Azərbaycan gerçəklikləri, ictimai-siyasi həyatında baş verən önəmli hadisələr, tarixi, mədəniyyəti, turizm imkanları, qlobal turizm bazarında getdikcə artan nüfuzu və Azərbaycanın ideal turizm məkanına çevrilməsində xalqın qonaqpərvərliyi, ölkənin təbiəti, coğrafi mövqeyi və s. bağlı dünya mətbuatında yer alan məqalələrin sayı gündən-günə artır. Məqalələrin yazılmasına, əlbəttə ki, səbəb Azərbaycan reallıqları, dövlətimizin tarixi və müasir inkişafıdır. Elə Pakistanın "Diplomatic Focus" jurnalında təntənəli qeyd olunmuş Azərbaycanın milli bayramı - Respublika Günü Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və tarixi əhəmiyyəti, müasir Azərbaycanın inkişafı, ölkənin iqtisadiyyatı və turizm sektoru, Heydər Əliyev Fondunun fəaliyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materiallar yerləşdirilib. Bundan başqa, xüsusi buraxılışda Azərbaycan hərbi kontingentinin Pakistan Günü ilə bağlı paradda iştirakı, Heydər Əliyev Fondunun dəstəyi ilə uşaqlar üçün təşkil olunmuş tədbir və iftar yeməyi və s. məqalələr dərc olunub.
REGİONUN LİDER DÖVLƏTİNƏ ÇEVRİLƏN AZƏRBAYCAN DİPLOMATİYA SAHƏSİNDƏ UĞURLAR ƏLDƏ EDİB
Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi ilə bağlı yazıya da xüsusi buraxılışda yer ayrılıb. Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq, 2007-ci il avqustun 24-də Azərbaycan Prezidenti İlham Əliyev hər il iyulun 9-nun Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Diplomatiya gününün müəyyən olunması ilə bağlı bir neçə təkliflər nəzərdən keçirilib, o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlə imzaladığı ilk müqaviləsi - Osmanlı Türkiyəsi ilə bağlanan müqavilə günü, Paris Sülh Konfransında Antanta dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanındığı gün və s. Lakin nəticədə, qərara alınıb ki, arxivlərdən Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi sənəd 1919-cu il 9 iyul tarixli Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat olduğundan, məhz bu tarix diplomatiya gününün əsasını təşkil etsin. Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib. Qeyd edək ki, hazırda Bakıda 66 ölkənin və 11 beynəlxalq təşkilatın diplomatik missiyaları fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanın xaricdə 59 səfirliyi, beynəlxalq təşkilatların yanında 5 daimi nümayəndəliyi və 9 baş konsulluğu ölkəmizi təmsil edir.
28 May - Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş bölmədə 1918-ci ildə daxili və xarici çətinliklərin olduğu bir dövrdə, imperiyanın çökməsi nəticəsində müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından, bir il sonra dövlətin Xarici İşlər Nazirliyinin təsis edilməsindən, həmçinin müasir Azərbaycanın əldə etdiyi inkişaf və nailiyyətlər, Azərbaycan-Pakistan münasibətlərinin indiki vəziyyəti ilə bağlı oxuculara məlumat verilib.
AZƏRBAYCAN BEYNƏLXALQ PLATFORMALARDA MÖVQEYİNİ QƏTİYYƏTLƏ MÜDAFİƏ EDİR
Xüsusi buraxılışda, həmçinin 1993-2003-cü illərdə və daha sonra Azərbaycanın keçdiyi yola nəzər salınıb. 1993-cü ildə müstəqil Azərbaycanın Prezidenti seçilən Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi və iqtisadi sabitliyin bərqərar olunduğu, həmçinin ictimai həyatın müxtəlif istiqamətlərində, eləcə də insan hüquqları və demokratiya sahəsində inkişafa start verildiyi, Azərbaycan Respublikasının Yeni Konstitusiyasının hazırlanaraq, qəbul edildiyi diqqətə çatdırılıb. Ümummilli Liderin rəhbərliyi ilə xarici siyasət xəttinin qlobal və regional gerçəkliklərə uyğun yenidən qurulduğu, məhz bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində, hazırda Azərbaycanın bütün beynəlxalq platformalarda öz mövqeyini qətiyyətlə müdafiə etdiyi və söz sahibinə çevrildiyi vurğulanıb. Bu gün ölkəmiz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara və mövqelərimizin dünya səviyyəsində müdafiə edilməsinə əsaslanan müstəqil, çoxşaxəli, balanslı və fəal xarici siyasət yeridir. Bu gün Azərbaycan böyük layihələrin təşəbbüskarı və iştirakçısı qismində regional əməkdaşlığı inkişaf etdirən və beynəlxalq nüfuza malik olan bir dövlətdir. Hazırda etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanın xarici siyasət uğurları qonşu ölkələrlə və dünyanın digər dövlətləri ilə balanslaşdırılmış münasibətlərin qurulması, qarşılıqlı maraqlardan irəli gələn bərabər dialoq və əməkdaşlığın həyata keçirilməsinə əsaslanır. Dövlətimizin başçısı sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini uğurla müdafiə edir.
Xüsusi buraxılışda 1828-ci ildə imzalanan "Türkmənçay" müqaviləsindən sonra ermənilərin tarixi Azərbaycan ərazilərinə köçürüldüyü, məhz bundan sonra onların müsəlman türklərə, o cümlədən azərbaycanlılara qarşı aqressiv yanaşmaları da qeyd olunub. Müasir dövrdə başlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkilib, beynəlxalq təşkilatların bu məsələ ilə bağlı qəbul etdikləri qətnamələrə və erməni təcavüzünün nəticələri barədə hazırlanmış statistik xəritəyə də yer verilib.
Ermənistanın ölkəmizə qarşı təcavüzü və nəticədə, Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu da daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizinin işğalı və bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından didərgin salınması Azərbaycanın ən çətin və ən ağrılı problemidir. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan və təhqir edilməsi, mənimsənilməsi kimi məqsədli siyasət həyata keçirir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü və sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır.
Müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılır, Azərbaycan regionun lider dövlətinə çevrilib və diplomatiya sahəsində uğurlar əldə edilib. Bu və ya digər ictimai-siyasi proseslər dünya mətbuatının diqqətindən yayınmır və reallıqlar kənardan daha aydın görünür.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB