"Ermənistan qondarma "soyqırımı"ndan imtina etməlidir" ÖZƏL-ŞƏRH

"Ermənistan qondarma "soyqırımı"ndan imtina etməlidir" ÖZƏL-ŞƏRH

"Bu ilin aprel ayının 24-ü yaxınlaşdıqca dünyadakı erməni lobbisi və diasporasının fəaliyyəti, fəallığı bir qədər də artır". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Millət vəkilinin sözlərinə görə, aprel ayının 24-nə qədər yenə də olmayan məsələləri gündəmə gətirmək onların əsas işini təşkil edir: "Siz təsəvvür edin ki, dünyadakı erməni lobbisi və diasporası etiraf edir ki, olmayan bir qondarma erməni soyqırımı hadisəsi nəticə etibarilə dünyadakı erməniləri birləşdirən amilə çevrilib. Hətta bəzi erməni ekspertləri deyirlər ki, onların süni yaratdığı problem həllini tapsa belə, bu bizi parçalamış olacaq. Onların hər zaman əsas niyyətləri o olur ki, ABŞ kimi fövqəldövlətin prezidenti səviyyəsində məhz bu qondarma erməni soyqırımına qiymət verilsin. Xüsusilə də soyqırımı ifadəsini onlar prezidentin dilindən eşitmək istəyirlər. Onlar buna ən çox nail olmağa 2008-ci ildə ABŞ-da prezident seçkiləri öncəsi yaxın idilər. O zaman bunu Barak Obama prezidentliyə namizəd olaraq qeyd etmişdi. Həmçinin yazılı şəkildə bildirmişdi ki, əgər seçkilərdə ermənilər ona səs verərlərsə, o prezident olaraq bu qondarma erməni soyqırımını tanıyacaq. Sonralar isə ermənilər Barak Obamanın adını Amerikanın tarixinə yalançı prezident kimi daxil etdi.

Onlar indi də çox çalışırlar ki, ABŞ-ın yeni prezidenti Donald Tramp bu ifadədən istifadə etsin. Amma Tramp da bu ifadədən istifadə etmir. Ona görə də ermənilər çox ciddi-cəhdlə çalışırlar ki, buna nail olsunlar. Təbii ki, ABŞ da onun fərqindədir ki, belə bir addımın atılması Türkiyə kimi strateji müttəffiqi ilə münasibətlərinin çox köklü şəkildə korlanmasına gətirib çıxara bilər. Biz inanırıq ki, aprelin 24-də ABŞ prezidenti bu dəfə də genosid ifadəsindən istifadə etməyəcək. Əslində belə yanaşmalar, addımlar onsuzda mürəkkəb olan dünyamızı daha da gərginləşdirir. Əgər Ermənistan Türkiyə ilə münasibətlərin bərpasında maraqlıdırsa, o zaman ilk növbədə qondarma erməni soyqırımı ilə bağlı məsələlərdən imtina etməlidir. Bu olacağı təqdirdə təbii ki, heç bir münasibətlərin bərpasından söhbət gedə bilməz".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə