Pirallahıda Respublika Gününə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Pirallahıda Respublika Gününə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Mayın 27-də Pirallahı Gənclər Mərkəzində “28 May - Respublika Günü” ilə bağlı ümumrayon tədbiri keçirilib. Tədbirdə Pirallahı RİH əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Sonra Pirallahı RİH başçısının müavini Anara Hacıbəyli Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti ilə əlaqədar nitq söyləyib. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu, imperiyaların yıxıldığı bir vaxtda, XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi öz adını şanlı tariximizə həkk etdirib.

“Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul edib”, deyə xatırladan natiq əlavə edib ki, İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika günü kimi qeyd olunur: “Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır.”

“Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətininin dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini nəzərə alaraq, Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişdir”, deyə xatırladan natiq qeyd edib ki, Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır: “Ümummilli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezidentimiz cənab İlham Əliyevdir. Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən prinspial məsələlərdə Prezident İlham Əliyev Azərbaycan dövlətinin artan qüdrətini, sarsılmaz təmələ malik olan dövlətçilik ənənələrini öz məhsuldar fəaliyyəti ilə sübut edir”.

A.Hacıbəyli sonda bildirib ki, ölkə Prezidenti İlham Əliyevin qətiyyətli və uzaqgörən liderliyi ilə gündən-günə daha da inkişaf edən və bölgədə olduğu kimi, qlobal miqyasda da önəmli bir ölkə mövqeyinə yüksələn Azərbaycan bütün sahələrdə yeni nailiyyətlər əldə edəcək.

YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Azərbaycan Dillər Üniversitetinin dosenti “Humanitar Araşdırmalar” İctimai Birliyinin sədri Nurlana Mustafayeva öz çıxışlarında qeyd ediblər ki, bu gün Azərbaycan dünya miqyasında nüfuzlu dövlət kimi tanınır. Bu müsbət imicin formalaşmasının kökündə uzun illərdir həyata keçirilən uğurlu daxili və xarici siyasət dayanır. Bütün bunlarla yanaşı, ölkəmizin çoxəsrlik dövlətçilik təcrübəsi var. “Məhz 1918-ci ildə Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması 1918-ci il mayın 28-də Tbilisi şəhərində bəyan edilib. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 27-də Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində süqut etdi. Lakin çox qısa bir tarixi dövr-cəmi 23 ay ömür sürməsinə baxmayaraq, AXC ölkəmizin dövlətçilik tarixində mühüm mərhələ hesab edilir. Vurğulandı ki, hələ Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin uca tutulması və dünyaya təbliği istiqamətində mühüm işlər görülüb”, çıxışlarda vurğulanıb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə