Politoloq: “Azərbaycanla Ermənistan arasında müharibə başlayarsa, Rusiya çalışacaq ki, müharibə qısa müddətə başa çatsın”

Politoloq: “Azərbaycanla Ermənistan arasında müharibə başlayarsa, Rusiya çalışacaq ki, müharibə qısa müddətə başa çatsın”
"Azərbaycanla Ermənistan arasında müharibə başlayarsa, Rusiyanın davranışlarını modelləşdirmək lazım gələcək". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru politoloq Mübariz Əhmədoğlu bu gün keçirilən mətbuat konfransı zamanı deyib. Onun sözlərinə görə, müharibə başlanacağı təqdirdə Rusiya çalışacaq ki, müharibə yalnız Qarabağla məhdudlaşsın. O bildirib ki, çünki müharibə Qarabağdan qırağa, Şimali Qafqaza da keçə bilər ki, bu da nə Rusiyaya, nə də Azərbaycana sərf edir. O vurğulayıb ki, bundan əlavə, Rusiya çalışacaq ki, müharibə qısa müddət ərzində başa çatsın: "Rusiya müharibənin 5-6 gün uzanması yox, hətta əlacı olsa bir neçə saat müddətində başa çatmasına çalışacaq. Rusiya müharibədə Azərbaycanın qalib çıxmasına məhkumdur. Onun Azərbaycanı müdafiə etməkdən başqa yolu qalmayacaq".

Daha sonra Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin mövqeyinə də toxunan M. Əhmədoğlu qardaş ölkənin hazırki mövqeyinin qənaətbəxş olduğunu söyləyib.

"Türkiyənin mövqeyində yeganə qane etməyən cəhət onun müharibə olarsa, hər zaman Azərbaycanın yanında olacağını söyləməsidir. Lakin Türkiyə Azərbaycanın yanında olacağı deyil, bizə dəstək verəcəyi haqqında bəyanat verməlidir. Əgər belə olarsa, o zaman Türkiyə bu bəyanatı ilə Avropaya mesaj göndərmiş olar. Belə olan vəziyyətdə münaqişə tez həll oluna bilər. Amma Azərbaycan ilə Türkiyə arasında müvafiq müqavilə var və müharibənin başlayacağı təqdirdə Türkiyənin də Azərbaycana hərtərəfli köməyi dəyəcək", - politoloq əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə