Dövlət başçısının Sərəncamı ilə akademik Məmməd Cəfər Cəfərovun anadan olmasının 110 illiyi qeyd olunacaq
XX əsr Azərbaycan estetik fikir və ədəbi tənqidinin görkəmli nümayəndəsi, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərov bütün ömrünü Azərbaycan ədəbiyyatşünaslıq elminin aktual problemlərinin tədqiqinə həsr edib. 83 illik ömrünün 60 ilini ölkəmizdə ədəbi-nəzəri fikrin inkişafına həsr edən alimi Azərbaycan-rus ədəbi əlaqələri, Azərbaycan, rus və Avropa klassik ədəbi irsi, dərsliklər, ədəbiyyat tarixləri və ali məktəblər üçün mühazirələri onu tənqidçi, ədəbiyyatşünas-alim, pedaqoq kimi səciyyələndirir.
Bu ilin may ayında görkəmli ədəbiyyatşünas və tənqidçi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanın Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmməd Cəfər Cəfərovun anadan olmasının 110 illiyi tamam olur. Onun 110 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, akademik Məmməd Cəfər Cəfərov ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr etmiş, ədəbiyyatın tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr və eləcə də, estetikanın aktual məsələlərinə dair fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. Sərəncama əsasən, alimin anadan olmasının 110-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə tədbirlər planını hazırlayıb, həyata keçirəcək.
1909-cu il mayın 9-da Azərbaycanın Naxçıvan şəhərində anadan olan Məmməd Cəfər Cəfərov ilk təhsilini doğulduğu torpaqda aldıqdan sonra Naxçıvan Pedaqoji Texnikumuna daxil olmuşdur. Daha sonra Azərbaycan Pedoqoji İnstitutunun (indiki ADU-nun) dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir. O, Bakı İkiillik Müəllimlər İnstitutunda baş müəllim, "Ədəbiyyat qəzeti" redaksiyasında şöbə müdiri, Quba Müəllimlər İnstitutunda elmi işlər üzrə direktor müavini, ADU-nun (indiki BDU-nun) rus ədəbiyyatı kafedrasında dosent, eyni zamanda, "Ədəbiyyat qəzeti"nin redaktoru, ADU-nun filologiya fakültəsinin dekanı, Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, ADU-nun rus ədəbiyyatı kafedrasının müdiri, Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda Sovet ədəbiyyatı şöbəsinin, ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri və institutun direktoru olmuşdur. Akademikin elmi fəaliyyətinin 40 illik bir dövrü Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı olub. Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinə təxminən iyirmi il rəhbərlik etmiş Məmməd Cəfər Cəfərov həm də bu şöbənin yaradıcısı və ilk müdiri olub.
M.C.Cəfərov Azərbaycan yazıçılarının yaradıcılığı haqqında ədəbi-tənqidi məqalələrin, Azərbaycan ədəbiyyatının tarixi və nəzəriyyəsinə həsr olunmuş əsərlərin, aktual ədəbi-estetik və pedaqoji problemlərə aid kitabların müəllifidir.
Məmməd Cəfər Cəfərov filologiya elmləri doktoru, professor, akademik, Azərbaycanın əməkdar elm xadimi kimi fəxri ad və titullara sahib olub. O, otuzdan artıq monoqrafiya, dərslik və kitab, 300-dən çox elmi məqalənin müəllifidir. Ədəbiyyatşünaslıq elmimizin bir sıra tədqiqat istiqamətləri, məhz akademik Məmməd Cəfər Cəfərovun adı ilə bağlıdır. O, rus ədəbiyyatının görkəmli bilicisi və tədqiqatçısı idi. Onun "Rus ədəbiyyatı tarixi oçerkləri", "Rus klassikləri", üçcildlik "XIX əsr rus ədəbiyyatı tarixi" kitabları istər yazıldığı, istərsə də, hazırkı dövrdə Azərbaycanda rus ədəbiyyatı ilə bağlı qələmə alınmış ən sanballı elmi əsərlər sayılır.
Onun geniş əhatəli elmi irsində Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və Səməd Vurğun kimi qüdrətli söz ustalarının yaradıcılıqlarının fəlsəfi-estetik mahiyyətini dünya ədəbi təcrübəsi ilə vəhdətdə dolğun şərh edən, yüksək elmi-nəzəri ümumiləşdirmə gücünə malik əsərləri xüsusi yer tutur.
Azərbaycan romantizmi ilə bağlı ilk ən mükəmməl tədqiqatlar də onun adı ilə bağlıdır. Görkəmli alimin "Hüseyn Cavid", "Azərbaycan romantizmi" əsərləri Azərbaycan romantizminin, bir ədəbi cərəyan olaraq, tədqiqində yeni mərhələ idi. Onun Azərbaycan romantizmi ilə bağlı irəli sürdüyü elmi fikirlər romantizm ilə əlaqədar aparılan elmi-tədqiqat işlərinin əsas mövzularını təşkil etmişdir. Alim, eyni zamanda, estetika nəzəriyyəçisi və sənətşünas filosof idi. Qələmə aldığı "Estetik zövq haqqında", "Mütəfəkkirin şəxsiyyəti", "Həyatın romantikası", "Nizaminin fikir dünyası" əsərləri Azərbaycan estetik və fəlsəfi fikrinin ən gözəl nümunələrindən sayılır. Akademik ədəbi prosesin 60 illik bir dövrünün (1932-1992) dərin bilicisi, professional tənqidçisi olub. Onun "Ədəbi düşüncələr" və "Sənət yollarında" kitabları ədəbi tənqid tariximizdə öz elmi sanbalını bu gün də saxlamaqdadır.
Ədəbiyyat tariximizin öyrənilməsində də akademikin əvəzedilməz xidmətləri var. Xüsusən, Məhəmməd Füzuli poeziyasının poetik təhlili və fəlsəfi dərkində Məmməd Cəfərin müstəsna xidmətləri vardır. Görkəmli alimin "Füzuli düşünür" kitabı yarım əsrdən çoxdur ki, ali məktəblərdə öyrənilməkdədir.
Görkəmli ədəbiyyatşünas-alim 1992-ci il mayın 11-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. Məmməd Cəfəri tanıyanlar bu gün də onu qayğıkeş, səmimi, məsuliyyətli və tələbkar bir insan kimi xatırlayırlar.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB