Müasir dünyamızda Azərbaycan dinlərarası, millətlərarası münasibətlərdə dünya üçün örnək, tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan, milli-mənəvi dəyərlərinə sadiq dövlətə çevrilib. Formalaşan bu dəyərlər Azərbaycan cəmiyyətini səciyyələndirən əhəmiyyətli ənənə yaradılıb. Azərbaycan dövlətinin Qurucusu və Memarı olan Ulu Öndər Heydər Əliyev "Biz heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək, gələcəyimizi quracağıq"- deyərək qeyd edirdi ki, bizim dinimiz mütərəqqi dindir: "Əsrlər boyu islam dini özünün mütərəqqi olduğunu və eyni zamanda, islam dininə itaət edən adamların hamısına özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldikləri çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz peşəsini qoruyub-saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, islam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün islam dininə itaət edən adamların hamısını xoşbəxtliyə və səadətə gətirib çıxaracaqdır".
"BİZ TARİXİ İRSİMİZİN, ZƏNGİN MƏDƏNİ İRSİMİZİN ƏSASINDA MÜASİR, GÜCLÜ AZƏRBAYCAN QURURUQ"
Bütün tarixi çağlarda Avropa ölkələrinin xalqları islami dəyərlərə hörmətlə yanaşaraq, dinimizə böyük maraq göstərmişlər. Bu gün Avropa ailəsinin üzvü olan Azərbaycanın iqtisadi inkişafı, ölkədə hökm sürən siyasi sabitlik bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliğinə geniş imkanlar yaradılıb. Ölkə rəhbərinin bir-birinin ardınca imzaladığı sərəncamlar milli-mənəvi irsimizin inkişaf etdirilməsində önəmli amillərdir. "Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq", - deyən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmiz dünyada gedən qloballaşma prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılması, milli ideologiya, azərbaycançılıq məfkurəsi əsas aparıcı xətt olaraq təbliğ edilir.
70 il sovet imperiyasının tərkibində yaşadığımız zaman təbliğat mexanizminin, təqdimatların qarşısına səd çəkilsə də bu gün müstəqil, suverən dövlət olan Azərbaycan əsrlərdə formalaşmış zəngin irsini dünya xalqlarına təqdim edərək, onları təəccübləndirməklə yanaşı, bu cəmdə Azərbaycan vətəndaşının varlığını nümayiş etdirir. Vaxtı ilə bu dəyərləri yaşadan böyük vətənpərvər oğullara ölüm hökmü oxundu, sürgün, işgəncələrlə dolu bir ömür yaşamağa məhkum olundular. Milli-mənəvi dəyərlərimizə olan hücum məscidlərin, ibadət evlərinin kütləvi şəkildə bağlanmasına gətirib çıxarsa da, amma bu gün yeni məscidlər salınır, bəpra olunur, "Azərbaycan - tolerantlığın ünvanı" olaraq dünyaya vəsiqə alır. Xalq tarixi kökünə sadiq qaldı və bu gün Azərbaycan müasir dünyada yeni meyarları ilə yollar açır.
"BİZİM BÜTÜN TARİXİ MƏSCİDLƏRİMİZ DÖVLƏT TƏRƏFİNDƏN ƏSASLI ŞƏKİLDƏ BƏRPA EDİLİBDİR"
Bütün dinlərə hörmətlə yanaşan Azərbaycanın islami dəyərlərə də olan münasibəti əməli fəaliyyətdə aydın görünür. Müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət, o cümlədən, dini ocaqlara, məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində Azərbaycanda dövlət-din münasibətlərinin necə qurulduğuna nəzər salarkən, vurğulayıb ki, Azərbaycanda dövlət dini məsələlərə qarışmır, əksinə, çalışır ki, kömək göstərsin: "Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq dövlət dindarlara daim dəstək və dayaq olur. Bizim bütün tarixi məscidlərimiz dövlət tərəfindən əsaslı şəkildə bərpa edilibdir". Əlbəttə ki, dünya ölkələri üçün nümunəyə çevrilən Azərbaycan modeli diqqətdədir. Çünki burada həm məscidlərimiz, həm də qeyri-xalqların dini abidələri qorunur və abadlaşır. "Bizim tarixi abidələrimiz və dini milli sərvətimizdir", -deyən Azərbaycan Prezidenti vurğulayıb ki, bütün başqa dinlərin məbədləri bizim üçün əzizdir və bizim sərvətimizdir: "Azərbaycanda bütün dinlərin tarixi-dini abidələri qorunur, bərpa edilir, tikilir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda dini siyasət çox düşünülmüş şəkildə aparılır və Azərbaycan xalqının maraqlarına cavab verir". Abadlaşdırılmış Pravoslav Dini-Mədəni Mərkəzi, Katolik məbədi, İmamzadə kompleksi, möhtəşəm Heydər Məscidi Azərbaycanda mövcud olan münasibətin təzahürüdür. Müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında yaşadığı Azərbaycan uğurlu inkişaf yolundadır.
Artıq xalqımız Ramazan ayını qarşılayır. "Bu gözəl ənənə yaşayır və yaşamalıdır", deyən dövlət başçısı dövlət-din münasibətlərinin formalaşmasının təşəbbüskarının Ulu Öndər Heydər Əliyev olduğunu bildirib.
Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 2019-cu il üzrə hesablamalarına görə, ölkə ərazisinin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Miladi tarixlə mayın 6-na təsadüf edir. Fitr bayramı isə Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək. Azərbaycan xalqı və dövləti bu böyük və əziz bayramı hər il yüksək səviyyədə qeyd edir. Dövlətimizin dini dəyərlərə, dindarlara və din xadimlərinə diqqət və qayğısı respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyəsinin təzahürüdür.
Oruc ibadəti mənəvi saflığa, tibbi cəhətdən sağlam olmağa, pis vərdişlərdən uzaq durmağa və Allah yolunda xeyirxah işlər görməyə səbəb olur. Oruc səbrin və mənəviyyatın imtahanı, xeyirxah niyyətlərin ən uyğun formasıdır. İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Ramazan ayının gecələrindən birində müsəlmanların müqəddəs kitabı "Qurani-Kərim" nazil olub.
Xalqımız əmin-amanlıq, sülh şəraitində, dinamik inkişaf edən bir dövlətdə Ramazan ayını qarşılayır. Bu bayram xalqın milli-mənəvi dəyərlərində, yaddaşlarında yaşayır və zaman-zaman da yaşayacaqdır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB