Şahin Abdullayev Afrika dövlətlərini Azərbaycanın ədalətli mövqeyini yaxından dəstəkləməyə çağırıb
Cari ilin 13 Yanvar tarixində Səfir Şahin Abdullayev Afrika İttifaqının Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində yerləşən mənzil-qərargahında Afrika İttifaqının Komissiyasının sədri Jean Pinqə etimadnaməsini təqdim edib.
Azərbaycan respublikasının Misir Ərəb Respublikasindakı Səfirliyindən SİA-ya verilən xəbərə görə, etimadnamənin təqdim olunması və Səfir Ş.Abdullayevin eyni zamanda Azərbaycan Respublikasının Afrika İttifaqı yanında Daimi Nümayəndəsi təyin olunması ilə Azərbaycan Respublikası Afrika İttifaqı yanında müşahidəçi statusunu alıb.
Etimadnamənin təqdim olunması mərasimində Afrika İttifaqının Komissiyasının sədri Jean Pinq Azərbaycanın təşkilat yanında müşahidəçi statusu almaq niyyətinin Afrika İttifaqı və üzv dövlətlər tərəfindən yüksək qiymətləndirildiyini qeyd edərək, Azərbaycanın Afrika İttifaqı və Afrika dövlətləri ilə əməkdaşlığının bundan sonra daha sürətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Müstəqilliyini əldə edəndən etibarən Azərbaycanın qısa müddət ərzində əldə etdiyi nailiyyətlərin yüksək nəticə olduğunu bildirən Afrika İttifaqının Komissiyasının sədri Jean Pinq 2006-cı ildə Qabonun Xarici işlər naziri vəzifəsində işləyərkən İslam Konfransı Təşkilatı Xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Azərbaycana səfər etdiyini və Azərbaycanın inkişafının, Azərbaycan xalqının mədəniyyətinin onda heyranlıq doğurduğunu nəzərə çatdırıb.
Səfir Ş.Abdullayev Azərbaycanın BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində Afrika dövlətlərinin problemlərinə daim şərik çıxdığını və bəşəriyyəti narahat edən qlobal təhlükələrin aradan qaldırılmasında Afrika dövlətləri ilə bənzər mövqedən çıxış etdiyini qeyd edərək, Afrika İttifaqı yanında müşahidəçi statusu almaqla, Azərbaycanın ümumafrika problemlərini daha yaxından izləmək, bu problemlərin həllinə və aradan qaldırılmasına öz töhfəsini vermək və təşkilata üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli əsasda əlaqələrini daha da inkişaf etdirmək əzmində olduğunu bildirib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2010-cu ilin sentyabrında BMT Baş Assambleyasının 65-ci sessiyasının ümumu müzakirələr hissəsindəki çıxışına istinad edən Səfir Ş.Abdullayev Azərbaycanın inkişaf etməkdə olan və təbii fəlakətlərdən əziyyət çəkən dövlətlərin tələb və ehtiyaclarına həssaslıqla yanaşdığını və bütün bəşəriyyət boyunca davamlı inkişafın təmin olunması prosesinə öz dəstəyini əsirgəmədiyini qeyd edərək, Azərbaycanın BMT çərçivəsində razılaşdırılmış Minilliyin inkişaf məqsədlərinin reallaşdırılmasına töhfə verməkdə davam edəcəyini bildirib.
Səfir Ş.Abdullayev Azərbaycanın sürətli iqtisadı inkişafı və müstəqilliyini əldə etdikdən bəri əldə etdiyi nailiyyətlər barəsində məlumat vermiş, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, ATƏT-in Minsk Qrupunun fəaliyyəti, danışıqlar prosesi və Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyə toxunaraq, tarixən təcavüz və işğal ilə üzləşən Afrika dövlətlərini Azərbaycanın ədalətli mövqeyini yaxından dəstəkləməyə çağırıb.
Etimadnamənin təqdim olunması mərasimi və aparılmış müzakirələrdən sonra, Afrika İttifaqının binası, Münaqişələrin idarə olunması və Situasiya mərkəzi ilə tanışlıq həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB