Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından və dost ölkədə əsas investorlarından biridir

Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından və dost ölkədə əsas investorlarından biridir

Azərbaycan və Gürcüstan irimiqyaslı enerji və nəqliyyat layihələri ilə Asiya və Avropanı birləşdirir və Avrasiya qitəsində nəqliyyat mərkəzi rolunda çıxış edirlər

Azərbaycanla Gürcüstan arasında əlaqələr strateji əhəmiyyət daşımaqdadır. Xüsusilə, iqtisadi əməkdaşlığın siyasi əlaqələrə də fon verdiyini, iki ölkə arasındakı münasibətlərin təməlini təşkil etdiyini vurğulamaq mümkündür. Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından və dost ölkədə əsas investorlarından biridir. Bu mənada, Azərbaycan şirkətləri Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasındadır. Bundan başqa, həyata keçirdiyi irimiqyaslı enerji layihələri - Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, "Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi ilə yanaşı, Gürcüstanın tranzit imkanlarının reallaşdırılmasıdır.
Bakı-Tbilisi-Qars dəmir yolu iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verməkdir. Məsələ burasındadır ki, qitələri birləşdirən bu dəmir yolu Azərbaycanla bərabər, Gürcüstanın da tranzit potensialını böyük dərəcədə genişləndirir. Bu dəmir yolu ilə göndərilən yüklərin həcmində müşahidə edilən artım bu potensialı gəlirə çevirməklə yanaşı, onların geosiyasi əhəmiyyətini də artırmaqdadır. Nəticədə, Azərbaycan və Gürcüstan irimiqyaslı enerji və nəqliyyat layihələri ilə Asiya və Avropanı birləşdirir və Avrasiya qitəsində nəqliyyat mərkəzi rolunda çıxış edirlər.
Azərbaycan və Gürcüstan, eyni zamanda, hər zaman bir-birilərinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyib, hər iki ölkə ərazi bütövlüyünün pozulmasından əziyyət çəkir. Son bir əsrdə hər iki ölkə eyni yolu keçib və indiyədək də işğaldan əziyyət çəkir. Bu baxımdan, Gürcüstan da Azərbaycan kimi ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparmaqdadır, məsələnin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirməkdədir.
Səfər çərçivəsində Gürcüstan Prezidenti, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini açıq şəkildə bəyan edib. "Münaqişələr və ərazi bütövlüyünün pozulması hər iki ölkənin faciəsi" olduğunu bildirən Gürcüstan Prezidentinin işğal faktından əziyyət çəkən ölkənin rəhbəri kimi Azərbaycanın da bu prosesdə uzun illərdən bəri hansı çətinliklərə məruz qaldığını anladığı aydın şəkildə məlum olur. "Arzu edirəm ki, birgə səylərimizlə, böyük və yaxud kiçik qonşularımızın müsbət yanaşmaları ilə ölkələrimizin ərazi bütövlüyünə nail olaq" deyən Salome Zurabişvilinin sülhün və sabitliyin qorunub-saxlanılmasının da əsas şərt olduğunu vurğulaması Azərbaycan kimi Gürcüstanın da regionda əmin-amanlığın hökm sürməsində maraqlı olmasının göstəricisi hesab edilə bilər. Elə bunun göstəricisidir ki, ərazisində işğalın olmasına baxmayaraq, Azərbaycan kimi Gürcüstan da bu gün sabitlik adasıdır.
Bu, həmçinin, onu deməyə imkan verir ki, Azərbaycan-Gürcüstan əlaqələrinə xələl gətirməyə cəhd göstərən tərəflər heç zaman öz məqsədlərinə nail ola bilməyəcəklər. Məsələ burasındadır ki, bu gün hər iki ölkəni tarixi və coğrafi amillərlə yanaşı, qarşılıqlı maraqlara əsaslanan iqtisadi əlaqələr də sıx şəkildə birləşdirməkdədir. Bütün bunların fonunda, Azərbaycan-Gürcüstanın dostluğu və tərəfdaşlığı regional sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.
Bundan başqa, iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları, mədəni-humanitar əlaqələrin daha da inkişafı üçün böyük imkanlar var və onların reallaşdırılması Azərbaycan-Gürcüstan əlaqələrini daha da gücləndirəcək. Məsələ, həmçinin, ondadır ki, Gürcüstan Prezidentinin təhsil və mədəniyyət sahəsində əlaqələrin kifayət qədər olmamasını vurğulaması qarşı tərəfin bu sahədə səyləri artırmaqda maraqlı olmasından xəbər verir: "Biz istərdik ki, insani münasibətlər hər iki tərəfdən daha da fəallaşsın. Bu, bizim qərarlardan asılı olacaq. Biz istəyirik ki, Gürcüstanda Azərbaycan mədəniyyət günləri keçirilsin və Batumidə artıq planlaşdırılıb. Biz buna mütəmadi forma verməliyik və müxtəlif sahələrdəki əlaqələrimiz mədəniyyət sahəsində də fəallaşmalıdır".
Azərbaycan və Gürcüstan çoxkonfessiyalı dövlətlərdir. Regionda mövcud olan monoetnik dövlətdən-Ermənsitandan fərqli olaraq, Azərbaycan və Gürcüstanın tolerantlıq ənənələrinin dünya üçün örnəkdir. Bunun müqabilində Azərbaycanda yaşayan gürcülərin və Gürcüstanda yaşayan azərbaycanlıların iki ölkənin əlaqələrinin inkişafı üçün çox önəmli rol oynadığını bildirən Prezident İlham Əliyev mətbuata bəyanatında bunun Azərbaycan və Gürcüstanın bugünkü və gələcək inkişafı üçün çox önəmli amil olduğunu diqqətə çatdırıb. Bundan başqa, hazırda Azərbaycan və Gürcüstan arasında olan ikitərəfli əməkdaşlıq Azərbaycan-Gürcüstan-Türkiyə formatında üçtərəfli əsasda da uğurla davam edir. Bu, özünü istər iqtisadi, istərsə də hərbi-siyasi məsələlərdə büruzə verir.
Bir sözlə, Gürcüstan Prezidentinin xarici ölkələrə səfər proqramı çərçivəsində region ölkələri sırasında ilk səfərinin Azərbaycana etməsi, ilk növbədə, ölkəmizə olan maraqdan irəli gəldiyini demək mümkündür. Həmçinin, onu da demək mümkündür ki, Salome Zurabişvili sələflərindən fərqli olaraq, iki ölkə arasındakı əlaqələri təkcə iqtisadi müstəvidə deyil, digər müstəvilərdə də inkişaf etdirməkdə maraqlıdır. Bu isə, iki ölkə arasında münasibətlərə töhfə verməklə, onun təkcə iqtisadi maraqlardan ibarət olmadığını sübut etməyə imkan verəcək. Səfər çərçivəsində Azərbaycan və Gürcüstan prezidentlərinin nitqləri, onu deməyə imkan verir ki, bunun üçün hər iki tərəfdə müxtəlif sahələrdə əməkdaşlıqda böyük perspektivlər, ən əsası isə güclü siyasi iradə var.

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə