün bir çox istiqamətlərdə, xüsusən də informasiya texnologiyaları, ticarət, səhiyyə, təhsil və digər sahələrdə zəngin potensialın mövcud olduğu vurğulanıb. İkitərəfli əlaqələrin daha sürətli inkişafına təkan vermək məqsədi ilə hazırda baxılmaqda olan saziş layihələri üzrə işin sürətləndirilməsinin vacibliyi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə