Ramazan ayı gözəl niyyətlər və xeyirxah əməllər ayıdır

Ramazan ayı gözəl niyyətlər və xeyirxah əməllər ayıdır

Bu gün müasir, müstəqil Azərbaycan ölkə Prezidenti İlham Əliyevin dövlət-xalq birliyinə əsaslanan müdrik siyasəti, qətiyyətli iradəsi sayəsində yeni zəfərlər qazanır və qlobal təşəbbüslərin mərkəzinə çevrilir. Ölkəmiz multikultural dəyərləri təşviq edir və dünyanı həmrəyliyə dəvət edir. Ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan ekstremizm, radikalizm və terrorizmə qarşı mübarizənin önündə gedən dövlətlərdən biridir və islam dünyasının inkişafına öz töhfəsini verir.
Sülh, əmin-amanlıq və təhlükəsizlik şəraitində inkişaf dövrünü yaşayan Azərbaycan mövcud olan tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan dövlətə çevrilib. Ölkədə formalaşan tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən ənənəyə çevrildiyindən, bu gün ölkəmiz dini tolerantlığın ünvanı olaraq, dünyada tanınır. Tarixi ənənələrin, müasir zamanda isə, müvafiq qanunvericiliyin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olan tolerant mühit, multikultural dəyərlər insanların dinindən və irqindən asılı olmayaraq, siyasi sabitliyi, əmin-amanlığı ilə seçilən ölkədə - Azərbaycanda firavan həyat sürməsinə əsas verir. Bu məkanda hər kəs milli mənsubiyyətindən və irqindən asılı olmayaraq, azad nəfəs alır və sərbət fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan çoxkonfessiyalı və çoxmillətli ölkədir və bu, bizim böyük sərvətimizdir: "Biz nümayiş etdiririk ki, yalnız bu yolla inkişaf etmək olar. Özünütəcrid, nifrət hisslərinin bəslənilməsi və ya özünün digərlərindən üstün tutulması bumeranq effekti verəcək və nəticədə, bu işlə məşğul olanların özlərinə xələl gətirəcək".
Müxtəlif dini mənsubiyyətə malik insanların cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss etməsi də Azərbaycanda tolerantlıq mühitinin əsas göstəricisidir. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət sayəsində reallaşıb.
Bəli, bu gün Azərbaycan dünyəvi, müasir və dünyaya açıq olan dövlət olmaqla yanaşı, milli dəyərlərə, adət-ənələrində böyük hörmətlə yanaşan bir ölkədir. Azərbaycan Prezidenti İlham Əliyev islami dəyərlərin milli dəyərlərimizin ayrılmaz tərkib hissəsi kimi dəyərləndirir: "Bizim çox möhkəm təməlimiz var. Bu, bizim milli dəyərlərimizdir və bu dəyərlər bizim üçün hər şeydən üstündür. Biz çalışırıq və nail oluruq ki, gənc nəsil də milli ruhda böyüyür və yetişir. Milli dəyərlər bizim üçün həmişə ən prioritet məsələ olmalıdır".
Müstəqil dövlətimizdə Azərbaycan xalqının milli və dini mərasimləri, bayramları hər il dövlət səviyyəsində qeyd olunur. Hikmətlər xəzinəsi "Qurani-Kərim"in nazil olduğu mübarək Ramazan bayramı da bu gün böyük sevinclə qeyd edilir. Azərbaycan Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayının dünya müsəlmanlarının ən əziz ayı olduğu bildirilir. Qeyd edilir ki, oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır: «Ramazan bayramı günlərində mömin vətəndaşlarımız Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi zənginliyin üstünlüyünü yaşamaq fürsəti qazanırlar. Bu bayram insanları savab əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır.»
İslamda ilin ayları arasında ən şəfaqətli və ən müqəddəs ay hesab edilən Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır ki, Azərbaycan xalqı da, bu ay ərizində, əmin-amanlıq və qardaşlıq kimi dəyərləri nümayiş etdirmiş oldu. Oruc tutmaqla insanlar iradə qüvvələrini, dözümlüyünü, təmiz olduqlarını da göstərə biliblər. Müsəlmanlar bu ayda Allah və din qarşısında borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanırdılar ki, bu gün də Orucluğun sınaqlarından alnıaçıq çıxan insanlar bu bayramı yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər.
Vurğulanır ki, Azərbaycan islam sivilizasiyasının tərkib hissəsi kimi, bəşəriyyətin mədəni irsinə öz töhfələrini verib, böyük alimlər və mütəfəkkirlər yetişdirib. İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynayıb. Təbrikdə qeyd edilir ki, bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. «İnanıram ki, bu müqəddəs bayram günlərində sizin dua və diləkləriniz Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Bir daha hər birinizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram» deyə dövlətimizin başçısı bildirir.
Ramazan bayramı Ramazan ayının sonunda, Orucun sona çatması münasibətilə qeyd edilir. Ramazan ayı təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Orucluğun başa çatdığı gün fitr bayramı adlanır ki, həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir və ruhlarına dualar oxuyurlar. Xalqımız mübarək Ramazan ayını, hər il olduğu kimi, bu il də böyük sevinc hissi ilə yola salır.
Ramazan bayramınız mübarək!

Zümrüd BAYRAMOVA



Bütün xəbərlər Facebook səhifəmizdə