Azərbaycan beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verir
Paytaxt Bakı YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü Sessiyasına uğurla ev sahibliyi edir
Con illər Azərbaycan çox vacib beynəlxalq tədbirlərə ev sahibliyi edərək, qlobal və regional sabitliyə töhfələrini verir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və onlarla belə tədbirləri keçirməklə, dünyanın diqqətini özünü cəlb edən Azərbaycan bu və ya digər tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət edir. Müasir dünyanı narahat edən məsələlər də, ölkəmizdə müzakirə olunur. Dünyada baş verən qlobal dəyişikliklərlə bağlı yaranmış çətinliklərin aradan qaldırılması yollarının müzakirəsi baxımından keçirilən tədbirlərdə ölkələrin təmsilçiləri və fərqli fikirli insanlar arasında daha böyük anlaşmanı təmin etmək kimi böyük bir missiya həyata keçirilir. Qütbləşən dünyada əhatəli və sülhsevər cəmiyyətlərin necə qurulması yolları müzakirə edilir. Təbii ki, hər məsələnin mərkəzində insan amili dayanır və bəşəriyyətdə olan insanların rifahın yüksək olması vacib məsələlərdəndir. Sülhün qorunması, dayanıqlı inkişaf, ədalətli bölüşmə, regional rifah və inkişafda uçurumun azaldılması önəmli hədəflər sırasındadır və belə mövzuların müzakirə edilərək, mühüm qərərların qəbul edilməsi vacibdir.
"BİZ FƏAL TƏMSİLÇİLİK VƏ VERDİYİMİZ TÖHFƏLƏRLƏ UNESKO-NUN İŞİNDƏ UĞURLA İŞTİRAK EDİRİK"
Bu gün paytaxtımızda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası da Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci Sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Prezident İlham Əliyev iyunun 30-dan iyulun 10-dək davam edəcək sessiyanın Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq Sərəncam imzalayıb. Bununla da, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü Sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi təşkil olunub.
Sessiyanın açılışında çıxış edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyeva ölkəmizlə bu təşkilat arasında ötən 27 ildə bir sıra sahələrdə uğurlu əlaqələrin qurulduğunu bildirib: "Biz fəal təmsilçilik və verdiyimiz töhfələrlə UNESKO-nun işində uğurla iştirak edirik" deyən Mehriban Əliyeva ümumdünya və milli irsin qorunmasının Azərbaycanda dövlət siyasətinin mərkəzində dayandığını vurğulayıb. Son 5 ildə ölkəmizdə 40 tarixi abidənin bərpa edildiyini və yenidən qurulduğunu deyən Mehriban Əliyeva bununla da, milli mədəniyyətimizin zənginləşdiyini diqqətə çatdırıb.
AZƏRBAYCAN - YUNESKO ƏLAQƏLƏRİ İNKİŞAFDADIR
Azərbaycanın maddi irs nümunələri olan "İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi", "Qobustan Qaya Sənəti Mədəni Landşaftı" və s. YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Eyni zamanda, Azərbaycanın bir neçə qeyri-maddi mədəni irs nümunəsi YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olunub. "Azərbaycan Muğamı", "Azərbaycan Aşıq Sənəti", "Novruz", "Ənənəvi Azərbaycan Xalçaçılıq Sənəti", "Tar və Onun İfaçılıq Sənəti", "Ənənəvi Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması", "Lahıcın misgərlik sənəti" və s. YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
Bir çox tədbirlər Orxon-Yenisey abidələrinin oxunmasının 100 illik yubileyi, Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyi, "Kitabi-Dədə Qorqud" Dastanının 1300 illik yubileyi, Nəsirəddin Tusinin anadan olmasının 800 illik yubileyi, Mirzə Kazımbəyin 200 illik yubileyi, Akademik Yusif Məmmədəliyevin 100 illik yubileyi, Lətif Kərimovun 100 illik yubileyi, Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tamaşasının 100 illik yubileyi, Mir Cəlal Paşayevin 100 illik yubileyi, Nəsiminin ölümünün 600-cü ildönümü və s. YUNESKO çərçivəsində qeyd edilib. Bütün bunlar Azərbaycan - YUNESKO əlaqələrinin yüksələn bir xətlə inkişafda olduğunu göstərir.
Bütün bunlarla yanaşı, Heydər Əliyev Fondu və YUNESKO arasında əməkdaşlıq çərçivəsində imzalanmış sazişlər də qeyd olunmalıdır. Heydər Əliyev Fondunda "BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatı - YUNESKO, Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu arasında ölkəmizdə peşə təhsilinin inkişafını nəzərdə tutan layihənin icra planına dair" Saziş, "Azərbaycan hökuməti ilə YUNESKO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi" və s. imzalanmışdır.
"SÜLH MƏDƏNİYYƏTİNİN TOXUMLARI DİALOQ VƏ QARŞILIQLI HÖRMƏTLƏ CÜCƏRƏ BİLƏR"
Mehriban Əliyeva çıxışında Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal edildiyini, 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyini, yüzlərlə tarixi və memarlıq abidəsinin dağıdıldığını da vurğulayaraq "Sülh mədəniyyətinin toxumları dialoq və qarşılıqlı hörmətlə cücərə bilər" deyib.
Belə möhtəşəm tədbirlərin ölkəmizdə təşkili YUNESKO ilə Azərbaycan arasında olan dostluq körpüsünün məntiqi nəticəsidir. Bu körpünü möhkəmləndirən Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində, Azərbaycanla YUNESKO arasında əməkdaşlıq genişlənmişdir. Əbəs deyil ki, bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşmasındakı işinə sədaqətinə, mədəniyyətlərarası dialoqun inkişafı naminə göstərdiyi səylərə, mədəni müxtəlifliyin möhkəmləndirilmnəsinə sanballı töhfələrinə görə, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevaya YUNESKO-nun baş direktoru tərəfindən "Qızıl Motsart" medalı təqdim olunub. İrina Bokovanın Onun ünvanına söylədiyi "Siz YUNESKO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız" ifadəsi Mehriban Əliyevanın bu təşkilatla olan əməkdaşlığının bariz göstəricisidir.
Bakı sessiyasında UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl nəzərdən keçiriləcək. Namizədliyi irəli sürülmüş faylların 28-i mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir. Sessiyalarda, ilk olaraq, siyahı üzrə təbiət obyektləri, daha sonra mədəni obyektlərlə bağlı nominasiyalar müzakirə ediləcək. Tədbir çərçivəsində 50-yə yaxın paralel tədbir və sərgi keçiriləcək. Sessiyanın gündəliyinə 2018-2019-cu illər üçün nəzərdə tutulmuş büdcənin icrası barədə hesabatın dinlənilməsi, 2020-2021-ci illər üçün Dünya İrsi Fondunun büdcə təklifi ilə bağlı müzakirələr, məşvərət orqanlarının hesabatlarının dinlənilməsi, Dünya İrsi Siyahısına daxil edilmək üçün namizədliyi irəli sürülmüş faylların nominasiya prosesi və siyahıya daxil edilmiş abidələrin qorunması ilə bağlı müzakirələrin aparılması daxildir.
Qeyd edək ki, 30 iyun - 10 iyul tarixlərində keçiriləcək UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü Sessiyasında xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə, 180-dək ölkədən 2500-dən çox nümayəndə iştirak edir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB