"Gəncə hadisələri əvvəlcədən panlaşdırılmış, xüsusi hazırlanmış hadisə idi və aradan keçən bir il ərzində aparılan istintaq tədbirlərinin nəticələri bunu bir daha sübut etdi. Yəni, əvvəlcədən düşünüldüyü kimi, guya bir nəfərin icra başçısından narazılığı kimi təqdim edilən hadisə sıradan bir cinayət deyildi. Bunun ardınca kütləvi iğtişaşlar yaradılmalı və dövlətin konstitutsion quruluşuna qəsd edilməli idi". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.
Onun sözlərinə görə, videogörüntülərdən də aşkar müşahidə edilir ki, rusiya vətəndaşı olan Yunis Səfərovun icra başçısına qarşı terrorundan sonra qara geyimdə, dini şüarlar səsləndirən, xüsusi kəsici alətlərlə silahlanmış bir qrup xüsusi canfəşanlıq göstərməklə insanları itaətsizliyə çağırışlar etməklə ilk növbətə hadisələrin məcradan çıxmasına nail olmaq planını icra etməklə məşğul idi: "Göründüyü kimi, terror hadisəsindən sonra Gəncəyə aid olmayan, orada yaşamayan bəzi qüvvələr şəhərdə peyda oldular, insanları təxribata, silahlı üsyana təhrik edərək radikal çağırışlar etməklə polis əməkdaşlarını qətlə yetirdilər. Ardınca iğtişaşın miqyasının genişlənməsi, iğtişaşın alovlanması və bütün ölkə ərazisini əhatə etməsi planlaşdırılırdı. Lakin, Azərbaycan insanı hadisələrin mahiyyətini dərk edərək müdrikliklə dövlətin müdafiəsinə qalxdı, dövlətçiliyimizə qarşı yönəlmiş təxribata qarşı çıxmaqla onun genişlənməsinə imkan vermədi. Xüsusilə, hüquq mühafizə orqanlarımız ayıq-sayıq davranaraq cinayətkar ünsürlərin ələ keçirilməsi və məhv edilməsi istiqamətində qətiyyətli addımlar atdılar.
Sual olunur ki, bu sıradan bir narazılıq idisə insanları itaətsizliyə, dövlətə qarşı mübarizəyə səsləyən qruplar birdən-birə Gəncədə necə və haradan peyda oldular? Yunis Səfərov hadisənin icrasını təkbaşına həyata keçirirdisə və bu sosial narazılıqdan doğan adi bir cinayət hadisəsi idisə bəs iki yüksək rütbəli polis zabitini qətlə yetirənlər kimlər idi? Göründüyü kimi, hadisələri bir-biri ilə nəinki bağlayan məqamlar var, hadisələrin eyni mərkəzdən idarə edilməsi faktdır. Hadisədən sonra güc strukturlarımızın birgə bəyənatında da, istintaq zamanı da bu öz təsdiqini tapdı. Bilirik ki, Azərbaycana qarşı radikal dini dairələrin çirkli planları var, bunu bir neçə dəfə reallaşdırmaq istəsələr də insanlarımızın iradəsi, dövlətimizin gücü qarşılığında bu planlar alt-üst olub.
Təəssüf doğuran məqam ondan ibarətdir ki, özünə demokratik qüvvələr deyən müxalifət Gəncə hadisələri zamanı radikal dini qrupları dəstəkləməklə öz mahiyyətlərini ortaya qoydular. Deməli, bu insanlar üçün vətən, dövlət anlayışı yoxdur. Çünki, bir-biri ilə heç bir vəchlə eyni araya sığmayan demoktratiya və terror, dini ekstrimizm anlayışlarını eyniləşdirmək hansı məntiqə və siyasi əxlaq sığır? Sosial şəbəkələrdə özlərinə aid olan səhifələrdə terrorçuya açıq dəstək nümüyiş etdirmək demokratik dəyərlərlə necə uyğunluq təşkil edir? Özünə demokratiya carçısı deyən müxalifət terrorçunu hansı məntiqlə milli qəhrəman adlandıra bilər? Yunis Səfərovun Suriyada radikal dini terrorçu birləşmələrdə silahlı təlimlər keçməsi, terrorçu kimi hazırlanmsı faktlarını həm foto, həm də video görüntülər təsdiq edir. Bu qədər faktlar olduğu halda “demokrat”ları dini ekstrimist qruplarına bağlayan tellər nədir? Bu bir daha dövlətçilk anlayışının “demokrat” bəylərin siyasi platformaları üçün yad element olduğunu nümayiş etdirir. İnsanın siyasi iddiaları ola bilər, yaxud, hansısa məmur yerində olmaya bilər, hansısa sosial problemlər mövcud ola bilər, amma, dövlətə qarşı təhlükə olanda bütün digər problemlər artıq ikinci plana keçməlidir. Özünü müxalifət kimi təqdim edən qrup dövlətə qarşı yönəlmiş təhdidi dəstəkləyirsə artıq bu onların natamam mahiyyətini ortaya qoyur. Və o düşüncədə, əqidədə olan müxalifət heç bir zaman uğur qazana bilməz.
Azərbaycan iri transmilli layihələr reallaşdırmaqla nəinki bölgədə, eləcə də Avropa ilə Asiyanın qovşağında mühüm siyasi, iqtisadi və mədəni körpü rolunu oynayır. Bu layihələrdən narazı qalan qüvvələr bütün imkanlarını səfərbər edərək davamlı şəkildə müstəqil, milli mənafelərə söykənən siyasət yürüdən Azərbaycana qarşı təhdidlər, təxribatlar törətməkdədirlər. Əlbətdə ki, bu kimi təxribatlar müdrik xalqımızın dövlətçiliyə bağlılığı, sadiqliyi, həmçinin, mövcud siyasi iqtidara dəstəyi fonunda iflasa məhkumdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB