Şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısı artır

Şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısı artır


İlham Əliyev: "Bizim üçün Azərbaycan vətəndaşlarının rifahı, onların dolanışığı başlıca vəzifədir"

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə dövlət başçısı tərəfindən həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər sosial qruplar kimi, əlillərin və şəhid ailələrinin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradıb. Şəhid ailələrinə diqqət və qayğının davamı olaraq, Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı məlum Fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə, ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə Fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilir. Bu Fərman Azərbaycan vətəndaşına, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını qurban vermiş, sağlamlığını itirmiş insanlara olan münasibətin bir göstəricisidir. Prezident İlham Əliyev 2018-ci ilin aprel ayında keçirilən növbəti prezident seçkilərdən sonra belə bir Fərman imzalamaqla, bir daha göstərdi ki, ölkəmizdə şəhidlərə və onların ailələrinə, Qarabağ veteranlarına olan münasibət dövlətimizin məqsədyönlü, düşünülmüş və ardıcıl siyasətidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşü zamanı çıxışında bildirdiyi kimi, bu Fərman əsasında 10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulur: "Mən heç bir ölkə ilə Azərbaycanı müqayisə etmək istəmirəm, ancaq bu da həqiqətdir ki, Azərbaycan bir çox ölkələrə bu sahədə nümunə göstərir". Məlumdur ki, artıq ödəmə prosesi başlanıb. 3 mindən çox şəhid ailəsi 11 min manatı alıb. Cənab Prezident diqqətə çatdırıb ki, ancaq bu proses zamanı məlum oldu ki, vaxtilə müavinəti alan vətəndaşların aldıqları məbləğ bu gün verilən məbləğlə üst-üstə düşmür. Yəni o illərdə - 1990-cı illərin əvvəllərində rəqəm böyük olsa da, - o vaxt 50 min manat nəzərdə tutulurdu, - ancaq o vaxtın 50 min manatı bu günün 11 min manatı ilə heç də müqayisə oluna bilməz: "Mən bu məsələ ilə bağlı ictimaiyyətə öz fikrimi bildirdim. Bildirdim ki, bu məsələ ciddi araşdırılmalıdır və burada iki əsas amil üstünlük təşkil etməlidir: qanun və ədalət. Bir tərəfdən, vaxtilə bu müavinəti alan vətəndaşlar bu siyahıya daxil edilməməlidir, bunu qanun və qaydalar tələb edir. Digər tərəfdən, biz bütün məsələləri ədalətli həll etməliyik, bütün məsələlərə sosial ədalət prizmasından yanaşmalıyıq".

"MƏN BİR DAHA DEMƏK İSTƏYİRƏM Kİ, BUNDAN SONRA DA VƏTƏNDAŞLARIN SOSİAL MƏSƏLƏLƏRİ DAİM DİQQƏT MƏRKƏZİNDƏ OLACAQ"



Dövlət başçısı "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Dövlətimizin başçısının növbəti humanist təşəbbüsü olan bu Fərman əsasında 11 min manatı alacaq vətəndaşların sayı 2725 nəfər artırılıb. Onların içərisində, təbii ki, vaxtilə müavinəti az məbləğdə alan vətəndaşlardır və ümumiyyətlə, siyahıya düşməyən daxili işlər orqanları şəhid ailələrinin nümayəndələridir, onların da sayı 460-dan çoxdur. Bu, dövlət başçısının siyasətinin əsasında ölkənin hər bir vətəndaşına münasibətdə ədalət və humanizm prinsipləri dayandığını bir daha təsdiqləmiş oldu. Prezident bildirib ki, bu, böyük vəsait tələb edir. Bu proqramın icrası üçün dövlət büdcəsindən, ümumilikdə, 135 milyon manat vəsait nəzərdə tutulur. Bunun kifayət qədər böyük məbləğ tələb etməsinə baxmayaraq, Prezidentin qeyd etdiyi kimi, bizim üçün Azərbaycan vətəndaşlarının rifahı, onların dolanışığı başlıca vəzifədir: "Mən bir daha demək istəyirəm ki, bundan sonra da vətəndaşların sosial məsələləri daim diqqət mərkəzində olacaq".

"BİR DƏNƏ DƏ ŞƏHİD AİLƏSİ QALMAYACAQ Kİ, DÖVLƏT ONA EV VƏ YA MƏNZİL VERMƏSİN"

Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi bu diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən, müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır.
Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam edir. Şəhid ailələrinə ayrılan diqqətin nəticəsidir ki, bu gün onlar, eyni zamanda, mənzillərlə də təmin olunurlar. "Təkcə keçən il 626 şəhid ailəsinə yeni mənzillər, yeni evlər verilmişdir" – deyən Cənab Prezident bu il əlavə 800 şəhid ailəsinə yeni mənzillər, evlər veriləcəyini bildirib: "Növbəti bir neçə il ərzində bütün şəhid ailələri evlərlə, mənzillərlə təmin ediləcəklər. Bir dənə də şəhid ailəsi qalmayacaq ki, dövlət ona ev və ya mənzil verməsin. Bu, bizim siyasətimizdir, bu, bizim yolumuzdur, biz bu yolu gedirik".
Cəmiyyətimizin həssas təbəqəsi olan vətəndaşlara dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir. Məlumdur ki, dövlət başçısının göstərişinə əsasən, məcburi köçkünlər üçün son illər ərzində yüzdən çox şəhərcik və qəsəbə tikilmişdir. Ötən il 5900 məcburi köçkünə mənzillər, fərdi evlər verilmişdir. Cənab Prezident bildirib ki, bu proses bu il də davam etdiriləcək: "Şəhid ailələrinə dövlət tərəfindən dəstək göstərilir. Bu günə qədər 6650 şəhid ailəsinə dövlət tərəfindən mənzillər, evlər, 6 mindən çox şəhid ailəsinə minik avtomobilləri verilmişdir. Yəni bu, dövlətimizin şəhid ailələrinə olan münasibətinin təzahürüdür. Mən bilmirəm, hansı başqa ölkədə öz vətəndaşlarına, ağır vəziyyətdə yaşayan vətəndaşlara, yaxınlarını itirmiş vətəndaşlara bu qədər diqqət, bu qədər qayğı göstərilsin".
Şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Şəhid ailələrinə və müharibə əlillərinə, milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da, şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə