Ərdoğan Mübarəkə tövsiyə verdi

Ərdoğan Mübarəkə tövsiyə verdi

"Hörmətli Mübarəkə bir tövsiyəm var. Misirin yaxşılığı üçün öncə siz addım atın, xalqı razı salacaq addım atın". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının toplantısındakı çıxışında deyib. Misirdəki baş verən hadisələrə toxunan R. T. Ərdoğan millətin iradəsindən qorxmaq lazım olmadığını bildirib: "Bu dünyadan köçdükdən sonra bizə əməllərimizə görə qiymət veriləcək. Müsəlman olaraq gedəcəyimiz yer 2 kvadrat metrlik torpaqdır. Xalqın çağırışlarına, insani tələblərinə qulaq asın. Dəyişiklik və sabitlik arasındakı balans qorunmalıdır. Biz demokratiyadan xaos, radikalizm formalaşacağına inanmırıq. Biz üzərimizə düşənləri edəcəyik, amma vəziyyətdən sui-istifadə etməyəcəyik".

 

Eyni zamanda Türkiyənin baş naziri Misir xalqına da müraciət edərək ölkədaxilində islahatların aparılmasının vacibliyini vurğulayıb: "Misirli qardaşlarıma səslənirəm: nümayişlərdə silahdan uzaq durun. Biz bir nəfərin belə burnunun qanamasını istəmirik. Hüquq və azadlıqlar uğrunda mübarizə aparmaq ən təbii haqqınızdır, amma terrora baş vurmadan. Misirdə və Tunisdə islahatlar aparılması ən böyük arzumuzdur".

Bütün xəbərlər Facebook səhifəmizdə