İsrail NATO-ya üzv olur?

İsrailin NATO-ya üzv olması ilə bağlı təkliflər başda İran olmaqla Orta Şərqdəki bəzi ölkələrin narahatlığına səbəb olub. SİA-nın məlumatına görə, İranın rəsmi xəbər agenliyi IRNA-nin bir qolu olan İran-Balkan agenliyi (IRBA) bu xəbərlərdən çıxış edərək NATO-nun Türkiyədə 24 bazasının olduğunu yazıb. Agentlik bu bazaların yerləri və funksiyaları ilə əlaqədar geniş bir hesabat yayımlayıb.

 

Dünya Yəhudi Konqresinin rəhbəri Ronald Lauder keçən həftə İsrailin gələcəkdə təhlükəsizliyini qoruması üçün NATO-ya üzv olmasının vacib olduğunu bildirib. Almaniyanın "Die Welt" qəzetinə verdiyi yazısında o, söyləyib ki, İsrailin təhlükəsizlik üçün bəzi zəmanətlərə ehtiyacı var: "Türkiyə də daxil olmaqla Avropanın NATO üzvü ölkələri İsrailin bu ittifaqa daxil olmasına icazə verməlidir".

 

Bu çağırışdan sonra NATO baş katibi Anders foq Rasmussen İsraildə baş nazir Benyamin Netayahu ilə bir saatlıq görüş keçirib. Mətbuata açıqlanan məlumata görə, bu görüşdə NATO-İsrail əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Rasmussen həmçinin İsrail xarici işlər naziri Avigdor Liberman ilə görüşüb. İsrail Xarici İşlər Nazirliyindən verilən açıqlamada Libermanın NATO-nun baş katibinə Qərbin, xüsusilə də NATO-nun Orta Şərqdəki yeganə etibarlı müttəfiqinin İsrail olduğunu və son hadisələrin də bunu sübut etdiyini söylədiyi qeyd edilib. Proseslərin bu cür gedişatı isə İran başda olmaqla, bölgənin bir sıra ölkələrini narahat edir. NATO-ya üzv ölkələrdən hər hansı birinə ediləcək hücumun bütün NATO-ya edilmiş bir hücum olaraq dəyərləndirilməsi baxımından İsrailin hərbi bloka üzv olmasının bölgə üçün təhlükə vəd etdiyi iddia edilir.

 

IRBA hesabatında NATO-nun Türkiyədəki hərbi bazalarının adlarını və yerlərini açıqlayaraq Türkiyənin regional bir güc olduğuna diqqət çəkib. Hesabatda NATO-nun İncirlik bazasının blok üçün əhəmiyyət daşıyan baza olduğu vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə