Qusarda Gənclər Günü qeyd olunub

Qusarda Gənclər Günü qeyd olunub

YAP Qusar rayon təşkilatı rayon Heydər Əliyev Mərkəzi ilə birgə 2 Fevral Gənclər Gününə həsr olunmuş tədbiri keçirib.

Tədbiri giriş sözü ilə YAP Siyasi Şuranın üzvü, rayon təşkilatının sədri David İbramxəlilov açaraq, Ümummilli Lider Heydər Əliyev tərəfindən ölkədə dövlət-gənclər siyasətinin əsasının qoyulduğunu qeyd edib: "Ulu Öndərin 1997-ci ildə imzaladığı Fərmana əsasən, 2 Fevral Azərbaycan Gənclər Günü elan edilib. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb".
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova, fəal gənc Lalə Sadirova çıxış edərək, bu gün dövlət- gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyni diqqətə çatdırıblar. Qeyd olunub ki, gənclərimiz yüksək dövlət qayğısı ilə əhatə olunublar. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynamaqla bərabər, dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və digər sahələrdə təmsil olunaraq, cəmiyyətin inkişafına öz töhfələrini verirlər.
Tədbirə dəvət olunmuş əməkdar jurnalist, "Qusar" qəzetinin baş redaktoru Vidadi Sevzixanov, əməkdar müəllim, şəhər 2 saylı tam orta məktəbin direktoru Dilşad Şinğarova, əməkdar müəllim Səlimə Nurəddinova, sahibkar Jalə Əmirbəyova və digərləri çıxışlarında gənclərə tövsiyyələrini verib, onları maraqlandıran sualları cavablandırıblar.
Tədbirin sonunda rayonun istedadlı gənclərinin ifasında musiqi nömrələri dinlənilib və "Gəncliyin səsi" video-təqdimata baxış keçirilib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə