Politoloq: “ABŞ İran-Azərbaycan münasibətlərinin korlanması fonunda Azərbaycanda terror təhlükəsini mümkün hesab edir” - MÖVQE
"ABŞ Azərbaycandakı vətəndaşlarını yenidən terror təhlükəsi ehtimalı ilə əlaqədar xəbərdar etməsinin kökündə son zamanlar İranın Azərbaycanın daxili işlərinə qarışması tendensiyası durur". Bunu SİA-ya açıqlamasında politoloq Elman Nəsirli deyib. Onun sözlərinə görə, İran hər hansı bir dövlətlə münasibətində soyuqluq yaranarkən təsir mexanizmlərindən biri kimi terror addımlarından istifadə edə bilər: "Birləşmış Ştatlar 1984-ci ildən İranı terrorizmi müdafiə edən, himayə edən dövlətlərin siyahısına daxil edib. Belə olan təqdirdə Birləşmiş Ştatlar İran-Azərbaycan münasibətlərinin korlanması fonunda Tehranın belə bir addım atması ehtimalını mümkün hesab edir. Cünki, İran bu və ya digər dövlətlərlə münasibətlərində soyuqluq yaranarkən təsir mexanizmlərindən biri kimi terroru seçə bilər. Bu, prinsip etibari ilə mümkündür. Mənə elə gəlir ki, sırf bu məntiqdən çıxış edərək ABŞ ikinci dəfə belə bəyanat verib".
Hazırda dünyanın gündəmində olan Misirdə baş verən hadisələrə münasibət bildirən politoloq hesab edir ki, ABŞ-ın 30 illik dostunu 18 günə satmasının arxasında milli maraqları durur: "Birləşmiş Ştatlar hesablamağa başlayır ki, Hüsnü Mübarəkin 82 yaşı var və xərçəng xəstəliyinə tutulub. ABŞ fikirləşir ki, regionda elə bir sistem formalaşsın ki, həmin sistem konkret şəxsiyyətin adı ilə bağlı olmasın. Yəni elə bir sistem olsun ki, sabah Hüsnü Mübarək kimisinin olmasından asılı olmayaraq həmin sistem Amerikanın maraqları çərçivəsində olsun və maraqlarını müdafiə edə bilsin".
Qeyd edək ki, ABŞ Azərbaycandakı vətəndaşlarını yenidən terror təhlükəsi ehtimalı ilə əlaqədar xəbərdar edib. Məlumatda deyilir: "ABŞ Dövlət Departamenti terror təhlükəsi haqqında malik olduğu informasiyaya əsaslanaraq, ABŞ vətəndaşlarını Azərbaycanda, o cümlədən ABŞ maraqlarına qarşı ehtimal olunan terror aktları ilə əlaqədar öz vətəndaşlarına yenə də xəbərdarlıq edir. Bu ehtimal ciddi olaraq qalır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB