Gizli sənədin xarici KİV-lərə sızdırılması erməni klanlarını bir-birinə vurub SİYASİ RAKURS + ÖZƏL
Ermənistanla Qarabağ erməniləri arasında davam edən gizli, yaxud açıq savaşlar bu dəfə 2008-ci ildə baş vermiş qanlı 1 mart hadisələri fonunda cərəyan etməyə başlayıb. Belə ki, buna səbəb BBC-nin Rusiya bürosunun sözügedən hadisələrlə bağlı gizli sənədin ictimailəşdirilməsi, o cümlədən, nümayiş iştirakçılarının məhz Qarabağdan gətirilmiş silahlı qruplar tərəfindən prezident administrasiyasının zirzəmisində mənzil qərargahları qurub, gülləborana tutması faktıdır. Onu da xatırladaq ki, prezident seçkilərindən sonra meydanlara axışanlar Robert Koçaryanın seçkilərdə uduzduğunu, Levon Ter-Petrosyanın isə qalib gəldiyini iddia edərək, nəticələrin saxtalaşdırıldığını bildirirdilər.
Bu, Paşinyan iqtidarının dayaqlarının laxladılması kimi qiymətləndirilir
Beləliklə, onsuz da İrəvan erməniləri ilə Qarabağ erməniləri arasında səngiməyən və illərə söykənən gərginlik hazırda da davam etməkdədir. Başqa tərəfdən, bu gün həmin məsələnin xarici KİV-lərin əlinə düşməsi də kəskin reaksiyalar doğurur. Burada, Nikol Paşinyanın müvafiq dövlət qurumlarında boşluqlara nəzarət etməməsi ilə bağlı ittihamlar səsləndirilir, ümumiyyətlə, həmin informasiyanın xarici mətbuata sızdırılması dövlətçiliyin təhlükəsizliyinin lazımi qaydada qorunmaması ilə əlaqələndirilir. Daha dəqiq desək, hətta Paşinyan hökumətinin daxilində fəaliyyət göstərən adamlar da həmin hadisənin iqtidarın dayaqlarının laxladılması kimi qiymətləndirirlər.
Qarabağ erməniləri Nikolun Xankəndinəki “miatsum” şüarını planlaşdırılmış cəhd adlandırırlar
İrəvan və Qarabağ klanlarının qarşıdurmasına daha bir səbəb Nikol Paşinyanın bir neçə gün öncə Xankəndindəki mitinqdə “miatsum” şüarını səsləndirib, “Qarabağ Ermənistanındır vəssəlam” bəyanatını verməsidir. Çünki tanınmamış “DQR” rəhbərliyi həm də belə iddia edirlər ki, Paşinyan həmin bəyanatı vəziyyətin daha da gərginləşdirilməsi üçün verib və eyni zamanda, separatçı respublikada keçiriləcək saxta prezident seçkilərində öz adamının seçilməsi üçün planını işə salıb. Bununla da, erməni baş nazir “DQR”də mövcud olan klanı məhv edərək, orada şəxsinə xidmət edəcək İrəvan mənşəli ermənini təyin etmək istəyini gizlətməyib.
Əlbəttə ki, baş verən hər bir hadisənin bir-biri ilə bağlılığı var və bu bağlılıqlar bilavasitə iki klan arasında baş verən qarşıdurmaların üzdə olan göstəriciləridir. Əgər nəzərə alarsaq ki, qarşıdurmalarda daha gərgin, barışmaz savaşlar gedir, bu zaman hadisələrin get-gedə dərinləşəcəyini istisna etmək olmaz.
Tramp bu məsələdə onlara “od qoydu”
Misal üçün, davam edən savaşın növbəti mənşəyi ABŞ-ın “DQR”ə humanitar yardım adı altında göndərdiyi maliyyə axınını dayandırmasıdır. Hətta ermənilərin Amerikadakı güclü lobbilərinin olmasının, eyni zamanda həmin lobbilərin ermənipərəst konqresmenlər tərəfindən dəstəklənməsi reallığının olmasına baxmayaraq, Tramp iqtidarının bu qərarı verməkdə israrlılıq nümayiş etdirməsi, ümumiyyətlə, qərarın dəyişdirilməməsi faktı bilavasitə Nikol Paşinyanın “töhfəsi” olaraq qiymətləndirilir. Belə ki, “DQR”in separatçı rejiminin rəhbərliyində təmsil olunan şəxslər Ermənistanın baş nazirinin xarici siyasətdə heç bir səriştəyə malik olmadığını, devirdiyi Serj Sarkisyan rejiminin vaxtında həmin maliyyələrin ilbəil artdığını xatırladır, bununla İrəvanın erməni klanını sözügedən qərarın verilməsində əsas günahkar hesab etdiklərini bildirirlər. Necə deyərlər, Tramp bu məsələdə onlara “od qoydu”. Ümumiyyətlə, bu məsələlər hər iki erməni cinahının yaxın vaxtlarda böyük savaşa girəcəkləri anonsunu verməkdədir.
Azərbaycanın istənilən anda öz torpaqlarını azad etmək haqqına malik olması istər işğalçıların, istərsə də separatçıların nəfəsini kəsir
Sonuncu və ən əsas məqam isə, Azərbaycan reallığıdır. Çünki Nikol Paşinyanın “miatsum” şüarı həm Ermənistanın, həm də işğal altındakı Qarabağ rejiminin bütün planlarını alt-üst edir. Beynəlxalq konvensiyalara və BMT-nin müvafiq qətnamələrinə əsaslanaraq, Azərbaycanın istənilən anda öz torpaqlarını azad etmək haqqına malik olması istər işğalçıların, istərsə də separatçıların nəfəsini kəsir. Ona görə də, Qarabağın erməni klanı hər mənada Ermənistan hakimiyyətinə qarşı çıxır, bununla da “özümüz öz başımızın çarəsinə baxarıq” timsalında rəsmi İrəvandan canlarını qurtarmağa cəhdlər göstərirlər. Ancaq hər iki tərəfdən məsələlərin analizini dərindən araşdırdığımız zaman biz, onların – həm işğalçı Ermənistanın, həm də separatçı “DQR” rejiminin Azərbaycan qarşısında məğlub duruma düşdüklərinin şahidlərinə çevrilirik.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB