Mənəvi Dəyərlərin Təbliği Fondu xanımları təbrik edib TƏDBİR-VİDEO-FOTOLAR-YENİLƏNİB

Mənəvi Dəyərlərin Təbliği Fondu xanımları təbrik edib TƏDBİR-VİDEO-FOTOLAR-YENİLƏNİB

Bu gün Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə "Keçmişdən gələcəyə Azərbaycan qadını" mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, Fondun Himayəçilər Şurasının üzvü, "SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev, millət vəkili Qənirə Paşayeva, şəhid ailələri və KİV iştirak edib.

İlk öncə, Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Mehman İsmayılov əvvəlcə xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. M.İsmayılov vurğulayıb ki, dövlət başçısının Fərmanı ilə yaradılan Fondun əsas fəaliyyət istiqamətlərini də milli-mənəvi dəyərlərin qorunması və təbliği, bu istiqamətdə maarifləndirmə işinin aparılması təşkil edir. Fondun icraçı direktoru, eyni zamanda şəhidlik məqamının dinimizdə yüksək qiymətləndirildiyini qeyd edib, dövlətimizin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Şəhid ailələrimizə, Qarabağ qazilərimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır deyən millət vəkili Qənirə Paşayeva hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. Dövlətimizin hər zaman şəhid ailələrinə, Qarabağ müharibəsi veteranları, qazilərinə və əlillərinə dəstək və qayğısından danışan millət vəkili inşallah növbəti bayramlarımızı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə verək deyib.

"SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev əvvəlcə xanımlarımızı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək deyib ki, Azərbaycan anası çox müqəddəs işi həyata keçirir: “İlk növbədə Azərbaycan ailə institutu bütün dövlətlərdə olduğu kimi deyil. Yəni Azərbaycan ailə institutu fərqli bir ailədir, institutdur. Bu ailə dəyərlərini, ailə institutunu formalaşdıran amillərdən biri də anadır. Hesab edirəm ki, bugünkü Azərbaycan xanımı ailə dəyərlərini yaşadan insanlardan və analardan biridir. Ona görə də həm cəmiyyətdə, həm də ictimai-siyasi həyatda anaların rolu çox böyükdür. Dövlət quruculuğu, dövlətin güclənməsi prosesində anaların xidmətini xüsusilə qeyd etmək lazımdır. Azərbaycan anası o anadır ki, sizin kimi vətənpərvər övlad yetişdirir və övladını Vətən yolunda xidmətə göndərir. Əgər o övlad Vətən yolunda şəhid olursa, "Vətən, başın sağ olsun" deyərək o övladına sahib çıxır. Bax, bu Azərbaycan anasının müqəddəsliyinin göstəricisidir”.

“Zəfər” Şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri, qəhrəman şəhidimiz Raquf Orucovun həyat yoldaşı Sevinc Alizadə və digərləri çıxış edərək cənab Prezidentin və birinci vitse-prezidenti Mehriban xanın Əliyevanın şəhid ailələrinə, Qarabağ qazilərinə diqqət və qayğısını xüsusi vurğulayıblar, hər kəsi qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə təbrik ediblər.

Tədbirin sonunda Fond tərəfindən xanımlara güllər təqdim olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə