Müxalifət “bazar”ında birləşmə “şou”su

Müxalifət “bazar”ında birləşmə “şou”su

Hər dəfə müxalifət adlanan siyasət dəllallar birləşmə ideyasını ortaya atanda, qeyri-ixtiyari ekranlarımızın bəzəyi olan “Bəyin oğurlanması” fimi yadıma düşür. Orada məşhur bir ifadə var: “Adam nə qədər evlənib - boşanar, camaatdan ayıbdır axı!” Az qala, otuz ildir bu məmləkətdə müxalifət düşərgəsini zəbt eliyib, bu düşərgəni inhisarına alan zavallılar, hər dəfə seçkilər yaxınlaşanda, birləşmə “şou”sunu atırlar ortaya. Amma ya birləşə bilmirlər, ya da birləşmələri ilə ayrılmaları, ən çox bir-iki ay çəkir. Mən də, bu məmləkətin bir sakini olaraq birləşmiş, sağlam, şər, böhtandan uzaq, milli və dövlətçilik mənafelərini qoruyan güclü müxalifətin olmasını çox arzulayıram. Əminliklə deyirəm ki, indiki iqtidar da, ölkənin başçısı da belə bir müxalif qüvvənin olmasını çox istəyir. Çünki sağlam və konstruktiv müxalifət demokratik cəmiyyətin inkişafında mühüm rol oynaya bilər ki, bundan da cəmiyyət, eyni zamanda, bu cəmiyyəti idarə edən iqtidar daha çox udar. Heç bir güclü, özünə, öz yolunun doğruluğuna əmin olan iqtidar idarə etdiyi cəmiyyətdə problemlərin olmasını və xalqın narazılığına səbəb ola biləcək çatışmazlıqların mövcudluğunu arzulamaz. Bəzən bacarıqsız məmurların (belələri bütün iqtidarlarda olur və olmaması mümkün də deyil) gizlətməyə çalışdıqları çatışmazlıqları, məhz müxalifət üzə çıxarmalı, onu ciddi təhlil etməli, mövcudluğunun cəmiyyətin inkişafına vurduğu zərəri ortaya qoymalı, bu halda da, iqtidar həmin problemin həlli yollarını axtarıb-tapmalı, aradan qaldırmalıdır ki, nəticədə, xalq və cəmiyyət üçün dəyərli bir töhfə verilmiş olur. Amma inhisarçı müxalifət neyləyir? Xaricdə özlərinə maliyyə mənbəyi axtarır, tapan kimi də bir az pul əldə edib, buraxır dövriyyəyə. Bir-iki mitinqdən-zaddan eliyir, o biri siyasi özünəbənzərləri də çağırır ki, gəlin birləşək, bu iqtidarı yıxaq, hakimiyyəti alaq(???). Beləcə, birləşmə “şou”su start götürür. Ta o vaxta kimi ki, xaricdən göndərilən pul-para tükənir, heç kəsə pay verilmir (onu alan dəli deyil ki, o birilərə paylasın, bilir ki, nəticə yoxdu, elə girəvədən istifadə eliyib, bir-iki milyon irəli düşür də!..). Elə ki, pay kəsilir, o biri müxalifət siyasiləri başlayırlar şaltay-baltay vurmağa. Yenə görürlər ki, pul gəlmir, bu dəfə başlayırlar bu birləşmə “şou”sunun gözünə zəhər qatmağa. Çünki onlar da, yaxşı anlayırlar ki, nə qədər birləşirlər-birləşsinlər, bu millət indiki iqtidarın ətəyini buraxası deyil. Millət buraxmayacaqsa, deməli, ən azı, millətin istəyinə xilaf çıxmayacaq və indiki iqtidar da kənara çəkilməyəcək. İqtidar kənara çəkilməyəcəksə, onlara da meydanlarda bağırmaq qalacaq. İndi bu bağırmağa görə, alınan puldan ona pay verilmirsə, nə marağı var ki,bağırsın? Odur ki, başlayırlar elə öz içərilərində, əvvəl-əvvəl, söz güləşinə.Elə ki, bundan bir şey hasil olmur, çıxırlar qol və ayaq güləşinə. Bir az da davam edəndə, güləş dönür qaydasız döyüşə.Yəni artıq başdan da vurdu var, ortadan da tutdu. Amma öz aramızdı, bu dəfə İskəndərlə Turalın davası qaydasız döyüşü də adladı...Xülasə, beləcə müxalifət yenə xalqdan və millətdən utanmadan “evlənib-boşandılar”. Xalq, millət bir yana, pis-yaxşı onlar da bu millətin övladlarıdırlar (Hər halda, hüquqi baxımdan belədir, çünki sənədlərində belə yazılır). Biz bu evlənib-boşanmaları görürük, göz yumuruq, ayıbımızı gizlətməyə çalışırıq. Yəni “El bizim, sirr bizim” deyirik. Amma bu xaricilərdən ayıbdır axı! Onların da yanında biabır oluruq. Deyirlər ki, bunlar necə millətdi, bu gün birləşib, sabah ayrılırlar, biri gün isə bir-birinə hədyanlar yağdırırlar! Bax, məni narahat edən məsələnin bu tərəfidir. Ona görə də, yazının əvvəlində məşhur filmdəki məşhur deyimi xatırlatdım. Xatırlatması məndən, oxuyub utanması (əgər bir az abır-həyaları qalıbsa) bizim qocaman, beli bükülmüş müxalifətimizin çəlikli nümayəndələrindən!

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə