Azərbaycan-İsrail arasındakı münasibətlər qarşılıqlı hörmətə və razılığa əsaslanır

Amerikanın "CNSNews" nəşrində İsrail-Azərbaycan münasibətləri "bizim dünyaya göstərə biləcəyimiz əlaqələr" kimi dəyərləndirilib

Müasir dünyamızda dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişafı sahəsində məqsədlərə birgə nail olunması əsas məsələlərdən biri olaraq diqqətdədir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni və siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla İsrail arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan verib. Vurğulamaq yerinə düşər ki, 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Mövcud əlaqələrin inkişafında, təbii ki, Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Azərbaycanın sülhsevər və çoxmillətli ölkə olduğunu çıxışların birində qeyd edən Ulu Öndər Heydər Əliyev yəhudilərin əsrlər boyu burda azərbaycanlılarla dost və mehribancasına yaşadığını bildirib: "Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. …yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır".
İKİ ÖLKƏ ARASINDA MÜNASİBƏTLƏR BU GÜN YENİ BİR MƏRHƏLƏDƏ İNKŞAFDADIR
Ölkələrimiz arasında əlaqələrin inkişafında və möhkəmlənməsində siyasi və iqtisadi maraqlar mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində, Azərbaycan ilə İsrail arasında enerji, müdafiə, milli təhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və s. sahədə sıx əməkdaşlıq var. Azərbaycanda çox sayda İsrail şirkətləri fəaliyyət göstərir. Təbii ki, bu əlaqələr - iki ölkə arasındakı münasibətlər qarşılıqlı hörmətə və razılığa əsaslanır.
Bu günlərdə Amerikanın "CNSNews" nəşrində xəbərlər bölməsinin redaktoru və onlayn kontentin, həmçinin, "The Jerusalem Post" strategiyasının rəhbəri Maayan Caffe-Hoffmanın baş nazir Benyamin Netanyahunun rəhbərliyi altında İsrailin qazandığı nailiyyətlərdən bəhs edən məqaləsi dərc olunub. Məqalədə Netanyahunun 13 illik hökuməti dövründə onun rəhbərliyi ilə xarici siyasət sahəsində əldə olunan uğurlardan, xüsusən, İsrailin müsəlman ölkələri ilə münasibətlərindən danışılır. Azərbaycan-İsrail münasibətlərinə toxunan müəllif iki dövlət arasında bu əlaqələri İsrailin müsəlman ölkələri ilə münasibətlərində artan nailiyyətlərin parlaq nümunəsi adlandırıb. Netanyahu özü İsrail-Azərbaycan münasibətlərini "bizim dünyaya göstərə biləcəyimiz əlaqələr" kimi dəyərləndirib.
AZƏRBAYCANDA ANTİSEMİTİZM YOXDUR VƏ YƏHUDİLƏRƏ DOST MÜNASİBƏTİ GÖSTƏRİLİR
İsrail və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq daim inkişaf edir və möhkəmlənir. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun məlumatına görə, 2017-ci ildə Azərbaycan İsraildən daha çox silah alan üçüncü ölkə olub (137 milyon dollar dəyərində). Müəllif vurğulayır ki, İsrail-Azərbaycan münasibətləri təkcə təhlükəsizlik sahəsində tərəfdaşlıqdan ibarət deyil. Azərbaycanlılarla bu ölkədə yaşayan yəhudi icması arasında qədim dostluq və qardaşlıq əlaqələri mövcuddur. Müxtəlif ölkələrdən olan yəhudi mənşəli qonaqlar, həmçinin, İsraildən Azərbaycana gələn müsafirlər və diplomatlar qeyd edirlər ki, bu diyarda antisemitizm yoxdur və yəhudilərə dost münasibəti göstərilir. Müəllif vurğulayır ki, 2600 ildən çoxdur ölkədə yaşayan Azərbaycanın Yəhudi İcması heç bir zülmə, qırğına və ya yerli əhali tərəfindən digər nifrət təzahürlərinə məruz qalmayıb.
ÖLKƏMİZ SİVİLİZASİYALARARASI VƏ KONFESSİYALARARASI DİALOQUN MODELİDİR
Bu gün Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etmiş təcavüzkar dövlətdir. Ermənistanla münaqişənin və Azərbaycan ərazilərinin işğal edilməsinin belə vəziyyəti Cənubi Qafqaz regionunda sülhə və təhlükəsizliyə təhdid kimi qalmaqdadır. İsrail dövləti Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yalnız beynəlxalq hüquq normaları və dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində tənzimləməyə çağırır. Mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın ədalətli mövqeyinin Yaxın Şərqdə onun mühüm strateji tərəfdaşı olan İsrail dövləti tərəfindən dəstəklənir. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə və təcavüz nəticəsində ölkə ərazisinin 20 faizinin işğal edilməsinə, ölkədə bir milyon qaçqın və məcburi köçkün yaranmasına baxmayaraq, Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoqun əsl modelidir.
AZƏRBAYCANIN YƏHUDİ İCMASI İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRİN MÖHKƏMLƏNMƏSİNƏ TÖHFƏLƏRİNİ VERİR
Azərbaycanla İsrail arasındakı münasibətlərdə ən vacib aspektlərdən biri, təbii ki, ölkəmizdə yaşayan yəhudi icmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafında yəhudi icmasının rolunu dəfələrlə qeyd edib. Azərbaycan dövlətinin başçısının vurğuladığı kimi, Azərbaycan və yəhudi xalqları əsrlər boyu sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıb, ölkələrimiz arasında bu dostluq və qardaşlıq münasibətləri bu gün də davam edir. Azərbaycanın yəhudi icması ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə fəal kömək edir. Azərbaycan 2 min ildir yəhudi icması üçün təhlükəsiz sığınacaq və vətəndir. Yəhudi İcması antisemitizmin olmadığı bu ölkədə o vaxtdan yaşayıb və yaşayır. Hazırda Azərbaycanda 7 sinaqoq, 2 yəhudi ibtidai məktəbi, 3 bağça və 1 "Yeşiva" fəaliyyət göstərir.
AZƏRBAYCAN TOLERANTLIQ NÜMUNƏSİ İLƏ BÜTÜN STEREOTİPLƏRİ MƏHV EDİR
Azərbaycanın əsl qürur yeri olan Qırmızı Qəsəbə bütün dünyada İsraildən sonra dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə unikal məkandır. Azərbaycanda yaşayan yəhudilərin Şabat bayramının Qırmızı Qəsəbədə keçirməsi, həqiqətən də, buranın onlara doğma diyar olmasından xəbər verir. Burada ayrı-seçkilik kimi hallardan əsər-əlamət yoxdur. Onlar burada sülh şəraitində xoşbəxt yaşayırlar. Odlar Diyarında yəhudilər və müsəlmanlar əsrlər boyu dinc yanaşı tərzdə yaşayır və harmonik həyat sürürlər. Azərbaycan özünün tolerantlıq nümunəsi ilə dünyada mövcud olan bütün stereotipləri məhv edir. Azərbaycan nümunəsi göstərir ki, əsas dinlərin - iudaizm, xristianlıq və islam dinlərinin nümayəndələrinin qarşılıqlı hörmət əsasında harmonik inkişaf etmələri üçün bu cür dinc yanaşı yaşamaq mümkündür.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə