Sərdar Cəlaloğlunun başını İqbal Ağazadə “yeyib”… MÜXALİFƏT

Sərdar Cəlaloğlunun başını İqbal Ağazadə “yeyib”… MÜXALİFƏT

ADP sədri yenidən “Ümid” sədrinin “qızıldan dağlar” vədinə inanıb

Son zamanlar ənənəvi düşərgədə baş verən qarşıdurmalar, qopmalar, ayrı-ayrı ziddiyyətli məqamlarda qrup maraqlarının savaşlara girmələri bir daha sübut edir ki, müxalifət sözün həqiqi mənasında ciddi deqradasiyaya uğrayıb və onun yenilənməsinə, artıq naftalin qoxusu verən siyasətbazların gerçək siyasətçilərlə əvəzlənməsinə ehtiyac var. Misal üçün, “Milli Şura”, “AXH” kimi təşkilatlarda siyasi üfunət iyi verən müxalifət funksionerləri yeni qurumlarda birləşmək xəyallarına dalmaqdansa, siyasəti üzüsulu şəkildə tərk etmək barədə düşünsəydilər daha yaxşı olardı.

İqbal Ağazadənin millət vəkili seçilməsində “adepeçilərin” müəyyən xidmətləri var idi

Bu arada, vaxtilə “Qarabağ” seçki blokunda birgə fəaliyyət göstərmiş ADP sədri Sərdar Cəlaloğlunun “Ümid” sədri İqbal Ağazadə ilə pozulmuş münasibətlərini də xatırlamaq olar. Daha doğrusu, İ.Ağazadə parlamentə seçilər-seçilməz, adıçəkilən blok dağıldı və S.Cəlalğolu pis vəziyyətdə qaldı. Hətta deputatlıq zamanı İ.Ağazadə ADP ilə münasibətlərini birdəfəlik pozdu. Halbuki, millət vəkili seçilməsində “adepeçilərin” müəyyən xidmətləri var idi.

Maraqlısı da budur ki, İ.Ağazadə növbəti dəfə deputat seçilə bilmədikdən sonra yenidən “lövbətini” S.Cəlaloğluya tərəf atıb. Bu dəfə o, yeni blok yaradıb, həmin bloka liderlik etmək ambisiyasını gizlətməyib. Və yenə də maraqlısı ondadır ki, ADP sədri “Ümid” sədrinə bu qədər kələklərə düçar olduqdan sonra, növbəti dəfə də inanmağa davam edir.

Sərdar Cəlaloğlu siyasi taleyini İqbal Ağazadəyə həvalə edib və ondan asılacağı var

Misal üçün, S.Cəlaloğlu hətta yeni birliyini tez yaradılmasını (?-R.R.) istəyib. SİTAT: “Hesab edirdim ki, bu birlik təcili yaradılmalı, inkişaf etdirilməli idi. Amma İqbal bəy tamamilə başqa mövqedən yanaşır, deyir ki, tələsməyək, başqa qüvvələrin də bura gəlmək şansı varsa, gözləyək, onlar da gəlsin. O baxımdan hər şey İqbal bəydən asılı olacaq. O, nə vaxt desə, onda da yaradacağıq”.

Göründüyü kimi, sanki S.Cəlaloğlu siyasi taleyini İ.Ağazadəyə həvalə edib və ondan asılacağı var. O cümlədən, “Ümid” sədrini özünə “lider” kimi görmək istəyindədir. Çünki sərgilənən münasibətdən başqa cür fikir çıxarmaq da olmur.

Bütün bunlardan isə belə nəticə hasil etmək olar ki, İ.Ağazadə yenidən S.Cəlaloğluya “qızıldan dağlar” vədi verib və ADP sədri də onun bu “vədlərinə” qurban getmək ərəfəsindədir. El dili ilə desək, İqbal Ağazadə Sərdar Cəlaloğlunun başını “yeyib”…

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə