ADP və “Ümid” “Milli Şura” və “AXH”yə qarşı blok yaradır TƏRS BAXIŞ

ADP və “Ümid” “Milli Şura” və “AXH”yə qarşı blok yaradır TƏRS BAXIŞ

Sərdar Cəlaloğlu: “AXH üsyanla, Əli Kərimli isə “küçə demokratiyası” ilə xalqı inandırmaq istəyir”

Bir zamanlar “Qarabağ” adlı blokda fəaliyyət göstərən ADP və “Ümid” partiyalarının sədrləri Sərdar Cəlaloğlu və İqbal Ağazadə yenidən bir araya gələrək, yenidən siyasi blok yaratmağa cəhd göstərirlər. Halbuki, hələ 2010-cu ildə “Qarabağ” blokundan deputatlığa namizədliyini verərək, parlamentdə kreslo qazanmış “Ümid” sədri, onun deputat olması üçün kifayət qədər fəaliyyət göstərmiş ADP sədri S.Cəlaloğlunu yarı yolda buraxdı. Nəticədə “Qarabağ” bloku fəaliyyətini dayandırdı və tərəflər arasında münasibətlər kəskin şəkildə soyudu.

Lakin 2015-ci ilin parlament seçkilərində də iştirak edərək, kreslosunu qorumaq istəyində olan İ.Ağazadə bu dəfə heç yerdən siyasi dəstək ala bilmədiyinə görə, kənarda qaldı, həmçinin rüsvayçı şəkildə digər müxalifət partiyasının rəhbəri – ASDP-nin sədri Araz Əlizadəyə uduzdu.

Sərdar Cəlaloğlu İqbal Ağazadənin “Qarabağ” blokundakı deputatlıq xəyanətini unudub?

Bütün bunlardan sonra, qarşıdan gələn seçkilərdə yenidən xalq toplamaq arzusuna düşən İ.Ağazadə özünü bir daha ADP sədrinin yanında tapdı. Hətta onu yola gətirərək, yeni siyasi blok yarada biləcəklərini inandırdı. Görünür, S.Cəlaloğlu ya sadəlöhvlüyünün, ya da nəticə çıxara bilməmək qabiliyyətinin olmaması səbəbindən növbəti dəfə siyasi bicliklərə bəlli qədər malik olan İ.Ağazadənin şirin dilinə aldanıb. Əslində, bu onların öz işləri olsa da, əsas məqam budur ki, artıq ADP sədri yaradılacaq blokun həm “Milli Şura”-AXCP cütlüyünə, həm də parçalanmış “AXH”-yə qarşı alternativ qüvvə olacağı anonsunu partiyasına yaxın mətbu orqanına verdiyi müsahibəsində deyib. Hətta bildirib ki, məsələ ilə bağlı İ.Ağazadə ilə yanaşı, digər müxalifət partiyalarının sədrləri ilə də görüşüb.

“Azərbaycanda iki blok-“Milli Şura” və “Azərbaycan Xalq Hərəkatı” fəaliyyət göstərir”, deyə xatırladan ADP sədri özünün və “Ümid” partiyasının həmin bloklardan kənarda dayandığını bildirib, hətta “AXH”də müşahidəçi olmasına, bu qurumun iclaslarına qərargahını ayırmasına rəğmən, onun qərarlarını qəbul etmədiyini də deyib.

“Xalq “Milli Şuraya” və “AXH”yə kütləvi şəkildə qoşulmur, onlara ciddi dəstək vermir”

O, iki adıçəkilən siyasi partiyalar bloklarında təmsil olunmamasını onların qoyamçı, radikal olmaları ilə əlaqələndirib: “Qeyd edim ki, son vaxtlar “AXH”də parçalanma əmələ gəldi. Ümumiyyətlə, biz özümüz üçün bir şeyi müəyyənləşdirmək istəyirdik ki, Azərbaycan xalqı hansı ideyanın arxasınca gedə bilər. Çünki “AXH” üsyanın, cəmiyyətdə radikal dəyişilmələrin tərəfdarı kimi çıxış edir.

Əli Kərimli və onun tərəfdarları isə Azərbaycanda dəyişilmələrin “küçə demokratiyası” ilə mümkünlüyünə xalqı inandırmaq istəyir, bu istiqamətdə cəhdlərə çağırırlar. Lakin görürük ki, xalq “Milli Şuraya” və “AXH”yə kütləvi şəkildə qoşulmur, onlara ciddi dəstək vermir".

“Azərbaycan Xalq Hərəkatına qoşulmayan, Əli Kərimlinin apardığı siyasi xətdə təmsil olanmayan qüvvələri bir araya gətirərək üçüncü bir yolun başladılması qənaətinə gəlmişik” iddiasını irəli sürən S.Cəlaloğlu yaradılacaq yeni birliyin də blok olacağını deyib.

İqbal Ağazadə Sərdar Cəlaloğlunu “AXH”nin “qaynar qazanına” doğru itələyib

Lakin burada ilginc məqam, İ.Ağazadənin S.Cəlaloğlu daha ağır məsuliyyəti yükləməsi məsələsidir. Çünki ADP sədri artıq “AXH”də yaranmış parçalanmadan maksimum şəkildə istifadə etməklə, oradakı kiçik, ictimai rəyə heç bir təsir qüvvəsi olmayan partiyaları da yeni yaradacaqları bloka daxil etmək istəyir, bunu etiraf da edir: “Şəxsən mən “AXH”da olan partiyalarla danışıqlar aparmışam. Qənaətimə görə, həmin adamlar o blokun fəaliyyətinə bir o qədər də inanmırlar və yaxud da perspektivini görmürlər”.

Düzdür, Cəlaloğlu hələlik konkret “hə” cavabı almadıqlarını da deyib və gözləmə mövqeyində olduqlarını bildirib, ancaq başqa tərəfdən, istər “AXH”, istərsə də “Milli Şura” olsun – onlar sözügedən plandan xəbərdar olduqdan sonra ADP-“Ümid” partiyalarına qarşı amansız hücumlara başlaya bilərlər. Yəni İqbal Ağazadə Sərdar Cəlaloğlunu “AXH”nin “qaynar qazanına” doğru itələyib.

Çünki zorla bir neçə partiyaları bir araya gətirib, fəaliyyətsiz qurumda saxlayan radikallar son şanslarının da əldən çıxacağından ehtiyat edirlər. Bu baxımdan, ənənəvi müxalifətdə vəziyyət get-gedə daha ağır böhrana doğru sürüklənir. Hətta yeni bloklar yaransalar belə, müxalifətin siyasi ölüm halı dəyişilməz qalacaq.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə