Ombudsman İsvecrənin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

Ombudsman İsvecrənin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili İsvecrənin ölkəmizdəki səfiri Sabine Ulmann Şabanı onun xahişi ilə qəbul edib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, E.Süleymanova səfiri yeni təyinatı münasibətilə təbrik etmiş, qonağın təmsil etdiyi səfirliklə insan hüquqları sahəsində səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu, birgə tədbirlərin və sərgilərin təşkil olunduğunu və qarşılıqlı münasibətlərin gələcəkdə də faydalı olacağına ümid bəslədiyini söyləyib.

Səfir Sabine Ulmann Şaban Azərbaycan Ombudsmanı ilə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində qarşılıqlı fikir və təcrübə mübadiləsi aparmağın faydalı olduğunu bildirmiş, Müvəkkilin insan hüquqlarının müdafiəsi və təmin olunması üzrə fəaliyyətində əsas istiqamətlərlə maraqlanmış, bununla bağlı ona ətraflı məlumat verilib.

E.Süleymanova ölkəmizdə bir çox milli azlıq və etnik qrupun yaşadığını, onların heç bir ayrı-seçkiliyə, diskriminasiyaya məruz qalmadığını diqqətə çatdırıb. O, dinlərarası əməkdaşlığın, müxtəlif dini konfessiyalar arasında körpü yaradılmasının önəmli olduğunu, bununla bağlı təkliflər verdiyini söyləyib. Beynəlxalq Sülh günü ərəfəsində sülh mədəniyyətinin təbliği istiqamətində birgə tədbirin, habelə vətəndaş cəmiyyəti ilə əməkdaşlığın inkişaf etdirilməsi sahəsində maarifləndirmə tədbirlərinin paytaxtda və regionlarda keçirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.

Səfir Müvəkkilin insan hüquqlarının bütün sahələrində səmərəli fəaliyyət göstərdiyini və böyük təcrübəyə malik olduğunu qeyd etmiş, faydalı təkliflər, səmimi qəbul və fikir mübadiləsi üçün təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə