Erməni Milli Konqresinin nümayəndəsi: “Çörək, azadlıq, qürur” şüarı Ermənistanda da səslənə bilər”

Erməni Milli Konqresinin nümayəndəsi: “Çörək, azadlıq, qürur” şüarı Ermənistanda da səslənə bilər”

Erməni Milli Konqresinin (EMK) nümayəndəsi, keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan bildirib ki, Misirdə böyük partlayışa səbəb olan "çörək, azadlıq, qürur" şüarı Ermənistanda da səslənə bilər. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, o, bu gün keçirdiyi mətbuat konfransında Ermənistanda çörək, azadlıq və qürur məsələsinin olduğunu, bunun bir gün partlayışa səbəb ola biləcəyini söyləyib. Bununla belə Arzumanyan hesab edir ki, hər xalq öz azadlıq məsələsinə özü qərar verir.

 

EMK nümayəndəsi qeyd edib ki, Ermənistanda küçələrə çıxacaq xalqa liderlik edən birinin olub-olmadığı müzakirə mövzusudur. O, Misir və Tunisdə olduğu kimi partlayışın baş verəcəyi halda lider probleminin ortadan qalxacağını deyib. Sabiq xarici işlər naziri bildirib ki, bu gün Ermənistan müxalifətinin lideri var və onun nüfuzuna kimsə şübhə etməməlidir.

 

Misirdəki hadisələrlə Ermənistanda 2008-ci ildə baş verən hadisələr arasında bəzi bənzərlik və fərqliliklərin olduğunu dilə gətirən A.Arzumanyan bildirib ki, Ermənistanda nümayişçilərə qarşı təxribatçılar və küçə quldurları zorakılıq nümayiş etdirdiyi halda, Misirdə eyni missiyanı atlı və dəvəli qüvvələr, həbsxanalardan buraxılan kriminal ünsürlər yerinə yetirib: "Fərqlilik isə odur ki, Misirdə ordu xalq qarşısına çıxarılmadı və bitərəfliyini qorudu".

 

Keçmiş xarici işlər nazirinin fikrincə, 32 il iqtidarda qaldıqdan sonra Mübarək kimi diktatorlar qovulursa, Serj Sarkisyan kimi diktatorların qovma məsələsi daha asan həll olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə