Müxalifətin qatarı gedib, relsləri isə sıradan çıxıb ANALİTİK

Müxalifətin qatarı gedib, relsləri isə sıradan çıxıb ANALİTİK

Didişmələr, qapışmalar, ziddiyyətər nədən xəbər verir?

Bu günlərdə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun radikal və ənənəvi müxalifəti ittiham edən fikirləri bir daha belə nəticəyə gəlməyə zəmin yaratdı ki, əslində, uzun illərdir düşərgədə var-gəl edərək, əslində yerlərində addımlayan “liderlər” həm şəxsi ambisiyaları, həm də digər çoxsaylı ucuz siyasi baxışları səbəbindən özlərini rüsvay etməkdədirlər. O cümlədən, bir çoxlarının dövlət əleyhinə, o cümlədən xarici təşkilatlar qarşısında öhdəliklər götürmələri barədə mövcud olan faktlar reallıqla bəlli fərdlərin kimliklərini bir daha ortaya qoyur.

Siyavuş Novruzov: "Bəzilərinin 70 yaşı var, lakin hələ də öz yollarını tapa, nə istədiklərini özləri üçün aydın edə bilməyiblər"

“Meydan hərəkatından başlayaraq həmişə separatçı mövqe tutmuş insanlar bir təşkilatdan çıxıb o birinə üzv olur və ya ayrı-ayrı təşkilatlar yaradırlar. “Xalq hərəkatı”, “Milli Şura” kimi hər cür bər-bəzəkli adlar tapırlar, ancaq hamısı eynidir, burada kənar adamlar yoxdur”, deyə qeyd edən Siyavuş Novruzov digər amilə də toxunaraq bildirib ki, düşərgədə digər partiyalardan uzaqlaşdırılmış, çıxarılmış, qovulmuş, yaxud köhnə təfəkkürdən uzaqlaşmamış insanlar da mövcuddur: “Bəzilərinin 70 yaşı var, lakin hələ də öz yollarını tapa, nə istədiklərini özləri üçün aydın edə bilməyiblər. Bu insanlar arasında kəskin şəkildə fikir ayrılığı, qarşıdurma var və hər birində ciddi şəkildə mənəm-mənəmlik, özündənrazılıq düşüncəsi yaranıb. Yaxşı ki, onların bu hərəkətləri göstərilir və insanlar vaxtilə Azərbaycana kimlərin rəhbərlik etdiyini və yenidən rəhbərlik etmək arzusunda olduğunu bir daha görürlər”.

Xalq öz dövlətinə arxalanır və ölkə rəhbərliyinin inqilabi islahatlarının şahidi olmaqla yanaşı, bu islahatlardan yararlanır

Maraqlıdır ki, xalqın çox böyük qiüminin bu siyasi ünsürləri rədd etmələrinə, qəbul etməmələrinə rəğmən, onlar hələ də mitinqlər, aksiyalar keçirməklə “mən də varam” prinsipinə xidmət etməkdən çəkinmirlər. Halbuki, belələrinin varlıqları elə yoxluq kimi bir şeydir. Məsələn, Bakı Şəhər İcra Hakimiyyətinin mitinqə razılıq verilmədiyi təqdirdə müxalifətin başqa bir aksiyanın keçirilməsinə qərar verməsi ondan xəbər verir ki, bu qrupların məqsədi mövcud vəziyyətdən yararlanaraq ictimai rəyi manipulyasiya etməkdir. Daha dəqiq desək, onlar özlərini elə göstərməyə çalışırlar ki, guya vətəndaşların problemlərinin həlli üçün ictimaiyyəti ayağa qaldırmaq istəyirlər. Halbuki, xalq öz dövlətinə arxalanır və ölkə rəhbərliyinin inqilabi islahatlarının şahidi olmaqla yanaşı, bu islahatlardan yararlanır. Bir sıra sosial və s problemlər aradan qaldırılır, xalqın daha yaxşı yaşaması, rifah halının daha da gücləındirilməsi üçün bütün imkanlardan istifadə edilir, layihələr gerçəkləşdirilir. Bu baxımdan, radikallar və köhnə təfəkkürlülər başa düşə bilməyiblər ki, onların mitinq çağırışlarının ictimai rəydə heç bir əks-sədası yoxdur, bundan sonra da ümumiyyətlə olmayacaq.

İlqar Məmmədov: "Belə "rəqib"lə şou düzəltməyə nə var ki?"

Daha bir reallıq düşərgədə baş verən qapışmalar, didişmələr, ziddiyyətlər və dava-dalaşlardır. Özlərinə mövqe seçmək üçün düşmənçilik edən siyasi müxalifət təmsilçiləri arasında son vaxtlar “Milli Şura” və REAL partiyasının savaşı önə çıxıb. “Milli şura” sədri Cəmil Həsənli REAL sədri İlqar Məmmədovu və ətrafını satqınlıqda ittiham edib. Qarşılıqlı ittihamlar isə özünün pik həddinə çatıb. Məsələn, İlqar Məmmədov ona və partiyasına qarşı səslənən ittihamları belə cavablandırıb. SİTAT: “Cəmil Həsənlinin REAL-ı satqınlıqda ittiham etməsi indi tam aydın edir ki, nəyə görə hakimiyyət 2013-cü ildə məni həbs edib prezident seçkisindən kənarda qoydu, Cəmil Həsənlini isə "rəqib" təyin etdi. Belə "rəqib"lə şou düzəltməyə nə var ki?”

O cümlədən, “Azərbaycan Xalq Hərəkatı” deyilən qurumda da parçalanmanın yaranması , İsgəndər Həmidov, Rəhim Qazıyev, Tural Abbaslı, Mirmahmud Mirəlioğlu kimi müxalifətçilərin bir-birlərini sözün əsl mənasında qırması radikal müxalifətin sözün əsl mənasında aşkar sifətini ortaya qoyub. Bu reallıqlar isə ümumilikdə belə nəticəyə gəlməyə əsas verir ki, artıq onların qatarları siyasi səhnəni çoxdan tərk edib. Hətta üzərində dayandıqları relsləri belə sıradan çıxaraq, yararsız hala düşüb. Əlbəttə ki, bütün bunlar düşərgənin hansı dərəcədə siyasi məhvə düçar olduğunun bariz, danılmaz göstəricisidir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə