Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
Hər bir cəmiyyətin əsas azadlıqları, daha dəqiq desək, fikir, söz və məlumat azadlıqları mətbuatdan başlayır. Çünki, dövrün gerçək təsvirini vermək kimi mühüm bir missiyanı mətbuat yerinə yetirir. Bu baxımdan mətbuat cəmiyyəti olduğu kimi təsvir edən bir güzgüdür ki, bu güzgü cəmiyyətin bütün həqiqətlərini özündə əks etdirir. Mətbuatın tərəfsiz olaraq cəmiyyətə xidmət etməsi isə bu güzgünün şəffaflığını, nəticədə, cəmiyyətin fikir, söz və məlumat azadlığını şərtləndirir.
Plüralist cəmiyyətin yetişməsi üçün fikir, söz, məlumat azadlığı kimi insan azadlıqlarının nə qədər vacib məsələ olduğu şübhə belə doğura bilməz. Çünki, daim tərəqqiyə can atan insan fikir, söz, məlumat azadlığı olmadan tərəqqiyə nail ola bilməz.
Latınca "plüralis” sözündən olub "çoxluq” mənasını bildirən plüralizm ictimai-siyasi həyatda daim yarışda, rəqabətdə və mübarizədə olan, sosial, siyasi qrupların, partiyaların, təşkilatların, ideyaların və baxışların çoxluğu deməkdir. Plüralizm cəmiyyətdə normal sosial-siyasi münasibətlərin dirçəlmə meyillərinin inkişafını stimullaşdırır və proseslərin nəzarətə məruz qalmadan sərbəst, müstəqil şəkildə inkişafını təmin edir.
Plüralizm sosial qrup və təbəqələrin müxtəlifliyi şəraitində formalaşır. Çoxpartiyalılıq, hakimiyyətin müxtəlif muxtar mərkəzlərə bölünməsi, yerlərdə özünüidarənin inkişafı və "dördüncü hakimiyyətin” - həqiqi müstəqil mətbuatın olması plüralizmdir.
İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir, ifadə azadlığı, plüralizm və bunların təmini hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin göstəricisidir. Təsadüfi deyil ki, hüquqi dövlət quruculuğu və demokratiyanın ölçülməsində də bu hüquq və azadlıqlar əsas indikatorlardan biri sayılaraq bir çox indekslərdə istifadə olunur və ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsinin demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir.
Hal-hazırda ölkəmizdə hər kəsin müstəqil fikir bildirmək, istənilən məsələyə mövqe sərgiləmək imkanı varsa, deməli, Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm yüksək səviyyədədir. Sözsüz ki, bu azadlıqlar, bu plüralizm dövlətin diqqət və qayğısı, yaradılan şərait sayəsində formalaşıb. Müstəqil medianın inkişafına dövlət dəstəyi söz və fikir azadlığının yaranmasını şərtləndirir və sözsüz ki, bu baxımdan da plüralizmin inkişafında dövlətimizin rolu danılmazdır.
Azad sözün və milli mətbuatın inkişaf tarixi
Hər bir ölkədə, insanların müstəqil düşüncə ifadə etmək arzusu ilk növbədə fikir, söz və məlumat azadlıqları ilə gerçəkləşir və cəmiyyətdə fikir müxtəlifliyinə, həqiqəti üzə çıxarmağa imkan yaradır. Azərbaycan xalqının fikir, söz, mətbuat azadlığı uğrunda mübarizəsinin dərin tarixi vardır. Xalqımızın ədəbi həyatına aid yazılar ilk dəfə XIX əsrin ikinci onilliyindən başlayaraq Tiflisdə çıxan "Tiflisskiye vedomosti", "Kavkaz", "Zakavkazskiy vestnik", "Novoye obozreniye" və başqa rus qəzetlərində dərc olunurdu. Azərbaycan dilində nəşr olunan ilk qəzet "Tiflis əxbarı" qəzeti idi ki, 1832-ci ildən Tiflisdə nəşr olunmağa başlamışdı.
Əlbəttə ki, Azərbaycan həqiqətlərinin işıqlandırılması, xalqın maarifləndirilməsi kimi müqəddəs missiyanı bu qəzetlərin yerinə yetirməsi çarizmin ideoloji-siyasi təsiri altında mümkünsüz idi. Məhz bu səbəbdən də Azərbaycanın o dövrdə yaşamış ziyalıları, görkəmli şəxsiyyətləri milli mətbuatın yaradılması üçün uzun illər mübarizə aparmalı oldular. Bu mübarizənin də məntiqi nəticəsi olaraq, görkəmli ədib və ziyalı Həsən bəy Zərdabinin təsisçiliyi və baş redaktorluğu ilə 1875-ci il iyulun 22-də Azərbaycanın ilk mətbu orqanı - "Əkinçi" qəzeti nəşr olunmağa başladı.
Bu nəşrin işıq üzü görməsi sıradan bir hadisə deyildi, çünki, "Əkinçi" qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Heç də təsadüfi deyil ki, Azərbaycanda hər il 22 iyul tarixi Milli Mətbuat Günü kimi qeyd olunur. Lakin, təəssüflə qeyd etmək lazımdır ki, "Əkinçi" qəzeti işıq üzü görsə də belə çarizm ideologiyası həmin dövrdə insanların fikir və söz azadlığına imkan vermirdi. Əkinçi qəzetinin nəşrindən bir neçə onilliklər sonra Azərbaycanda Xalq Cumhuriyyəti hakimiyyətinin qurulması ölkədə fikir, söz, mətbuat azadlığı üçün münbit şərait yarada bildi. Lakin, bu hakimiyyətin, bu müstəqilliyin də ömrü uzun olmadı və cəmi 23 ay çəkən bu azadlığın ardınca Azərbaycan mətbuatı bu dəfə sovet ideologiyasının təsirlərinə məruz qalmalı oldu. Milli mətbuatımız 70 il sürən Sovetlər birliyi dönəmində sovet ideologiyasını təbliğ etməyə məcbur edildi.
Ötən əsrin 90-cı illərinin sonlarında Sovetlər birliyinin süqut etməsilə, Azərbaycanda təkcə milli müqavimət hərəkatı deyil, ölkənin mətbuatında da görünməmiş dönüş yarandı. Əhəmiyyətli dərəcədə kəmiyyət və keyfiyyət dəyişiklikləri inqlabi dönüş olduğunu təsdiqləyirdi. Həmin dövrdə birdən-birə çoxlu sayda azad fikirli qəzetlərin yaranması və uğurlu fəaliyyəti ölkəmizdə əsl evolyusiyadan xəbər verirdi. Müstəqilliyini bərpasından sonra senzuraların ləğv olunması ilə Azərbaycan mətbuatı özünün azad dönəminə qədəm qoydu.
Fikir, söz və məlumat azadlığı istiqamətində qəbul olunan normativ hüquqi aktlar əldə olunan nailiyyətləri şərtləndirir
Ötən əsrin sonlarından, daha dəqiq desək 1991-ci ildə müstəqilliyin əldə edilməsindən bu vaxta qədərki zaman fasiləsində Azərbaycanda söz və fikir azadlığı istiqamətində olan keyfiyyət dəyişiklikləri çox böyük nailiyyətlərdən xəbər verir. Bir-birinin ardınca qəbul olunan normativ hüquqi aktlar isə əldə olunan nailiyyətləri şərtləndirir desək yanılmarıq. Müstəqilliyin bərpasından sonra, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixində imzaladığı Sərəncamla təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, eləcə də, həmin il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman ölkədə fikir, söz, mətbuat azadlığına əlverişli şərait yaradan ilk normativ aktlardır. Fikir, söz, mətbuat azadlıqlarının təminatına əlverişli şərait yaradan bu sənədlər Müstəqil Dövlətlər Birliyi məkanında ilk olaraq Azərbaycanda senzuranı ləğv etdi. Dövlətin mətbuat üzərində nəzarətinə isə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması ilə birdəfəlik son qoyuldu.
Sonrakı dövrlərdə bir-birinin ardınca, "Kütləvi informasiya vasitələri haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası qanunlarının qəbul olunması cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə, fikir, söz, mətbuat azadlığına öz tövhələrini verdi və əsas insan azdlıqlarının bugünkü yüksək səviyyəyə çatmasına əsaslı zəmin yaratdı. Ulu Öndərin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" isə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynamaqla yanaşı, mətbuatın inkişafına stimul verdi.
“Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir” deyən Ümummilli Lider Heydər Əliyev azad mətbuatın inkişafına çox böyük diqqət göstərib. Çap mətbuatının dövlət Nəşriyyatına olan borclarının silinməsi isə fikir, söz və mətbuat azadlığının inkişafında dövlətin bilavasitə maraqlı olduğunun bariz nümunəsidir.
Cənab Prezident İlham Əliyevin jurnalistləri özünün köməkçisi adlandırması ölkədə plüralizmin və söz azadlığının göstəricisidir
Fikir, söz və məlumat azadlığının, mətbuatın inkişafına dövlətin bilavasitə qayğısı və dəstəyi bu gün də davam etdirilir. Cəmiyyət bunu mətbuata göstərilən dövlət qayğısının ən müxtəlif təzahürlərində hiss edə bilir. Cənab Prezident İlham Əliyev bir çox çıxışlarında jurnalist əməyini yüksək qiymətləndirdiyini bildirib. Ölkə başçısının iradəsi ilə bu günə kimi 400 nəfərdən artıq jurnalistin dövlətdən mənzil alması heç də təsadüfi deyil, əksinə, dövlətin, dövlət başçısının milli mətbuatımıza qayğısının təzahürüdür. Bu diqqət, bu qayğı hələ də davam etdirilir və mətbuat işçiləri, jurnalistlər üçün nəzərdə tutulan binaların tikintisi, onlara təhvil verilməsi bununla bitməyib.
Jurnalistlər üçün inşa olunan ikinci binanın açılışında jurnalist əməyinin cəmiyyətdəki rolu barədə danışan dövlət başçısı mətbuat işçilərini, jurnalistləri hətta özünün köməkçisi adlandırıb. Cənab Prezident öz nitqində bildirib ki, bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edir: ”Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə, jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir”.
Ölkədə plüralizmin və söz azadlığının hansı səviyyədə olduğunu və Azərbaycan mətbuatının özünün bütün problem və uğurları ilə dövlət başçısının diqqət mərkəzində olduğunu ölkə başçısının dilindən səslənmiş bu fikirlər tam şəkildə ifadə edir. Etiraf etmək lazmdır ki, fikir, söz və məlumat azadlığının, ölkədə mətbuatın üstün səviyyəsi, bu sahəyə göstərilən diqqət və qayğı, şəxsən Cənab Prezident İlham Əliyevin mətbuata həssas münasibəti xarici mətbuatın da diqqətindən yayınmır. Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyovun Cənab Prezidentin qəbulunda olan zaman İlham Əliyevin mətbuatı şəxsən izlədiyini hiss etdiyini dilə gətirməsi, hətta onun hər ölkənin mətbuatını “öz dilində” oxumasından heyrətini gizlətməməsi təsdiq edir ki, ölkəmizdə mətbuata göstərilən həssas münasibət xatici mətbuatın da diqqət məkəzindədir və yüksək qiymətləndirilir. Cəsarətlə deyə bilərik ki, ölkəmizdə fikir, söz, məlumat azadlığı tam şəkildə təmin olunur və hazırda milli mətbuatımız özünün ən uğurlu, şəffaf fəaliyyət dövrünü yaşayır. Bütün sahələrdə olduğu kimi mətbuatda da müşahidə edilən dinamik inkişaf gələcəkdə fikir, söz, məlumat azadlıqıarının daha üstün səviyyədə olacağına, milli mətbuatımızın daha şəffaf fəaliyyətinə əsaslı zəmin yaradır və ümidləri artırır.
İnam HACIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB